EN

AzMİU tələbələri “Design Together with BIM” müsabiqəsində - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri Türkiyənin İstanbul Texnik Universitetində (İTÜ) təşkil olunan “Design Together with BIM” adlı beynəlxalq yarışda iştirak ediblər.

"Unikal" xəbər verir ki, səfər TEC-in təşkilatçılığı ilə həyata keçirilib, komandaya AzMİU-nun Materialşünaslıq kafedrasının müdiri, professor İradə Şirinzadə və TEC sədri Günel İmamquliyeva rəhbərlik edib. 

Yarışda AzMİU-nun İnşaat fakültəsindən 6, Memarlıq fakültəsindən 5 və Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsindən 5 tələbə olmaqla, ümumilikdə 16 tələbə iştirak edib. Komandalar 5 fərqli qrupla müsabiqəyə qatılıblar.

Yarışda AzMİU ilə yanaşı Rusiya, Albaniya və İranın universitetlərindən komandalar iştirak ediblər. Dörd gün davam edən yarış tələbələr üçün BIM (Building Information Modeling) sistemi üzrə nəzəri və praktiki biliklərin öyrənilməsi, dizayn tapşırıqlarının icrası, eləcə də müxtəlif texniki səfərlərdən ibarət olub:

• I gün (14 dekabr): BIM sisteminə dair dəyərli memarlar və mühəndislərin təqdimatları ilə BIM Zirvə görüşü keçirilib.

• II gün (15 dekabr): Təcrübəli təlimçilər tərəfindən Revit Architecture, Naviswork və Dynamo proqramları üzrə dərslər təşkil olunub.

• III gün (16 dekabr): BIM Zirvəsi və təlimlərdən sonra tələbələr texniki səfərlərdə iştirak edib, komandalar arasında dizayn tapşırıqları həll edilib. Yarışın nəticələrinə görə AzMİU tələbələri II yeri tutublar.

• IV gün (17 dekabr): BIM Collab Pro, Revit Forma və BEP (BIM Execution Plan) üzrə dərslər keçirilib.

Növbəti mərhələdə tələbələrə layihələr təqdim edilib və həmin layihələrin qiymətləndirilməsi 2025-ci ilin mart ayında İTÜ-də keçiriləcək konvensiyada jürilər tərəfindən həyata keçiriləcək.

Bundan əlavə səfər çərçivəsində AzMİU-nun nümayəndələri İTÜ-nün İnşaat və Memarlıq fakültələrinin laboratoriyaları ilə tanış olub. 

Qeyd edək ki, səfər AzMİU tələbələrinin beynəlxalq səviyyədə təmsil olunması və BIM sistemləri üzrə biliklərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Chosen
11
unikal.az

1Sources