EN

Çindən yayılan növbəti bəla: Dünyada yeni pandemiya təhlükəsi varmı?

Ötən ay Çində yayılmağa başlayan metapnevmovirusa (HMPV) artıq Qazaxstan, Rusiya və İranda yoluxma qeydə alınıb. Yoluxmaların uzaq-yaxın ölkələrdə müşahidə olunması narahatlıq yaradır.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycanda yoluxma faktı ilə bağlı rəsmi məlumat yoxdur. Səhiyyə Nazirliyinin yeni yayılan respirator virusla bağlı məlumatında bildirilir ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir:

“Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır”.

Məlumatda tövsiyə olunur ki, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslər Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçsinlər.

Teleqraf.com-a danışan infeksionist Vüqar Cavadzadə bütün infeksion xəstəliklər kimi metapnevmovirusun da diaqnozunun mütləq laborator müayinə metodlarına əsaslanmalı olduğunu deyib: “Bu virus yeni deyil, metapnevmovirus əvvəllər də müşahidə edilib. İlk dəfə 2001-ci ildə Hollandiyada uşaqlar arasında kəskin respirator xəstəliklər zamanı onların bəlğəm seliyində tapılıb. Metapnevmovirusun tək insanda yox, quşlarda da xəstəlik törədən növləri var.

Virusun 4 tipi var, amma onlardan hansı tipin daha çox xəstəlik törətməsi bəlli deyil. Biz koronovirus zamanı da bunu deyirdik. Heç bir infeksiya xüsusiylə hava-damcı yolu ilə yayılan infeksiyalar sərhəd tanımır. Müasir dövrdə infeksiyalar bir ölkədən digərinə asanlıqla daşına bilir. Metapnevmovirusda digər ölkələrə də keçə bilər. Amma COVİD-19 qədər təhlükəsi olmamalıdır. Bu xəstəlikdə yoluxuculuq qabiliyyəti çox ola bilər, amma ölüm halı koronovirus qədər deyil.

Çin virusun yayıldığı məlumatını dekabr ayında açıqlamışdı. Virusun dinamikasına nəzər yetirsək, bir ay ərzində nəzərəçarpacaq qədər ölüm hadisəsi baş verməyib. Respirator viruslar kimi metapnevmovirus mövsümü yayılma xüsusiyyətlərinə malikdir. Digər viruslar kimi qış və yaz aylarında müşahidə olunur. Mövsumi xəstəlikdə yoluxmanın artım müşahidə edilə bilər. Yoluxuculuğu çox olsa da, ölüm hallarına demək olar ki, rast gəlinmir. Ona görə qorxuya, təşvişə heç bir əsas yoxdur".

Həkim bildirib ki, bu virusun uşaqlarda, immuniteti zəif olan şəxslərdə bronxit və pnevmoniyaya çevrilmə riski yüksəkdir: “Ancaq bu məsələdə də narahatlığa əsas görmürəm. Onun da digər hava-damcı yolu ilə keçən viruslara qarşı olan tədbirlər var. İmmun sistemini yaxşı vəziyyətdə saxlamaq xəstəliyə yoluxmanı yüngül keçirməyə kömək edir. infeksiyalardan qorunmaq üçün maskadan istifadə etmək, qapalı məkanlardan uzaq durmaq lazımdır. Gigiyenik qaydalara ciddi əməl etməklə yanaşı, bol vitaminli qidaların qəbulu da vacibdir”.

Metapnevmovirusu infeksiyasıyla bağlıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayıb. Açıqlamada bildirilib ki, insan metapnevmovirusunun xüsusi müalicəsi yoxdur: “Hazırda qışın əhatə etdiyi Asiya, Avropa, Afrika və Karib hövzəsinin bir sıra ölkələrində qripin artması tendensiyaları qeyda alınıb. İlk dəfə 2001-ci ildə müəyyən edilən və hava-damcı yolu ilə yayılan insan metapnevmovirus HMPV COVİD-19 kimi öskürək, hərarət, burun tutulması ilə özünü göstərir. Virusa uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar və immuniteti zəif şəxslərin yoluxma riski yüksəkdir. Ağciyər xəstəlikləri olanlar üçün təhlükəli sayılır. Tənəffüs yolu xəstəliklərinə səbəb patogenlərdən biri olan metoapnevmovirus öskürək və asqırma, yoluxmuş şəxslə birbaşa təmas, havaya yayılan kiçik damcılarla yayılır”.

ÜST bəyan edib ki, metapnevmovirusunun simptomların əksəriyyəti yüngül olduğundan sağalma prosesi öz-özünə baş verir: “Qızdırma, ağrı və öskürək kimi simptomları aradan qaldırmaq üçün reseptsiz və ya reseptli ağrıkəsicilər qəbul edilə bilər”.

Qeyd edək ki, 2024-cü ilin 23-29 dekabr aralığında Çində bir sıra xəstələrdən tənəffüs nümunələri alınıb. Nəticələr virusun insan metapnevmovirusu olduğunu göstərib. Virusa yoluxanların əsasən 14 yaşadək uşaqlar olduğu açıqlanıb . Ən yüksək yoluxma nisbəti Çinin şimal əyalətlərində müşahidə olunub.

Çindən sonra virusa yoluxma Honq Konq və Hindistanda qeydə alınıb.


Müəllif: Şəbnəm Zahir
Chosen
20
teleqraf.com

1Sources