Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatına əsasən, ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın Suriyadakı hərbi bazalarına qarşı terror aktları hazırlayır.
Xarici Kəşfiyyat idarəsinə daxil olan məlumatlara görə, ABŞ-nin hazırkı administrasiyası və Böyük Britaniya rəhbərliyi Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra bu ölkədə vəziyyətin sabitləşməsinə mane olmaq niyyətindədir. "Daha geniş planda onların məqsədi Yaxın Şərqdə xaos vəziyyətini qorumaq və davam etdirməkdir", - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, bildirilib ki, Vaşinqton və London belə bir mühitdə öz geosiyasi məqsədlərinə daha tez çatmaq niyyətindədir, yəni bölgədə uzunmüddətli dominantlıqlarını təmin etmək istəyir.
Bu planların reallaşmasına isə Suriyanın Aralıq dənizi sahilində yerləşən Rusiya hərbi kontingentinin mövcudluğu mane olur. Rusiya hərbi bazaları indiyə qədər bölgədə sabitlik üçün əhəmiyyətli faktor olaraq qalır.
Suriya böhranında geosiyasi rəqabətlərin artdığı bir vaxtda bu cür məlumatlar tərəflər arasındakı gərginliyin yeni mərhələyə keçdiyini göstərir. ABŞ və Böyük Britaniyanın bu iddialara hansı reaksiya verəcəyi isə yaxın günlərdə aydın olacaq. Bu hadisəni necə dəyərləndirmək olar?
İsraili politoloq Abraham Şmuleviç “Cebheinfo.az”-a hadisəni dəyərləndirərək bildirib ki, bu hadisəni Azərbaycana məxsus təyyarənin quş sürüləri tərəfindən hücuma məruz qaldığı barədə yayılan xəbərlərlə müqayisə etmək olar:
ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının Rusiyanın Suriyadakı hərbi qüvvələri və bazalarına qarşı terror aktları hazırladığını düşünmürəm. Çünki Rusiyanın Suriyadakı bazaları onsuz da heç yerə getmir. Bu vəziyyətdə Türkiyənin mövqeyini başa düşmək olar.
Rusiya hər zaman bu kimi bəyanatlarla çıxış edir. Rusiyanın nümayəndələri çox vaxt birbaşa yalan məlumatlar və dezinformasiyalar yaydığına görə ifşa olunub. Ona görə də bu cür iddiaları ciddi qəbul etmək düzgün deyil”.
Amerikanın mövqeyinə gəldikdə, o deyib ki, Yaxın Şərqdə xaos yaratmaq Qərbin maraqlarına uyğun deyil:
“Əksinə, məhz ABŞ sayəsində İŞİD məğlub edildi və bu terror təşkilatının yaratdığı xaos aradan qaldırıldı. Xaos yaradan tərəf isə məhz Rusiyadır.
Rusiya müəyyən mənada belə bir xaos yaratmaqdan maraqlı ola bilər ki, bunun nəticəsində hakimiyyət bölgədə qala bilsin, yəni rus bazaları və qüvvələri Suriyada öz mövcudluğunu davam etdirsin.
Hətta müəyyən qüvvələrin onlardan daha çox müdaxilə xahiş etməsi də mümkündür.
Bu, əvvəllər də baş verib. Rusiya ordusunun Suriyaya gəlməsi məhz bu cür xaos nəticəsində baş verdi. İŞİD-in yaranması, “Ərəb baharı” hadisələri və Əsəd hökumətinin hakimiyyəti saxlaya bilməməsi Rusiyadan yardım istənilməsinə gətirib çıxardı”.
Ekspert qeyd edib ki, Rusiya oxşar ssenarini həyata keçirməkdən maraqlı ola bilər. Yəni bölgədə nə bir tərəf tam qələbə qazansın, nə də sabitlik təmin olunsun ki, Suriyada rus bazalarının qalması zəruri hesab edilsin:
"Çünki Suriya Rusiyanın imperialist planları üçün strateji əhəmiyyət daşıyır. Rusiya hətta öz vətəndaşlarına qarşı terror aktları təşkil etmək təcrübəsinə malikdir. Bu, hələ Sovet dövründə istifadə olunan taktikadır. Məsələn, Finlandiya ilə müharibənin başlanğıcında rus ordusu öz mövqelərini atəşə tutub və daha sonra bunu finlərin etdiyini elan edib. Bu, Rusiya üçün çox yaxşı tanınan bir strategiyadır.
Bu vəziyyətdə belə ehtimal etmək olar ki, Rusiya öz qüvvələrinə qarşı nümayişkaranə terror aktları təşkil etmək və bunun günahını Amerika və Böyük Britaniyanın üzərinə atmaq istərdi. Ehtimal ki, belə bir vəziyyətdə Qərbə qarşı düşmən münasibətlər daha da güclənərdi.
Amma düşünmürəm ki, bu ssenari realdır. Çünki Rusiyanın qüvvələri çox zəifdir və Qərbə qarşı hər hansı aqressiv addıma cəsarət etməsi az ehtimal olunur. Əksinə, bu cür bəyanatlar daha çox məğlub olmuş biri kimi çıxış edən Rusiyanın öz adətinə uyğun olaraq dişlərini qıcamasıdır, amma əslində heç nə edə bilmir".