İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini AÇIQLADI"Fransa Prezidenti (Emmanuel Makron - red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, “Dağlıq Qarabağ”a təbrik məktubu göndərdi. Amma yenə də mən Praqa görüşünün nəticəsi müsbət kimi qəbul etdim".Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib.Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqlarına toxunan dövlətimizin başçısı qeyd edib: “Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim”.