EN

Təyyarə qəzasında öldüyü deyilən Zaqatala sakininin atası: “Onun sağ qaldığını bu gün öyrəndik”

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan Mahir Carayevin atası oğlunun sağ olduğunu bu gün öyrənib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə olan və hadisə zamanı xəsarət alan Mahir Carayev xüsusi reyslə Azərbaycana gətirilib.

Mahir Carayevin atası, Zaqatala rayonunun Danaçı kənd sakini Əsədullah Carayev bildirib ki, oğlu ailəsi ilə birlikdə Çeçenistanda yaşayıb:

“Oğlum tez-tez Danaçı kəndinə gələrək bizə baş çəkərdi. Hadisə növbəti dəfə geri qayıdarkən baş verib. Mənə axşama kimi heç bir xəbər verməyiblər, gizlədiblər məndən. Axşam oğlumun uçduğu təyyarənin qəzaya uğradığını öyrəndim. Onun sağ qaldığını bu gün bildik. O, hazırda reanimasiyadadır”.

Carayevlər ailəsinin yaxın qohumu Asiyət Laçınova bildirib ki, dekabrın 25-də Mahirin ölüm xəbərini alıblar. Bu gün isə evə edilən bir zəng onların ürəyini rahatladıb:

“Çox həyəcan keçirdik, qorxduq, amma Mahirin sağ qalma xəbərini alıb sevindik. Kaş ki hamıya bizim kimi o şad xəbərdən veriləydi. Allah qəzada həlak olanlara rəhmət eləsin. Yaralılara şəfa diləyirəm!”

Chosen
4
23
yenicag.az

10Sources