DÖRDÜNCÜ RESPUBLİKANIN BİRİNCİ PREZİDENTİ İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB
BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Çox hörmətli və əziz Prezident! Mən Sizə 30 illik erməni işğalından azad etdiyiniz bir kəndin – Ağdamın Novruzlu kəndinin bir sakini kimi müraciət edirəm. Mən Sizə 30 il yollarına həsrət qaldığımız və bu gün Sizin sayənizdə yenidən qurulmaqda olan Ağdamın uca minarəsindən müraciət edirəm. Mən Sizə uşaqlıq illərimi çılğın pioner düşərgələrində, tələbəlik illərimin yay günlərini Sizin tonqal yandırdığınız Cıdır düzündə keçirdiyim o xoşbəxt çağlarımın gəncliyindən müraciət edirəm. Mən Sizə Müzəffər Ordumuzla birlikdə düşməndən azad etdiyiniz müqəddəs Qarabağdan müraciət edirəm. Mən Sizə 44 günlük Vətən müharibəsilə əzmini, inamını, milli qürurunu özünə qaytardığınız Böyük Azərbaycanın adi bir vətəndaşı kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimiz Heydər Əliyevin məzunu olması ilə fəxr etdiyi 25 min nəfərlik Bakı Dövlət Universitetinin adi bir müəllimi kimi müraciət edirəm. Mən Sizə Ulu öndərimizin xalqımızın tarixinə əbədi bir sevgi rəmzi kimi yazılmış “Mən həmişə faxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” nidasından fərəh hissi keçirən bir azərbaycanlı kimi müraciət edirəm. Mən Sizə 5 övladı, 12 nəvəsi, 2 nəticəsi olan bir ailənin başçısı kimi müraciət edirəm. Və nəhayət, mən Sizə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş, Zəfərimizin reallaşmasında xüsusi xidmətləri olan, Azərbaycanın haqq səsini dünyaya çatdıran, bu gün bir informasiya ordusu olaraq sizin yanınızda dayanmış jurnalistlər ordusunun sıradan bir müəllimi kimi müraciət edirəm.
Cənab Prezident! Mən adi bir insan, sadə bir vətəndaş kimi hər gün camaat içərisindəyəm: metro qatarında, avtobusda, Bakının küçələrində, öz avtomobilimlə tez-tez səfərlərə - doğmalarımı, tələbə məzunlarımızı görməyə üz tutduğum Qarabağ, Quba, Tovuz, Lənkəran... yollarında rast gəldiyim hər kəs sizin haqqınızda qürur hissi ilə danışır. Sizin 44 günlük Vətən müharibəsi günlərində Qarabağın işğaldan azad edilməkdə olan hər nöqtəsi ilə bağlı telekanallarla xalqa fərəh və qürur dolu xəbərləriniz, xarici jurnalistlərə verdiyiniz saysız-hesabsız müsahibələriniz ziyalı zümrəmiz bir yana, sadə camaatın gündən bu günə dəyişilməz mövzusu – söhbət dünyasıdır. Bu sadə insanlar Sizin Vətən müharibəsindən əvvəl Qarabağ söhbətlərinizi qürurla xatırlayırlar. Bir zaman Ağcabədidə qaçqın və köçkünlər üçün inşa edilmiş evlərin açarlarını onlara təqdim edəndə dediyiniz kövrək fikirləri heç kim unuda bilmir. Həmin gün Sizin doğum gününüz idi. Siz o qaçqın və köçkünlərin qarşısında, əlinizdə onlara verdiyiniz mənzillərin açarları yuxarı qaldıraraq dediniz: “Bu gün mənim ad günümdür. Amma mən ad günümü öz evimdə deyil, sizinlə bir yerdə keçirməyi üstün tutdum”. Mən özüm də, cənab Prezident, o kövrək səhnəni televiziya efirində izləyirdim. Sizin o sözlərinizin yurduna, yuvasına həsrət qalan o qaçqın və köçkünlərə necə təsir etdiyinin hər kəs şahidi oldu.
