EN

“Neftçi”də çalışan baş məşqçi: “Köklü dəyişiklik olmayacaq”

Sportinfo.az xəbər verir ki, Əvəzedicilər Liqasında qış fasiləsinə lider kimi yollanan “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev “report”a müsahibə verib.

Ötən il bu komandanı çempionluğa daşıyan mütəxəssis rəhbərlik etdiyi kollektivin qış fasiləsinə qədər olan hissəsindəki oyununu dəyərləndirib, həmçinin qarşıdakı planlardan danışıb.

R.Abdullayev “Neftçi”nin əsas komandasının Premyer Liqadakı durumuna da toxunub. O, həmçinin ölkənin əsas çempionatında mübarizə ilə bağlı düşüncələrini də bölüşüb.

- Mövsümün qış fasiləsinə qədər olan hissəsində “Neftçi-2”nin çıxışını necə dəyərləndirirsiniz?

- Komanda çempionata yaxşı hazırlaşmışdı. Düzdür, ötənilki heyətə baxanda çatışmazlıqlar var idi. Çünki kollektivi tərk edən, həmçinin əsas komandaya qoşulan oyunçularımız var idi. Buna baxmayaraq, yaxşı hazırlıq keçdik. Çalışırdıq bu il də həm nəticə qazanaq, həm də uşaqlar inkişaf etsin. İlk turlardan komandamızın həvəsli olduğu görünürdü. Keçirdiyimiz 18 oyunun 12-də qələbə qazanıb, dördündə heç-heçə edib, ikisində məğlub olmuşuq. Yuxarı pillədə olmaqla yanaşı, uşaqların inkişaf etdiyini də gördük. Komandanın qışa qədər olan çıxışını yaxşı dəyərləndirərdim.

- Mövsümə yenilənmiş heyətlə başladığınızı vurğuladınız. Buna rəğmən, komanda turnir cədvəlində liderdir…

- Başlanğıcda oyun planında çox əziyyət çəkirdik. Baxmayaraq ki, əvvəlki heyətdən bir neçə nəfəri saxlamışdıq və yeniləri onların ətrafında toplamışdıq. Artıq üçüncü ildir “Neftçi”nin əvəzedicilərindəyəm. Həmişə intizamlı komanda yaratmağa çalışmışıq. Belədə istər-istəməz nəticə də gələcək. Düşünürdük ki, bu il turnir cədvəlinin yuxarı pillələrində olmaqda çətinlik çəkəcəyik. Sonradan startegiyanı ortaya qoyduq və yenilər də kollektivə uyğunlaşdı. Komandanı formalaşdırmaq uzun müddət tələb edir. Biz bu yolu daha tez keçdik. Narazı qaldığımız məqamlar da var. Məşqçi kimi heç də həmişə razı qalmırıq. Uşaqlar əllərindən gələni, hətta daha artığını edirlər. Ona görə də razıyıq.

- Görünən odur ki, əsas rəqibiniz “Turan Tovuz”dur. Ümumiyyətlə, “Sabah-2”nin xal baxımından xeyli geridə olduğunu da nəzərə alsaq, cari mövsüm yalnız “Neftçi-2” və “Turan Tovuz-2”ni çempionluğa əsas namizəd hesab etmək mümkündür?

- Üç xallıq sistemdir. Bəzən komandalar heç-heçə edir, məğlub olur. Belədə digər rəqiblər onlara yaxınlaşır. Məsələn, “Sabah-2” yavaş-yavaş bizə yaxınlaşıb. Həmçinin “Qarabağ-2” haqqında da eyni sözləri demək olar. Açığı, “Turan Tovuz”un bizə çox yaxın olacağını düşünmürdük. Üstünlükləri də budur ki, hər oyunda əsas komandadan əvəzedicilərə 4 futbolçu verilir. Protokollara baxanda bunu aydın görmək olur. Bu da “Turan Tovuz” üçün yaxşı haldır. Amma bu o demək deyil ki, “Turan Tovuz” həmişə ən yaxın rəqib olacaq. Çempionatda xüsusən də mart, aprel və may ayları çox çətin keçir. İntizamlı komanda qurulmalıdır ki, finişə istədiyin şəkildə çatasan. Ona görə də indidən kimin çempionluq uğrunda mübarizə aparacağını demək olmaz.

