EN

ABİF sahibkarlığın inkişafına necə dəstək olacaq - fərmanın tələbi

Vüqar Bayramov: “Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi xüsusilə kiçik və orta sahibkarlığın inkişafına müsbət impuls verəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 23-də imzaladığı fərmanlarla Azərbaycan Biznesinin İnkişafı Fondunun(ABİF) nizamnaməsi, həmçinin Fondun vəsaitlərindən istifadə qaydası, Fondun fəaliyyətə başlaması ilə əlaqədar bəzi hüquqi aktlara dəyişikliklər təsdiqlənib. Beləliklə, yaranmasına 3 il əvvəl qərar verilən ABİF 2025-ci il yanvarın 1-dən rəsmən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, ABİF Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ildə imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmana əsasən yaradılır. Fərmanla ABİF İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılır. Fond İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Fond Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

Nizamnaməsinə görə, ABİF Azərbaycanda iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Fondun fəaliyyət istiqamətləri müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; müvəkkil təşkilatlar vasitəsilə və investisiya qoyuluşu formasında Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək; Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin hazırlanmasında iştirak etmək və Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdən ibarətdir.

ABİF-in nizamnamə fondunun məbləği 1 milyard 180 milyon 929 min 648 manat təşkil edir.

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

“Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında”

Prezident fərmanına əsasən ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189 milyon 751 min 707 manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinərək tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilir.

İndiyədək AİS-in funskiyasına daxil olan iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını təmin edən və ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqədar olaraq həyata keçirilən layihələrə investisiya qoyuluşu, o cümlədən bu sahələrdə fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını (səhmlərini) almaqla müddətli investisiya qoyuluşu fəaliyyəti bu Fərmanın 4.2-ci bəndində nəzərdə tutulan normativ hüquqi aktlar(İnvestisiya qoyuluşunun həyata keçirilməsi qaydası, Nazirlər Kabineti dörd ay müddətində təsdiq edib Prezidenti məlumatlandırmalıdır - red.) qüvvəyə minənədək AİS Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası tərəfindən müəyyən edilmiş qaydalarla tənzimlənəcək.

Fərmana əsasən Nazirlər Kabineti sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydasını dörd ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir. Eyni zamanda iqtisadiyyatın tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənməli və nəticəsindən asılı olaraq təkliflərini Prezidentə təqdim etməlidir.

“Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə qaydası”na əsasən Fondun dəstək mexanizmləri aşağıdakı formalarda həyata keçirilir:

- sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə güzəştli kreditlərin verilməsi (yalnız bank və bank olmayan kredit təşkilatları vasitəsilə) və güzəştli şərtlərlə digər maliyyələşdirmə;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyasının verilməsi;

-"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci, 8.1.2-ci və 8.1.5-ci maddələrində göstərilmiş formalarda ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan istiqamətlərdə investisiya qoyuluşu şəklində maliyyələşdirmə.

Attachment

ABİF-in fəaliyyəti Azərbaycanda biznesin inkişafı üçün nələr vəd edir? Sualı cavablandıran iqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, Fondun əsas fəaliyyəti sahibkarlıq sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi, sahibkarlığın təşviq edilməsindən ibarət olacaq: “Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi xüsusilə kiçik və orta sahibkarlığın inkişafına müsbət impuls verəcək. Digər tərəfdən, biznesin götürmüş olduğu kreditlərə dövlət zəmanətini təmin edəcək ki, bu da sahibkarlar üçün əlavə dəstək mexanizmidir. Düşünürəm ki, yenidən təşkilolunma Fondun investisiya fəaliyyəti üçün şərait yaratmaqla, biznesin inkişafına dəstəyin genişləndirilməsi baxımından müsbət dəyişikliyə səbəb olacaq”.

 Hazırladı: Dünya SAKİT

Chosen
10
musavat.com

1Sources