EN

Rusiya Qroznıda öz əli ilə özünə elə bir zərbə vurdu ki…

İndi Rusiyanın özü də bir dövlət kimi artıq kontrolunu itirib. Azərbaycanın mülki təyyarəsinin onun ərazisində vurulması Rusiyanın beynəlxalq imicinə özünün vurduğu ən böyük zərbədir.

Bunu üzr istəməklə düzəldə bilməz.

Artıq bütün dünya gördü ki, Rusiya çaşqınlıq içərisindədir, müdafiə xətti asanlıqla pozula bilir, hava hücumundan müdafiəni belə düzgün qura bilmir.

Vurduğu təyyarədəki çarəsiz insanları yardımdan məhrum etməsini bütün dünya gördü. Bunu rus xalqı da görür hər halda.

Bu durum rus xalqının vicdanına, ruh halına təsirsiz ötüşə bilməz. Çünki yardıma ehtiyacı olan insana əl uzatmamaq, onu hətta bilərəkdən ölümün ağuşuna atmaq heç ortaçağ insanının təfəkküründə də olmayıb bəlkə.

Bu gün Rusiya çalışır ki, bu dəhşətli faciəni ört-basdır etsin, uzaqbaşı Çeçenistan rəhbərliyinin səhv qərarı kimi təqdim etsin.

Ola bilər ki, Çeçenistan hərbi rəhbərliyi yanlışlıqla təyyarəmizi vurub, bunu anlayışla qəbul etmək olardı. Bu hadisə hansısa hərbiçinin səhv qərarı kimi də yozula bilərdi. Lakin vurulan təyyarənin endirilməsinə icazə verməyən, ona insani yardım etməkdən boyun qaçıran heç kimsəyə, heç bir dövlətə haqq qazandıra bilmərik.

Rusiya iki yüz ildən çoxdur ki, bizim bir millət olaraq faciələrimizin əsas yaradıcısı, ssenaristi və icraçısı olub. Təqvimdəki bütün qara günlər, tariximizdəki acılı, məğlubiyyətli nə varsa, son iki yüz ildə böyük əksəriyyəti Rusiyanın müəllifliyi ilə baş verib. Bunu heç zaman unutmadıq zatən.

Bu da bizə qarşı onların törətdiyi faciələrdən biri olaraq tarixə keçəcək. Bu faciəni də rus xalqının tarixinə və vicdanına yazarıq!

Chosen
16
50
axar.az

10Sources