EN

Xameneinin viran qalmış “Müqavimət oxu” – “İtirən Rusiya ilə İran oldu”

“İranın ali dini lider Ayətullah Seyid Əli Xameneinin bu çıxışı müqavimət hərəkatına olan ümidlərin sarsılmaması və İranın artıq gücdən düşmüş bir dövlət olmadığı təsəvvürünü yaratmaq məqsədilə səsləndirilmiş bir bəyanat kimi görünür. Məqsəd həm daxili, həm də beynəlxalq auditoriyaya göstərməkdir ki, İran hələ də müqavimət hərəkatının, daha dəqiq desək, ““Müqavimət oxu””nun başında dayanır və tam gücü ilə fəaliyyətini davam etdirir. Amma reallıqlar bunun əksini söyləyir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Analitik İranın ali dini lider Ayətullah Seyid Əli Xameneinin İraqdakı müqavimət cəbhəsinin Suriyadakı yeni müvəqqəti hökuməti devirmək üçün ayağa qalxması barədə söylədiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, İraqın ali dini lideri, Nəcəf şiə məktəbinin rəhbəri Ayətullah Seyid Əli Hüseyni Sistani bütün İraq şiələrinin və dövlətin siyasi proseslərə müdaxiləsini qadağan edib və Suriyanın daxili işlərinə qarışmamağa çağırıb.

S. Zahidov söyləyib ki, İranın Yaxın və Orta Şərqdə rəhbərlik etdiyi ““Müqavimət oxu””, xüsusilə son bir ildə kifayət qədər sarsılıb:

“Əvvəlcə İsrailin Qəzzada keçirdiyi əməliyyatların nəticəsində həm İslam Cihadı təşkilatının, həm də digər təmasların xeyli zəifləməsi müşahidə olundu. Daha sonra “Hizbullah”ın, xüsusilə də onun lideri Həsən Nəsrullahın öldürülməsi bu təşkilatın dağılmasına səbəb oldu. Nəhayət, “Müqavimət oxu”nun əsas sütunlarından biri sayılan Bəşər Əsəd rejiminin devrilməsi vəziyyəti daha da çətinləşdirdi”.

Siyasi təhlilçi düşünür ki, bu proseslər İranın Yaxın və Orta Şərqdəki təsir dairəsini ciddi şəkildə zəiflədib və “Müqavimət oxu”nu əhəmiyyətli dərəcədə sarsıdıb:

“Bu səbəbdən, Xameneinin bu çıxışının hər hansı ciddi dəyişiklik yaradacağına inanmıram. “Müqavimət oxu”nun bəzi qrupları, xüsusilə İraqda fəaliyyət göstərən “Hərəkat əl-Nücaba”, “Kətaib Hizbullah”ı və “Bədir” təşkilatları kimi proksiləri İranın Qüds qüvvələri tərəfindən dəstəklənsə də, onların fəaliyyəti də artıq məhdudlaşmağa başlayıb. Bugünkü məlumatlara əsasən, “Hərəkat əl-Nucaba” ilə İraq Baş naziri Məhəmməd Şiə Əl-Sudani arasında razılıq əldə edilib ki, bu qüvvələr İsrailə qarşı hücumları dayandırsın. Bu isə İraqda İranın proksilərinin fəaliyyətinin zəifləməsi və məhdudlaşdırılması deməkdir. Nəticədə, bundan İsrail, indiki geosiyasi konfiqurasiyada Türkiyə və müəyyən mənada ABŞ faydalanmış oldu. İtirən isə Rusiya ilə İrandır”.

Rafi Müslümov

Chosen
6
yenicag.az

1Sources