EN

Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik"


Aktauda qəzaya uğrayan AZAl-a məxsus sərnişin təyyarəsində olan Mahir Carayevin atası oğlunun sağ olduğunu bu gün öyrənib.

News24.az "Report"a istinadən xəbər verir ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə olan, hadisə zamanı xəsarət alan Mahir Carayev bu gün axşam saatlarında xüsusi reyslə Azərbaycana gətiriləcək.

Mahir Carayevin atası, Zaqatala rayonunun Danaçı kənd sakini Əsədullah Carayev "Report"un yerli bürosuna bildirib ki, oğlu ailəsi ilə birlikdə Çeçenistanda yaşayıb:

“Oğlum tez-tez Danaçı kəndinə gələrək bizə baş çəkərdi. Hadisə növbəti dəfə geri qayıdarkən baş verib. Mənə axşama kimi heç bir xəbər verməyiblər, gizlədiblər məndən. Axşam oğlumun uçduğu təyyarənin qəzaya uğradığını öyrəndim. Onun sağ qaldığını bu gün bildik. O, hazırda reanimasiyadadır".

Carayevlər ailəsinin yaxın qohumu Asiyət Laçınova bildirib ki, dekabrın 25-də Mahirin ölüm xəbərini alıblar. Bu gün isə evə edilən bir zəng onların ürəyini rahatladıb.

"Çox həyəcan keçirdik, qorxduq, amma Mahirin sağ qalma xəbərini alıb sevindik. Kaş ki hamıya bizim kimi o şad xəbərdən veriləydi. Allah qəzada həlak olanlara ölənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirəm"

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 10-u Zaqatala rayonundan olub.

Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.


Chosen
8
23
news24.az

10Sources