- Oyunlar zamanı “Neftçi”nin əsas komandasından futbolçular göndərilir?

- Bəli, zaman-zaman göndərilir. Əsasən gəncləri götürürük. Əsas komanadada az şans qazananlar əvəzedicilərə göndərilir. Onsuz da iş prinsip belədir. Əsas heyətdə kifayət qədər oynamağa imkan tapmayan futbolçular ikinci komandaya gəlir. Şans qazanmaq istəyən futbolçuları dəvət edirik. İşimizi eyni qaydada davam etdirməyə çalışacağıq.

- Bu il “Neftçi”nin əsas komandasına neçə futbolçu vermisiniz?

- Ağadadaş Salyanski ilə Murad Məmmədov əsas komandaya qatıldılar. Amma həmişə 4-5 futbolçumuz məşqlərdə iştirak edir. Muradın oyunlarının şahidi oldunuz. Daha çox şans qazandı. Qol vurdu, məhsuldar ötürmə verdi və özünü yaxşı tərəfdən göstərdi. İlin əvvəlindən bu futbolçular bizimlə məşq edirdilər. Samir Abasov gələndən sonra Murada daha çox üstünlük verdi. Əsas heyətdə şans qazanır. Bu da bizi çox sevindirir. Murad 4 ildir - 16 yaşından mənim yanımdadır. U-19 komandasında çalışanda onu heyətə götürmüşdüm. Digərləri kimi, o da bacarıqlı oyunçudur. Futbolda verilən şansı dəyərləndirməlisən. Çünki ikinci dəfə o imkanı qazanmaya bilərsən.

- Əvəzedicilərin çempionatında ötən mövsümlə müqayisədə keyfiyyət artıb?

- Maraqlı çempionat gedir. Kiminsə aşkar lider olduğu bilinmir. Ötən il qış fasiləsinə ən yaxın rəqibimizdən 7 xal öndə getdik. Bu il isə rəqiblərin bir-birindən üstün olmadığı görünür. Məsələn, “Səbail”lə ev oyunumuzda xal itirdik. Turnir cədvəlinə baxıb, kiminsə mütləq qalib gələcəyini demək olmaz. Sən daha hazırlıqlı ola və qol vəziyyətlərini düzgün dəyərləndirib qalib gələ bilərsən. Amma hansısa rəqibin digərindən səviyyəcə çox aşağı olduğu görünmür. Gərgin oyunlar gedir. Builki çempionatdan xoşum gəldi. Rəqiblər bir-birilərinə qarşı çox yaxşı hazırlaşırlar. Ola bilər, bu gün futbolçulardan istədiyin keyfiyyəti ala bilməyəsən. Ustalıq səviyyəsi aşağı ola bilər, çünki 18-19 yaşları var. Elə yaşdadırlar ki, onlarda qələbə ruhu formalaşdırmalı, iradəli və əzmkar futbolçu kimi yetişdirməliyik. Çünki gələcəkdə bizə əsasən bu futbolçuların əzmkarlığı lazım olacaq. Təcrübə, ustalıq da yavaş-yavaş gələcək. Bir qədər böyüdükdən sonra artıq futbolçulardan bunları da istəyəcəyik. Milliyə də əzmkar futbolçular lazımdır. Şəxsən bu cəhətdən komandamdan razıyam.

- Qış fasiləsi ilə bağlı planlarınız necədir? Hansı yeniliklər gözlənilir?

