Misli premyer-liqasında mövsümün ikinci yarısının daha gərgin keçəcəyinə şübhə yoxdu. Təbii ki, növbəti yazılarda böyük ehtimalla “Qarabağ”, “Sabah”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə”, bəlkə də “Neftçi” arasında gedəcək mübarizəyə toxunacağıq. Lakin hələ yuxarı pillələrdə qərarlaşanlarla işimiz yoxdu. Əvvəl aşağı sıralara boylanaq. Daha doğrusu, “Şamaxı”dan başlayaq. Ona görə ki, qış “transfer pəncərəsi” açılmadan xüsusi fəallığıyla seçilən elə “şirlər”di.
Əksəriyyət bölgə təmsilçisinin ötən il yaşadığı uğursuzluqdan lazımi dərsi aldığını düşünür. Elədi ki var. Yalnız yerli futbolçularla inkişaf etmək prinsipindən əl çəkmək, kollektivə təcrübəli legionerlər gətirmək və həmin heyəti Ayxan Abbasov kimi bacarıqlı mütəxəssisin sərəncamına vermək fərqli düşüncəyə əlyeri qoymur. Lakin bu, təhlükənin sovuşması demək deyil! Niyə? Məni dinləyin.
1. “Şamaxı” adı danışılmış oyunlarda hallanan yeganə premyer-liqa klubudu. İndiyə qədər, çox güman, bu üzdən iki futbolçu komandadan uzaqlaşdırılıb. Sayın artacağı istisna deyil.
2. Leroy Mikelsin adı “Sabah”, “Neftçi” və “Araz-Naxçıvan”la yanaşı hallanır. Onun mümkün ayrılığı komanda üçün ağır itki olacaq.
3. “Kəpəz”in, hələ ki inandırıcı görünməsə də, “Səbail”in xal ehtiyatını artırması “Şamaxı”da psixoloji təzyiq yaradacaq.
4. 1-ci liqada çempion olan heyətə vəd edilən pul mükafatlarının hələ də ödənilməməsi maliyyə problemindən xəbər verir. Bu da “transfer pəncərəsi”ndən arzuolunan kimi yararlanmağın önünü kəsə bilər.
Bəs “Şamaxı” belə durumda nə edir? Heyəti Cəlal Hüseynov və Murad Vəliyevlə gücləndirir. Bunlardan birincisi Bolqarıstan “Arda”sının, ikincisi Estoniya “Levadiya”sında forma şansı qazana bilmədiyi üçün icarəyə verildiyi “Nomme Yunayted”in ehtiyat oyunçular skamyasının sakini idi. Görünür, klub rəhbərliyi premyer-liqada qalmağın yollarını axtarmaq əvəzinə növbəti mövsüm üçün zəmin yaratmaqla məşğuldu. Təbii ki, belə arxayınlığın faciə ilə nəticələnməsi tam mümkündü. Bizi maraqlandıran isə bu sualın cavabıdı: şir hara, qış yuxusu hara?
KƏNAN BAHADIR