Spitak zəlzələsindən sonra Azərbaycandan Ermənistana köməyə gedən təyyarənin qəzaya uğramasından bu gün 35 il ötür.
Sitat.info xəbər verir ki, hadisə ilə bağlı tarixçi alim Yadigar Sadıqlı paylaşım edib:
“11 dekabr 1988-ci il. İl-76 təyyarəsində 9 heyət üzvü və 69 sərnişin vardı. Sərnişinlər zəlzələ ilə əlaqədar ehtiyatdan çağırılmış hərbi mükəlləfiyyətlilər idi. Təyyarə Bakıdan səhər saat 6-ya işləmiş qalxdı. 06:10-da, 5400 metr hündürlükdə və 400 km/saat sürətlə uçarkən Leninakan (Ermənistan) limanının hava məkanına daxil oldu.
Uçuş çətin hava şəraitində keçirdi. Dağlıq ərazidə hələ qaranlıq idi (hava 06:47-də işıqlanacaqdı). Üfüqü görünüş həddi 5 km idi.
Dispetçerin göstərişi ilə enməyə başlayan təyyarə saat 06:22-də yerlə toqquşdu. 78 nəfərdən 77-si həlak oldu. Yalnız 1 nəfər, baqajdakı “Kamaz”ın yük yerində döşəklərin üstündə uzanan Fəxrəddin Babayev ağır yaralanaraq sağ qaldı. I qrup əlil olan Babayev 2010-cu ildə 52 yaşında vəfat edib.
Təyyarənin “Stinger” raketi ilə vurulduğu deyilir. Amma bu, ağlabatan versiya kimi görünmür. “Stinger” istədiyin zaman istədiyin yerdə atacağın silah deyil. Digər tərəfdən, Turan İA-nin saytından götürülən bu şəkil əgər gerçəkdən həmin qəzadandırsa, təyyarənin yer səthi ilə toqquşma nəticəsində qəzaya uğraması şübhə doğurmur. Havada raketlə vurulan təyyarə daha geniş əraziyə səpələnməli idi.
Digər versiyaya görə, erməni dispetçer bilərəkdən yanlış koordinatlar verib.
Rəsmi versiyaya görə isə qəzaya səbəb heyətin səhvi olub. Dispetçerin altimetri 634 mm Hg quraşdırmaq göstərişi müqabilində kapitan 734 mm Hg quraşdırıb. Bu da təyyarəni gerçəkdə olduğundan 1100 metr hündürlükdə göstərib. Nəticədə cihazlar 1425 metr göstərdiyi halda təyyarə 325 metr hündürlükdə imiş və dağın yamacına toxunub.
Heyətin belə kobud səhv buraxmasının səbəbi kimi isə sutka ərzində xeyli uçuşlar həyata keçirməsi və son uçuş öncəsi gərəkən qədər istirahət etməməsi göstərilir.
Materialı hazırlayanda maraq üçün erməni Vikipediyasına baxdım. Azərbaycanlıların köməyə getməsinin əhəmiyyətini kiçiltmək üçün həlak olanların etnik mənsubiyyəti qabardılır və aşağıdakı ardıcıllıqla verilir: ruslar, tatarlar, azərbaycanlılar, ləzgilər, yəhudi və erməni. Bunu oxuyanda rusların daha çox olması təəssüratı yaranır. Halbuki təyyarədə 50 azərbaycanlı, 13 ləzgi, 11 rus (9-u heyət üzvü), 2 tatar, 1 yəhudi və 1 erməni olub. Ümumilikdə isə heyət üzvlərini çıxmaq şərti ilə hamısı Azərbaycan vətəndaşıdır”.
Qeyd edək ki, 1988-ci il dekabrın 7-də Ermənistanın Spitak şəhərində 7,2-8,2 bal gücündə zəlzələ baş vermişdi. Azərbaycanlılar o zəlzələ qurbanlarına yardıma gedərkən təyyarə qəzaya uğramışdı. Üzərindən 35 il keçməsinə baxmayaraq, hadisə indiyədək araşdırılmayıb. Təyyarənin qara qutusunun müəmmalı şəkildə məhv edilməsi, hadisənin azərbaycanlıların Ermənistandan qovulduğu dövrə təsadüf etməsi təyyarənin qəsdən qəzaya uğradılması ehtimallarını artırır. Hətta zəlzələ zamanı Fransadan gələn xilasedicilər axtarış-xilasetmə işləri zamanı içində 70 nəfərə yaxın uşaq, qoca və qadının olduğu hər iki tərəfi qaynaqlanmış boru aşkar etmişdilər. Bu hadisədən sonra xilasetmə işlərini dayandıran fransızlar geri qayıtmışdılar.
Bu fakt azərbaycanlıların qovulduğu, soyqırıma məruz qaldığı, məhv edildiyini təsdiqləyirdi. Məhz belə bir vaxtda yardıma gedən azərbaycanlıların ölməsi də təsadüf sayılmır.
Qəzadan sonra hadisə yerinə toplaşan ermənilər sağ qalan azərbaycanlı xilasediciyə kömək də etməmişdilər. Yalnız əraziyə gələn sovet ordusunun hərbçiləri Fəxrəddin Babayevi təyyarənin qalıqları arasından çıxarmışdılar.
Daha bir maraqlı fakt həmin gün Ermənistana yardım üçün gedən Yuqоslаviyаnın АN-12 təyyаrəsinin də erməni terrorçular tərəfindən vurulmasıdır. Təyyarə Ankara-İrəvan reysi ilə uçuş həyata keçirirmiş. Erməni terrorçular da Türkiyəyə məxsus olduğunu zənn edərək təyyarəni vurmuşdular. Həmin təyyarədə olan 7 nəfərin hamısı ölmüşdü.
Qeyd edək ki, Heydər Əliyevin 1994-cü ildə imzaladığı sərəncamla ermənilərə yardıma gedən təyyarədə həlak olmuş şəxslərə şəhid statusu verilib.