Türkiyənin müxalif Gələcək Partiyasının millət vəkili Mustafa Nədim Yamalı partiyasından istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə sosial media hesabında məlumat verib.
“Yarandığı gündən fəaliyyət göstərdiyim Gələcək Partiyasının üzvü kimi bu gündən istefa verirəm. Fəaliyyətim zamanı göstərdiyi dəstəyə görə sədrim cənab Əhməd Davudoğluna təşəkkür edirəm və partiyadakı bütün dostlarıma uğurlar arzulayıram”, - Yamalı vurğulayıb.
İstefasının ardından onun hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olacağı ilə bağlı məlumat yayılıb.
AKP Ali Məclisinin üzvü Sinan Burhan məlumatı təsdiqləyib:
“Gələcək Partiyasından istefa verən Nədim Yamalı sabah AKP-nin fraksiya toplantısına qatılacaq. Prezident Rəcəb Tayyib Ərdoğan AKP nişanını taxacaq”.
Qeyd edək ki, Gələcək Partiyasının sədri, sabiq baş nazir Əhməd Davudoğlunun özünün AKP-yə qayıdacağı ilə bağlı da iddia var. Sabiq baş nazir bundan əvvəl vaxtilə üzvü olduğu AKP-dən heç vaxt qopmadığını açıqlayıb.
“Prezident Ərdoğan çağırarsa, gedərəm”, - Davudoğlu qeyd edib.