EN

Tehrandan üzrxahlıq gözləntisi: “Azərbaycan-İran müharibəsi gözləmirəm”

“Ayətullah Həsən Ameli Ərdəbilin ruhani rəhbəridir. Şəxsən onu tanıyıram. O, bu mövzuda öz-özündən danışmaz. Ameli dini nomenklaturanın üzvüdür. Təbii ki, tapşırıqla danışıb. Azərbaycanın siyasi hakimiyyətinə həmlə etmək onun səlahiyyətlərindən kənardır”. 

Bunu “Yeni Sabah” politoloq Zərdüş Əlizadə deyib. 

O, Prezident İlham Əliyevin yerli telekanallara müsabibəsində səsləndirdiyi fikirləri şərh edib.

Xatırladaq həmin müsahibə zamanı İlham Əliyev bildirib:

“Ərdəbil şəhərinin o mollası (Həsən Ameli – red.) dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?

İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalı və Azərbaycandan üzr istəməlidir”.

Öz növbəsində, Zərdüş Əlizadə mövzuya dair qeyd edib:

“Əgər o, belə bir hərəkət edibsə, deməli yuxarıdan deyiblər. Bu İranın hakim siyasi sinfinin oyunudur, Ameli də həmin oyunu icra edib. Azərbaycan tərəfi də bu məsələdə haqlı siyasi gedişini edir. İrandan tələb edir ki, üzr istəsin. 

Tehran indiki vəziyyətdə ABŞ və İsraildən ciddi həmlə təhlükəsi gözləyir. Belə bir şəraitdə Azərbaycanla hərbi və siyasi böhranın yaşanması Tehran üçün heç də sərfəli deyil. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədianın da Bakıya gəlməsi təsadüfi deyil. Görünür, hansısa ciddi razılaşmalar əldə ediləcək. 

Mən əsla Azərbaycan-İran müharibəsi gözləmirəm. Buna ehtiyac da yoxdur. Əvvəla bu iki ölkə bir-birinə çox sıx bağlarla bağlıdır. İstər dini, istərsə də qan qohumluğu baxımından Azərbaycan və İran olduqca yaxındır. Çox yaxın dövlətlərik, lakin İran dövləti SSRİ dağılanda xam xəyala düşmüşdü. Tehrandakılar arzulayırdı ki, Azərbaycan müstəqil olduqdan sonra İrana birləşsin. Onlar iddia edirdi ki, Rusiya vaxtilə İran ərazisinin bir hissəsini, yəni indiki Azərbaycan ərazisini işğal edib. Lakin zamanla dərk etdilər ki, bu dövlət 2 gündə qurulmayıb və artıq müstəqil bir xalq yetişib. 

Azərbaycan və İranın tamamilə fərqli siyasi maraqları var. Ancaq tarixi və mədəni aspektdən bu iki dövlətin xalqı olduqca yaxındır”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
18
yenisabah.az

1Sources