EN

ABŞ ilə münasibətdə yeni mərhələ gözləntisi

“Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik” dedikdə nələr nəzərdə tutulur?

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-ABŞ münasibətləri haqda da maraqlı açıqlamalar verib. İlham Əliyev Donald Trampın birinci hakimiyyəti dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadığını xatırlatdı: “Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər?”

Prezident deyib ki, Trampın gəlişi ilə Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq: “Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

“Biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik” dedikdə nələr nəzərdə tutulur?

Kamran

 Kamran Bayramov

Deputat Kamran Bayramov bundan sonra Azərbaycan-Amerika münasibətlərinin iki xalqın mənafeyinə uyğun olaraq inkişaf edəcəyinə ümid edir: “Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Azərbaycan bütün regional və digər dövlətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycan hesab edir ki, ABŞ yaranmış reallığa uyğun olaraq ölkəmizlə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Azərbaycan bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdi. Ancaq Bayden administrasiyasının ermənipərəst siyasəti ABŞ-Azərbaycan münasibətlərində nəzərəçarpacaq səviyyədə özünü göstərdi.  Bayden administrasiyası öz hərəkətləri ilə ikitərəfli münasibətləri sıfıra endirdi. ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirirdi, bu ölkəyə birbaşa öz peykləri və müttəfiqlərinin köməyi ilə silah verdilər. Hətta 5 aprel 2024-cü ildə ABŞ və onun müttəfiqləri Ermənistan üçün yeni "Marşal Planı" yaratdılar".

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-ABŞ münasibətləri haqda da maraqlı açıqlamalar verib: “İlham Əliyev Donald Trampın birinci hakimiyyəti dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadığını xatırlatdı. Tramp administrasiyası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyinə anlayışla yanaşdı. Bu münasibətlər beynəlxalq arenada Azərbaycan-ABŞ əlaqələrini daha da möhkəmləndirdi.

Hesab edirəm ki, Donald Trampın Azərbaycanın daxili işlərinə qarışmaması və ermənilərin havadarı rolundan imtina etməsi Cənubi Qafqazda Azərbaycan-Amerika münasibətlərinin daha da yaxşılaşmasına gətirib çıxarar. Donald Tramp Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə ilə də yaxşı əlaqələrə malikdir. Amerika-Azərbaycan-Türkiyə iş birliyi çərçivəsində də layihələr həyata keçirilə bilər. Sözügedən ehtimalların reallığa çevrilməsi Donald Trampın hakimiyyətə gəldikdən sonra hansı yolu tutmasından asılı olaraq dəyişəcək. İnanırıq ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri iki xalqın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".

Vüqar

Vüqar İsgəndərov

Deputat Vüqar İsgəndərovun sözlərinə görə, Azərbaycan düşünülmüş və məqsədyönlü siyasət sayəsində qlobal məkanda hər keçən gün nüfuzunu daha da artırır: “Danılmaz həqiqətdir ki, hazırda həm regional, həm də qlobal məsələlərdə bizim dövlətin də mövqeyi diqqətə alınır. Təbii ki, bu məsələdə reallaşdırılan müstəqil, yəni hansısa güc mərkəzinin deyil, Azərbaycan dövləti və xalqının marağına uyğun siyasət də öz rolunu oynayır. Bu sırada Birləşmş Ştatlarla münasibət də öz əhəmiyyətinə görə fərqlənir. Düzdür, Bayden hakimiyyəti dönəmində ABŞ daha çox başqa ölkələrə qarşı hegemon siyasət həyata keçirmək xəttinə və Ermənistanda revanşist əhval-ruhiyyənin artırılmasına üstünlük verdi. Təbii ki, Azərbaycan birmənalı olaraq bu cür davranışları qəbul etmədi. Ancaq unutmayaq ki, yanvarın 20-dən sonra ABŞ-da Donald Trampın ikinci hakimiyyət dönəmi başlayır. Yəni Donald Trampın birinci hakimiyyəti dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadığını nəzərə alsaq, qeyd edə bilərik ki, yeni dönəmdə ABŞ-Azərbaycan münasibətləri normal məcrada inkişaf edə bilər. Hətta cənab Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində bəyan etdiyi kimi, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Millət vəkili bildirib ki, iki ölkə arasında əlaqələrin strateji səviyyəyə qaldırılması ilk növbədə tərəflərin bir-birinə yanaşmasında özünü əks etdirə bilər: “Yəni Bayden dönəmindən fərqli olaraq yeni dönəmdə ABŞ ilk növbədə Ermənistanın revanşist arzularının "çiçəklənməsinə" rəvac verəcək yanaşma sərgilənməməlidir. Həmçinin Donald Trampın birinci prezidentliyi dövründə əsası qoyulan ABŞ-Azərbaycan münasibətlərinin inkişaf dinamikası yeni dönəmdə də davam etdirilə bilər. Bu sırada əsasən enerji, təhlükəsizlik və iqtisadi sahələrdə qarşılıqlı faydaya əsaslanan əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Eyni zamanda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində aparılan işlərdə Birləşmiş Ştatlar müdrik mövqe sərgiləməli, Bayden dönəmindəki yanlış siyasətdən imtina etməlidir. Ən əsası, hesab edirəm ki, dəyişən dünya düzənində cərəyan edən proseslər fonunda ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, iki ölkə arasında əlaqələrin strateji səviyyəyə qaldırılması hər iki tərəfə uğur vəd edə bilər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Chosen
3
musavat.com

1Sources