EN

Qərbi Azərbaycan mesajı İrəvanı təlaşa salıb

Prezident İlham Əliyev: “…bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli telekanallara müsahibəsində Qərbi Azərbaycan, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və bu prosesin perspektivləri ilə bağlı suala cavabı Ermənistan hakimiyyətində narahatlıqla qarşılanıb. “Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”, - Azərbaycan Prezidenti belə deyib.

Nikol Paşinyan yanvarın 8-də Ermənistan mediasında Azərbaycan Prezidentinin gündəmə gətirdiyi məsələlərə, o cümlədən Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına dönərək orada yaşamasının vacibliyi ilə bağlı fikirlərinə münasibət bildirib. Paşinyan bu məsələyə dair dekabrın 16-da “Armenpress”ə verdiyi müsahibəsində dediklərindən başqa sözünün olmadığını vurğulayıb. Bildirib ki, Ermənistanda heç vaxt Qərbi Azərbaycan olmayıb, yoxdur və ola da bilməz. Paşinyan manipulyasiyalarına davam edərək qeyd edib ki, real Ermənistandan danışmaq qarşı tərəfin Ermənistanın yaşamaq haqqının olmaması barədə danışmasını legitimləşdirir. “Biz beynəlxalq səviyyədə tanınmış ərazi sərhədlərimiz boyu təhlükəsizlik konsepsiyamızı quranda, konseptual əsas real Ermənistandır. Bu, bizim beynəlxalq səviyyədə tanınan ərazimizdir, bizim bundan başqa arzu və ambisiyalarımız yoxdur, Ermənistan ərazisində heç vaxt Qərbi Azərbaycan olmayıb, yoxdur və ola da bilməz. Təhlükəsizliyimizi məhz bu əsasda, bu konsepsiya üzərində qururuq, ona görə də heç kim bizim müdafiə olunmaq və müdafiə qabiliyyətli olmaq hüququmuzu mübahisələndirə bilməz, bu, absurd və qanunsuz söhbətdir. Ajiotaj yaradacaq başqa bir nüansı da demək istəyirəm ki, Qərbi Azərbaycan Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarıdır. Onlardan bu tərəfdə Qərbi Azərbaycan heç vaxt olmayıb, yoxdur və ola da bilməz. “Qərbi Ermənistan” Armavir vilayətinin qərb hissəsi, Araqatsotn vilayətinin Bağramyan rayonu, Talin rayonu, Maralik regionudur, bu, çox vacibdir. “Qərbi Ermənistan” Araz çayı yaxınlığında bitir”, - deyə o bildirib.

Göründüyü kimi, Nikol Paşinyan Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı ilə bağlı siyasi manipulyasiya etməyə, mövzudan yayınmağa çalışır. Baş nazirin Azərbaycanın Ermənistanla şərti sərhədində yerləşən rayonları “Qərbi Azərbaycan” adlandırması siyasi və hüquqi məsuliyyətdən yayınmağa, eyni zamanda dünya ictimaiyyətini aldatmağa xidmət edir. Halbuki, 1988-1990-cı illərdə Ermənistan SSR ərazisindən 300 mindən artıq azərbaycanlının zorakılıqla deportasiya edilməsi yaxın dövrün hadisələridir. Sovet dövründə azərbaycanlıların yaşadığı və münaqişə başladıqda əhalisi qovulmuş onlarla kənd hələ də boşdur. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın yanvarın 3-də yayılmış videoçıxışı da Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından silah gücünə qovulduğunu bir daha təsdiq edir. Xatırladaq ki, 1993-cü ilin 23 iyulunda “Yerkrapa” terrorçularının qarşısında çıxış edən Petrosyan etiraf edib ki, azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı. O əlavə edib ki, azərbaycanlılar Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edirdi. “Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi”, - deyə eks-prezident bildirib. Bu etiraf azərbaycanlıların qanunsuz olaraq öz evlərindən qovulduğunu sübut edən rəsmi mənbədir.

Göründüyü kimi, Azərbaycan türklərinin Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qaldığı son faciəli hadisələr sovet imperiyasının çökməsi zamanı baş verdi. Erməni millətçiləri regionda yaranmış dağıdıcı vəziyyətdən və başıpozuqluqdan istifadə edərək sonuncu etnik təmizləmə siyasətini tam həyata keçirə bildilər. 1988-ci ildə başlayan bu deportasiya nəticəsində 1991-ci ildə sonuncu Azərbaycan türkü də bugünkü Ermənistan (Qərbi Azərbaycan) ərazi­sindən zor gücünə çıxarıldı. Qərbi Azərbaycan ərazisindən 53 mindən artıq ailə məcburi qaydada bu əraziləri tərk etməli oldu. 1988-ci ildə Ermənistan SSR ərazisinin 261 kəndindən 200 mindən çox azərbaycanlı qovuldu, onlara məxsus 31 mindən artıq ev içindəki əşyalarla birlikdə ermənilər tərəfindən ələ keçirildi. Bu gün dünyanın nadir ölkələrindən biri kimi Ermənistan monoetnik bir respublikadır. Ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi davamlı, sistemli vəhşiliklər isə tarixə insanlığın qara ləkəsi, erməniliyin bəşəri cinayətləri kimi yazılıb. Ona görə də bu gün Paşinyan hakimiyyəti azərbaycanlıların öz ata-baba yurdlarının qayıtması tələbindən imtina edə bilməz. Bu məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Beynəlxalq konvensiyalara görə, Ermənistan Qərbi azərbaycanlıları öz evlərinə qaytarmaq öhdəliyi daşıyır. Yəni, onlar əvvəllər Qarabağda yaşamış erməni sakinlər kimi könüllü köçməyib. Ona görə də Qərbi azərbaycanlılar məhkəmə iddiası qaldıraraq öz evlərinə qayıtmaq hüququna malikdirlər. Ermənistan bu prosesin qarşısını ala bilməz. Paşinyanın şərti sərhəddə yerləşən rayonları Qərbi Azərbaycan adlandırmasına gəlincə, bu, tamamilə absurddur. Çünki hazırda “Ermənistan” adlandırılan Qərbi Azərbaycan ərazisi inzibati deyil, milli-coğrafi sərhədləri əhatə edir. Yəni azərbaycanlıların milli sərhədləri Sovet dövründə mövcud olmuş inzibati sərhədlərlə yekunlaşmır. İkincisi, Paşinyanın adını çəkdiyi rayonlar Azərbaycan-Ermənistan sərhədlərini hüquqi cəhətdən təsbit etmir. Çünki iki ölkə arasında delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Yalnız sərhədlər müəyyənləşdikdən sonra Qərbi Azərbaycanın inzibati-ərazi vahidi haqqında danışmaq olar. Çünki Qərbi Azərbaycan torpaqları Sovet dövründə qanunsuz olaraq Ermənistana bağışlanıb. Delimitasiya və demarkasiya prosesində Azərbaycan dövlətinin həmin ərazilərin qaytarılmasını tələb etmək hüququ var.

Sevinc Azadi, “İki sahil”

Chosen
3
1
ikisahil.az

10Sources