Cənab Prezident! Qələbəmizdən sonra Sizin hər həftə, bəzən hər gün azad olunmuş torpaqlarımıza səfərlərinizin hər biri haçansa dastanlara çevriləcək. O yerlərdə qaldırdığınız bayraqlarımız, şəhid ata-anaları qarşısında keçirdiyiniz kövrək hisslər və bu hisslərdən sonra düşmənə mesajlarınız xalqımızın Sizə inamını birə beş artırdı. Sizin Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə bu müqəddəs elm və təhsil ocağına gəlməyiniz, Universitetin kürsüsündəki çıxışınız da xalqımızın yaddaşına yazıldı. Siz o tribunadan bizə - müəllimlərə çağırış etdiniz; Gənc nəslə təkcə elm, bilik vermək bəs deyil, onları bir vətəndaş kimi, Vətənə bağlı nəsil kimi yetişdirmək lazımdır! Sizin bu çağırışınızdan cəmi iki il keçdi və 44 günlük Vətən müharibəsində güvəndiyiniz Azərbaycan gəncliyinin qəhrəmanlığı hər nitqinizin əzbəri oldu. Sizin dövrünüzdə - 30 ildə yetişmiş bu gənclik Şuşanın qarlı qayalarını aşıb o müqəddəs torpaqdan düşməni “iti qovan kimi” qovdu.
Cənab Prezident! Müharibə bitdi, həm 44 gündəki qələbəmizlə, həm də 23 saatlıq antiterror tədbiri ilə. Bu qələbənin başında Ali Baş Komandan, məğlubedilməz ordumuz və dövlət-xalq birliyi dayandı. Amma tanıdığım, münasibətdə olduğum səmimi camaatın belə bir səmimi fikri var: Hər şey İlham Əliyevin diplomatik bacarığına bağlı oldu. İndi sadə xalqdan tutmuş səviyyəli politoloqlara qədər hər kəsin dilə gətirdiyi bu fikri - Sizin həm Vətən müharibəsindən, həm də o vaxtdan bu günə gələn fəaliyyətinizdə öz təsdiqini tapmış və tapmaqdadır. Qardaşınız Rəcəb Təyyub Ərdoğana münasibətiniz, Türk Dövlətləri Təşkilatının rəhbərləri ilə səmimi dostluğunuz, Avropa dövlət başçıları ilə görüşləriniz Sizin nə qədər yüksək səviyyəli bir dövlət Lideri olduğunuzu sübut etməkdədir. 44 günlük Vətən müharibəsindən dərhal sonra Rusiyanın “Национальная оборона” jurnalının baş redaktoru, dünyaca məşhur jurnalist İqor Korotçenkonun Sizdən müsahibə alarkən sonda dediyi bu cümlə hər kəsin yaxşı yadındadır. İ.Korotçenko sonda Sizə müraciətlə dedi: Cənab Prezident, Siz dünya Liderləri içərisində ulduz kimi parladınız!” Sizin haqqınızda buna bənzər fikirləri biz dünya şöhrətli qazax şairi və yazıçısı Oljas Süleymenovun, İTAR-TASS kimi beynəlxalq səviyyəli bir təşkilatın Baş direktorunun 1-ci müavini Y.Qusmanın, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirzoyevin və bir çox başqalarının dilindən eşitmişik. 2008-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Türkdilli Xalqların Qurultayında R.Ərdoğanın tribunadan ehtiraslı açılış nitqi anında Siz qurultaq salonuna daxil oldunuz və bu anda Ərdoğan nitqinə ara verib “Sayın Başkanım!” nidası ilə Sizi qarşıladı. Onda mən də o salondaydım və Ərdoğanın Sizin gəlişinizə necə sevindiyinin canlı şahidi oldum. Serbiya Respublikasının Lideri Vuçiçin Avropadakı böyük bir tədbirdə çıxışı zamanı üzünü Sizə tutub Avropanın Sizə ayrıca sevgisini dilə gətirməsi də ürəyimizi qürur hissi ilə doldurdu və s.
