“Ağsaqqal” obrazı ilə tanınan aktyorun yeniyetmə yaşlarında hakim kimi çalışdığını da xəbər vermişdik. Vaxtilə “Futbol+”lə əməkdaşlıq edən Ağahüseyn Əzizov da həmin dövrdə hakimliklə məşğul olub. Ağahüseyn bəy Baxşəliyevlə bağlı təəssüratının “Football-plus.az” ilə bölüşdü:
“Azərin dünyasını dəyişməsi məni də çox sarsıltdı. Əvvəlcə yazdılar ölüb, sonra dedilər ki, süni tənəffüs aparatına qoşublar. Yaşayacağına az da olsa, ümidlər var idi. Amma xəstəliyin bu mərhələsindən sonra sağalmaq ehtimalı da çox deyildi. Təəssüf... Gözəl bir insanı itirdik. O mənim hafizəmdə necə qalıb? Gülərüz, baməzə, zarafatcıl bir yeniyetmə kimi. Onu da FİFA laysmanı İlham Əliyevlə deyib-gülən görmüşdüm. O da Azərin xətrini çox istəyirdi. Düzdü, mənlə zarafatı yox idi. Yəqin ki, bu, mənim zəmin yaratmamağımdan, xasiyyətimdən irəli gəlirdi. Böyük-kiçik yeri bilən idi. 2000-01-ci illər idi. Mən hakimliyə 1996-da başlamışdım. Aşağı yaşlı komandaların Bakı çempionatında hakimlik edirdim. 3-4 ay hakimlik etdim, sonra əsgərliyə getdim. 1999-cu ildə qayıdandan sonra yenidən AFFA-ya üz tutdum və normativləri ödəyərək, aşağı yaşlıların və həvəskarlar liqasının oyunlarına təyinat aldım. Həmin dönəmdə AFFA-nın ofisi Hüsü Hacıyev küçəsində yerləşirdi. Hər həftə də çempionat oyunlarının təhlili üçün çərşənbə axşamları əksər hakimlər ora toplaşırdı. Azəri də orda görmüşdüm. Özündən hündür bir həmyaşıdı ilə gəlirdi. Həm də intellektual səviyyəsi yüksək olan şagird idi. Onlar təxminən bir il hakimlik etdilər uşaq liqalarında. Eyni briqadada xeyli oyunda hakimlik etmişik. Köməkçi hakim qismində gedirdilər oyunlara. Onda komitə sədri Xaqani Məmmədov idi. Onlar yuxarı sinif şagirdləri idi. Yəqin ki, orta məktəbi bitirəndən sonra ali məktəb qayğılarına başları qarışdı və hakimliklə məşğul olmadılar. Bax belə... Daha sonralar onu "Bozbaş Picture"də gördüm və anladım ki, elə bu sahə onun xarakterinə uyğun idi. Azərin son dərəcə xoş təbəssümü, gülüşü xatirimdədi. Elə arasında deyirlər, şirin uşaq idi. Saf, xoş görkəmli, gülərüz bir yeniyetmə kimi xatirimdə qalıb. Təəssüf... Ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm...”.
ƏSƏD SEYİDOV