EN

Azərbaycan 5 illik təhsilə qayıdacaq?

Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir. 

Belə ki, Rusiyada təhsilin bakalavr pilləsi ləğv ediləcək. 

Bildirilib ki, iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il). Təhsil və Elm Nazirliyindən bildirilib ki, cari proqramlar üzrə təhsil alan tələbələr ilkin olaraq seçilmiş plana uyğun olaraq onları bitirə biləcəklər. Qeyd edək ki, SSRİ dönəmində 5 illik təhsil sistemi mövcud idi. Daha sonra Azərbaycanda Boloniya sisteminə keçid baş verdi. Ancaq bu gün orta məktəblərdə kurikuluma keçidin də nəticələrinin o qədər müsbət nəticə vermədiyi ilə bağlı fikirlər səslənir. Eləcə də ali məktəblərdə Boloniya sisteminin özünü doğrultmadığı, yüksək səviyyəli kadrların yetişmədiyi bildirilir. 

Əgər bu sistem bizdə də özünü doğrultmursa, Rusiyadakı kimi yenidən 5 illik təhsil tətbiq oluna bilərmi? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Rusiyanın bakalavriat və magistratura pillələrini ləğv edərək 5 illik inteqrasiya olunmuş təhsilə keçidi yalnız təhsil islahatı deyil, həm də ölkənin təhsil siyasətində mühüm bir dönüş nöqtəsidir:

““Azərbaycan da oxşar dəyişikliklər edə bilərmi?” sualına cavab vermək üçün mövcud vəziyyəti, problemləri, qanunvericiliyi, beynəlxalq təcrübəni və mümkün nəticələri geniş şəkildə təhlil etmək lazımdır. Boloniya sistemi Azərbaycanda 2005-ci ildən tətbiq edilir. Bu sistemin əsas məqsədi Azərbaycanın ali təhsilini Avropa standartlarına uyğunlaşdırmaq, tələbə mobilliyini artırmaq və məzunların iş bazarında rəqabət qabiliyyətini yüksəltmək idi. Lakin 18 ildən sonra sistemin effektivliyi hələ də müzakirə mövzusudur. 

Boloniya sistemi tələbələrin daha sərbəst təhsil almalarını və geniş kredit seçimləri vasitəsilə öz tədris planlarını formalaşdırmalarını nəzərdə tuturdu. Lakin bu sistem Azərbaycanda tam tətbiq edilərkən bir çox struktur problemləri üzə çıxdı”. 

Statistik məlumatlar göstərir ki, Boloniya sisteminin tətbiqi nəticəsində tələbələrin məzuniyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunmayıb:

“2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat pilləsini bitirən tələbələrin yalnız 65%-i dərhal iş tapa bilib, bu da məzunların böyük bir hissəsinin ya iş bazarına uyğunlaşa bilmədiyini, ya da ali təhsil sisteminin real ehtiyaclarla uzlaşmadığını göstərir. Magistratura pilləsi üzrə isə daha böyük bir problem var, yəni qəbul olunan tələbələrin yalnız 40%-i proqramlarını müvəffəqiyyətlə başa çatdırır. Bu rəqəmlər Azərbaycanın Boloniya sistemində ciddi problemlər yaşadığını təsdiqləyir”. 

Ekspertin sözlərinə görə, mövcud qanunvericilik də ali təhsil sisteminin keyfiyyətli idarə edilməsinə tam dəstək vermir: 

““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ali təhsilin əsas prinsiplərini müəyyən edir. Lakin qanunda göstərilən bəzi mexanizmlər, məsələn, tələbələrin mobilliyi, diplomların beynəlxalq səviyyədə tanınması və iş bazarına uyğun tədris proqramlarının hazırlanması kimi məsələlər tam həyata keçirilmir. Bundan əlavə, işəgötürənlərin ali təhsil proqramlarının məzmununa təsir göstərə biləcəyi mexanizmlər zəif işləyir. Bu, universitetlərin iş bazarının real tələblərindən uzaqlaşmasına səbəb olur. Rusiyanın 5 illik təhsil sisteminə keçidi ilə müqayisədə, Azərbaycan hələlik ehtiyatlı davranır. 