Cənab Prezident! Sizin diplomatik görüşlərdəki nitqinizə heyran qalmamaq mümkün deyil. Sizin doğma dilə sevginiz, heç bir kağıza baxmadan göstərdiyiniz şifahi nitq üslubunuz şəxsən mənə bir dərs təsiri bağışlayır. Əlbəttə, deyə bilərik ki, bir azərbaycanlı adamın öz dilinə belə münasibətində nə təəccüb var? Amma axı, biz hamımız onu da bilirik ki, Siz bütün təhsilinizi – orta məktəbdən tutmuş Moskva Dövlət Beynəlxalq Münasibətlər Akademiyasına qədər hamısını rus dilində bitirmisiniz. Bəli, bütün təhsilini başqa dildə alıb öz dilində yaxşı danışıb yazanlar çoxdur. Amma bütün səmimiyyətimlə deyirəm ki, belə məzunlar içərisində mənim Prezidentim qədər səviyyəli bir kəsə rast gəlməmişəm. Siz, cənab Prezident, eyni aydın üsluba və nitqə, xarici dillərdəki çıxışlarınızda da sahibsiniz. Sizin xarici jurnalistlərlə apardığınız brifinqlərdə hər kəsin sualına onun öz dilində səlis cavabınız həmin jurnalistlərin reportajlarında, bir qayda olaraq, ayrıca yer alır.
Cənab Prezident! Bizim Bakı Dövlət Universitetində struktur otaqlarının hər birində Ulu öndərin və Sizin özünüz qədər yaraşıqlı və qürurlu portretiniz asılıb. Mən hər dəfə iş otağımdakı divarda Sizin portretinizə baxanda Qələbədən sonrakı çıxışlarınızın birində dediyiniz bir fikrinizi xatırlayıram. Siz o zaman dediniz ki, “işğaldan ötən uzun illərin sonlarında artıq köçkünlərimizin doğma yurdlarına qayıtmaq ümidləri sönməyə başlamışdı. Biz bu ümidi yenidən onlara qaytardıq və 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdik”. Cənab Prezident! Siz təkcə qaçqın və köçkünlərimizi deyil, bütöv bir xalqın, milyonların ümid çırağı oldunuz. Bu ümid çırağının gur şöləsi Zəfər yolunu işıqlandırdı və bu işıq əbədi bir məşəl kimi bu gün daha əzəmətlə yolumuza işıq saçmaqdadır. Və bir də, cənab Prezident, yəqin hamı bilir ki, hər bir müəllim şagirdindən, tələbəsindən yaşca mütləq böyük olur. Mən Sizin çoxistiqamətli fəaliyyətinizdən, diplomatik görüşlərinizdən, Vətənə, xalqa sonsuz sevginizdən, Zəfər yolundakı qəhrəmanlığınızdan, şəhid sözü qarşısında keçirdiyiniz kövrək duyğularınızdan, gənc nəslə qayğılarınızdan, yaşlı nəslə intəhasız hörmətinizdən, çoxsaylı dil öyrənmək bacarığınızdan, səlis və aydın nitq qabiliyyətinizdən, ən çətin suallar qarşısındakı hazırcavablığınızdan ... dərs almaqdayam. Bu hesabla Siz mənim ən çox öyrəndiyim MÜƏLLİMİMSİNİZ! Tələbəsindən nə az, nə çox – düz 20 yaş cavan bir MÜƏLLİMİM! Mən 2024-cü il fevralın 7-də Dördüncü Respubilkamızın Prezidentliyinə namizəd MÜƏLLİMİMƏ 82 yaşlı bir tələbəsi kimi ürəyimin bütün hərarəti ilə səs verəcəyəm. Sizi Dördüncü Respubilkanın ilk Prezidenti kimi elə bu yazını qələmə aldığım andan təbrik edirəm, əziz MÜƏLLİMİM!