- Köklü dəyişiklik olmayacaq. Heyəti quranda çalışırıq ki, daim aşağı yaş qruplarından futbolçular götürək və öz yetirmələrimizlə irəli gedək. Bu il zədəlilərimizin sayı çox oldu. Problem yaşadığımız üçün kənardan futbolçular dəvət etdik. Hansı ki, indiyə qədər bizdə belə bir hal yaşanmamışdı. Bəzən futbolçumuzun durduğu yerdə ayağı burxulurdu, yaxud çiyni çıxırdı. Oyuna 12-13 nəfərlə hazırlaşdığımız vaxt da olub. Bir-iki nəfər dəvət etməyimiz mümkündür. Bilirsiniz ki, vaxt azdır, çempionat yanvarın 18-də qaldığı yerdən davam edəcək. Yəqin ki, yanvarın əvvəlində təlim-məşq toplanışına yığışacağıq. Bu səbəbdən kənardan bir neçə futbolçu gətirməyi düşünürük.

- “Neftçi”nin əsas komandası Premyer Liqada heç də yaxşı günlərini yaşamır. Samir Abasov gəldikdən sonra hansı fərqlər hiss olunur?

- Əsas komanda haqqında çox danışmaq istəmirəm. Çünki tam başqa səviyyədir. Əvəzedicilərin çempionatı ilə Premyer Liqa arasında böyük fərq var. Bu yarışın da öz çətinlikləri var. Həmişə əsas komandaya kömək etməyə hazırıq. Yəqin ki, qış fasiləsindən sonra “Neftçi”də yaxşı mənada dəyişikliklər görərik. Onlara uğurlar arzulayıram. Əsas komandanın işi yaxşı olanda, bu, bizə də təsir edir. İstənilən halda, Samir Abasov əvəzediciləri həmişə diqqətdə saxlayır. Futbolçularımız həmişə əsas komandanın məşqində iştirak edirlər. Bu da bizim üçün yaxşı haldır.

- Misli Premyer Liqasının cari mövsümü haqqında fikirləriniz necədir? Sizcə, ilk 4 komanda sona qədər mübarizə aparacaq, yoxsa yenə də “Qarabağ” çempionluğu rahat qeyd edəcək?

- Bu il “Araz-Naxçıvan” “Qarabağ”a yaxınlaşmaq istədi. Amma reallıq var, şablon da çıxsa, deyim ki, “Qarabağ”ın oturuşmuş heyəti var. Eyni sistemlə də davam edirlər. Mən də futbolçu olmuşam. Bizim vaxtımızda həmişə böyük rəqabət gedirdi. Birinci yer uğrunda 7-8 komanda mübarizə aparırdı. İstədiyimiz də budur ki, həmişə Premyer Liqada gərgin mübarizə getsin. Düşünürəm ki, qış fasiləsindən sonra daha gərgin mübarizə görəcəyik. Sonuncu yerdə olan komanda sürpriz edə bilər. Bunu ötən turda da gördük. “Şamaxı” evdə “Sabah”ı məğlub etdi. Belə həyəcanı izləmək bizim üçün də yaxşıdır. Azarkeşlərə, hər kəsə xoşdur. Düşünürəm ki, III və IV dövrə daha maraqlı keçəcək.

- Ümumiyyətlə, cari çempionatda ötənilki ilə müqayisədə hansı fərqliliklər var?

- Məşqçilər öz bilik və bacarıqlarını nə qədər ortaya qoysalar da, futbolçulardan çox şey asılıdır. Üzərində işlədiyimiz futbolçuları elə yetişdirməyə çalşırıq ki, ustalıq səviyyələri ilə seçilsinlər. Sonra avrokuboklara vəsiqə qazananda problem yaşamasınlar. Şəxsən oyunları bəyənirəm, maraqlıdır. Kənardan baxanda hələ ki, çempionatımızı yaxşı qiymətləndirmək olar.

Chosen
49
sportinfo.az

1Sources