Rusiya bu addımı atarkən əsas məqsəd olaraq ixtisaslaşmanı dərinləşdirmək və tələbələri iş bazarına daha yaxşı hazırlamaq istəyini göstərdi. Onların arqumentlərinə görə, Boloniya sistemi “təhsili hissələrə bölərək” tələbələrin lazımi bilik və bacarıqları mənimsəməsinə mane olur. 5 illik sistem isə daha inteqrasiya olunmuş və fokuslanmış tədris imkanı verir. Lakin bu keçid Rusiya üçün də çətinliksiz olmayacaq, çünki sistemin uğuru onun tətbiqinə ayrılan resurslardan və strateji planlaşdırmadan asılıdır. Dünya təcrübəsi göstərir ki, təhsil sistemində radikal dəyişikliklər yalnız ölkənin spesifik ehtiyaclarına uyğun olduqda və geniş ictimai dəstək qazandıqda effektiv ola bilər. 

Məsələn, Almaniyada “Diplom” adı ilə tanınan 5 illik təhsil sistemi çox uğurlu hesab olunurdu. Lakin Avropa standartlarına uyğunlaşmaq üçün onlar da Boloniya sisteminə keçid etdilər. Bununla belə, Almaniya Boloniya sistemini tətbiq edərkən onu öz spesifik ehtiyaclarına uyğunlaşdırdı. Azərbaycanda isə bu uyğunlaşma prosesi çox zəif həyata keçirildi və nəticədə sistem formal xarakter aldı. 

Universitetlər tələbələrin ixtisaslaşmasına deyil, əsasən nəzəri biliklərin ötürülməsinə fokuslandılar”. 

Ekspert deyir ki, Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir: 

“Əvvəlcə, təhsil proqramlarının yenidən nəzərdən keçirilməsi, yerli və beynəlxalq təcrübənin müqayisəli təhlili aparılmalıdır. 5 illik sistem tələbələrin həm nəzəri, həm də praktiki biliklərini dərinləşdirə bilər. Xüsusilə, mühəndislik, tibb və pedaqoji ixtisaslar kimi sahələrdə bu, daha çox effekt verə bilər. Lakin bu keçidin uğurlu olması üçün bir neçə əsas məsələ həll edilməlidir.

Birincisi, təhsil proqramlarının iş bazarına uyğunlaşdırılması vacibdir. Hazırda tələbələr məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirlər, çünki universitetlərdə tədris olunan biliklər müasir iş bazarının tələblərinə uyğun deyil. Təhsil proqramlarının işəgötürənlərin iştirakı ilə hazırlanması tələbələrin praktik bacarıqlarını artırmağa kömək edə bilər. 

İkincisi, müəllim heyətinin hazırlığı və tədris metodlarının yenilənməsi zəruridir. Boloniya sistemində müəllimlərdən tələb olunan yeni yanaşmalar Azərbaycanda tam mənimsənilməyib. Əgər 5 illik sistemə keçid baş verərsə, bu, müəllimlər üçün daha böyük çağırışlar yaradacaq. 

Üçüncüsü, tələbələrin motivasiyasını artırmaq üçün sosial və iqtisadi dəstək mexanizmləri gücləndirilməlidir. Təhsil haqları, təqaüdlər və kredit sistemləri tələbələrin maddi problemlərini həll etmək üçün əsas mexanizmlər olmalıdır. Hazırda bu sahədəki çatışmazlıqlar bir çox tələbənin təhsilini yarımçıq qoymasına səbəb olur. Rusiyanın təcrübəsi və dünyanın digər uğurlu nümunələri Azərbaycanda təhsil sisteminin köklü islahatlarla yenidən qurula biləcəyini göstərir. Lakin bu proses yalnız məqsədli, elmi əsaslandırılmış və resurslarla dəstəklənmiş yanaşma ilə uğurlu ola bilər. Beş illik sistemin tətbiqi Azərbaycanın təhsil tarixində yeni bir səhifə aça bilər, lakin bu, hazırlıq tələb edir. Əks halda, növbəti sistem də özünü doğrultmaya bilər”. 

Chosen
7
50
cebheinfo.az

10Sources