EN

Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi

Paşinyanın Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlərə cavab kimi Azərbaycana ünvanladığı təkliflərdə hər şey erməni maraqları kontekstində əks olunsa da, İrəvanın 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmamış 2 maddədən birini - Bakının tələblərindən birini qəbul etdiyi nəticəsi ortaya çıxır.

- Beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək;

- ATƏT-in Minsk Qrupunu buraxmaq;

Birinci məsələ sülh sazişi mətninə daxildir, ikinci məsələ Bakının əsas tələblərindən biridir. Hərçənd, erməni baş nazir birinci məsələni “beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək” formasında təqdim etməklə mötərizə də açır: bütün iddialardan imtina edilməsi deyəndə Nikol daha çox “ərazi iddiası” kimi təqdim etməyə çalışdıqları Qərbi Azərbaycana qayıdış məsələsini nəzərdə tutur.

Lakin 17 maddədən biri – üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması (Avropa Birliyinin “müşahidə missiyası”) - açıq olaraq qalır. Nikol təkliflərində buna toxunmur, çünki İrəvan missiyanın vaxtının uzadılmasında maraqlıdır, Mirzoyanın son açıqlaması ilə bu məsələdəki mövqeyi ortaya qoydu.

“90 faiz razılaşdırılmış sülh sazişini imzalamağı” təklif edən Paşinyan bununla razılaşdırılmayan maddəni arxa plana keçirmək istəyir. Halbuki hər şey 17 maddəlik mətndən ibarət deyil, danışıqların gündəliyi daha genişdir (Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiyanın açılması (Zəngəzur dəhlizi), demarkasiya prosesi). 17 maddəlik mətn sülh sazişinin yekun yox, ilkin variantı, yaxud belə demək mümkünsə, yekun sülh müqaviləsinə dair çərçivə sazişindən ibarət ola bilər.

Bütün bunların fonunda “2025-ci ildə sülh sazişi imzalana bilərmi” sualı aktuallaşır. İndiyə qədər danışıqların gündəliyi və atmosferini geosiyasi proseslər müəyyən edirdi, sülh sazişi mətninin 17 maddə çərçivəsinə salınması da (eləcə kommunikasiyanın sülh mətnindən çıxarılması) bunun nəticəsi idi. Bundan sonra hadisələrin inkişafının üç məqamdan asılı olacağı görünür:

1. Bu il Bakı-İrəvan danışıqlarının atmosferinin necə olacağı;

2. Sülh sazişi mətninə daxil edilməyən, amma danışıqlarda müzakirə edilən məsələlərə İrəvanın yanaşması;

3. Geosiyasi proseslərin inkişafı və regiona təsiri.

Bu üç məqamın arasında ən həlledici olan sonuncudur – geosiyasi hadisələrin inkişafı, xüsusilə Tramp Amerikasının siyasəti və bunun Cənubi Qafqaza təsirləri.

Chosen
5
7
axar.az

10Sources