II yazı
Azərbaycan Qafqazda Avropa ilə Asiya arasında əsas geosiyasi körpüdür
Zbiqnev BZEJİNSKİ
Azərbaycanın potensialı və şansı
Bu məqalənin I hissəsində qoyulan sualı xatırlayaq: “Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturasının yeni oyunçusunun məhz Azərbaycan olması” tezisi hansı faktlar və faktorlara əsaslanır?
Suala əsaslı cavab vermək üçün iki araşdırma səviyyəsi arasında əlaqə yaratmaq şərtdir. Birincisi, Cənubi Qafqazda yerləşən müstəqil dövlətlərin regional və qlobal miqyaslarda yeritdikləri siyasətin məzmununun özəllikləri aydınlaşmalıdır. İkincisi, milli müstəqil dövlətlərin həmin siyasətinin regional və qlobal səviyyələrdə nə dərəcədə səmərəli (o dövlətin nüfuzunun artması kontekstində regional və qlobal miqyaslar üçün nə dərəcədə müsbət effektli olması aspektində) olduğu müəyyənləşdirilməlidir.
Bu iki aspekt bir məqamda birləşir: Cənubi Qafqazın region kimi geosiyasi xüsusiyyətləri prizmasında yerli dövlətlərin yeritdikləri siyasət onları geosiyasi oyunçu kimi qəbul etməyə imkan verməlidir! Dövlətin hansı keyfiyyətləri geosiyasi oyunçu olmağa imkan verir? Burada dövlət başçısının siyasətinin yeri və rolu nədən ibarət olmalıdır?
Azərbaycanla bağlı yuxarıda qoyulan sualların cavabları öncə vurğuladığımız aspektlərdə meydana çıxan suallara cavab axtarışlarını tələb edir. Bu kontesktdə onu deyək ki, “geosiyasi oyunçu” anlayışı da konkret məzmuna və şərtlərin ödənməsinə bağlıdır. Müasir mərhələdə hansı dövlətlər geosiyasi oyunçu sayıla bilərlər? Filosoflar, politoloqlar və analitiklər bu sualı araşdırırlar. Onun konkret nümunləri də hər bir region üçün mövcuddur. O cümlədən, Cənubi Qafqaz regionunda geosiyasi oyunçu olmaq imkanlarının da fəlsəfi, siyasi-nəzəri və geosiyasi parametrlərindən bəhs etmək mümkündür. Burada iki məsələni aydınlaşdırmaq gərəkdir. Birinci məsələ Cənubi Qafqazın region kimi özəllikləri haqqında ifadə edilən fikirlərlə bağlıdır. İkinci məsələ Cənubi Qafqazın regional özəllikləri şəraitində yerli dövlətlərin fəaliyyətlərinin məzmununun onların regional oyunçu olmaq potensialının göstəricisi kimi dərk edilməsidir. Öncə Cənubi Qafqazın regional özəllikləri üzərində dayanaq.
“Avrasiya incisi”nin “oğurlanmış dəyəri”
İndi araşdırmaçılar Cənubi Qafqaza adətən kənar böyük güclərin mübarizəsi prizmasında baxırlar. Onlara elə gəlir ki, bölgənin heç bir dövlətinin mövcud prosesdə təsirli rola malik olmaq imkanları yoxdur. Azərbaycan, Gürcüstan və Ermənistan hansısa funksiya yerinə yetirə bilərlər, lakin təsirli yerli geosiyasi oyunçu olmaq şansları minimumdur.
Bir sıra tədqiqatçılar bəzən bu siyahıdan Azərbaycanı çıxarırlar. Onlar yazırlar ki, ölkə hazırda regionun geosiyasi oyunçusudur. Məsələn, A.Draqanov yazır ki, Azərbaycanın Cənubi Qafqazın geosiyasi panoramasında tutduğu strateji yeri müxtəlif analitik mərkəzlər, ekspertlər və politoloqlar araşdırırlar. Onların əsasında A.Draqanov belə nəticəyə gəlir ki, Cənubi Qafqazda “yalnız Azərbaycanın geosiyasi seçim imkanı mövcuddur”, yəni Gürcüstan və Ermənistan üçün belə bir lüks yoxdur. Bu o deməkdir ki, real olaraq regional geosiyasi oyunçuluğa iddialı Azərbaycandır.
Lakin sonrakı fikirlərində A.Draqanov yanlışlığa yol verir. Yazır ki, bunlar Azərbaycanın regionda “öz oyununu apara biləcək oyunçu olması” üçün yetərli “geosiyasi potensiala malik olmasına kifayət etmir”. “Məhz buna görə də Azərbaycan strateji tərəfdaş kimi Türkiyəni seçmişdir, ancaq, başqa dövlətlərlə, o cümlədən Rusiya ilə əməkdaşlıqdan heç zaman imtina etmir” (bax: Драганов, A Иран как региональный геополитический игрок // Журнал «Современный Кавказ: Геополитический выбор», Москва-Пятигорск, - 2009, - с. 242-247).
Bu fikirləri A.Draqanov yazanda Türkiyə ilə yanaşı, Rusya da Azərbaycanın strateji tərəfdaşı idi. Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa aid sənəd 2008-ci ilin 3 iyulunda imzalanmışdır. Həmin sənədin bazasında isə 1997-ci il iyulun 3-də imzalanmış qarşılıqlı təhlükəsizlik, əməkdaşlıq və dostluq haqqında müqavilə dayanır.
Bu faktları A.Draqanov ya bilməmişdir, ya özünü bilməyən kimi göstərmişdir, ya da imzalanan sənədlərə inanmamışdır. Ancaq bunlar onun problemidir, reallıq isə həmin sənədlərə hər iki tərəfin əməl etdiyini sübuta yetirir. Konkret olaraq, 1997-ci ildən bu yana Rusiya Azərbaycanın daxili işlərinə qarışmır və üstəlik, rəsmi Bakının atdığı prinsipial geosiyasi addımları dəstəkləyir. Kremldə açıq etiraf edirlər ki, Azərbaycan müstəqil siyasət yeridir və onun maraqlarına qarşı çıxmaq fikirləri (bəlkə də imkanları) yoxdur. Bu məqam xüsusilə 44 günlük II Qarabağ savaşından sonra daha qabarıq özünü göstərməkdədir.
Azərbaycanla Rusiya arasında münasibətlərin xarakteri və məzmununu müəyyən edən iki fundamental sənədi də mütləq vurğulamaq lazımdır. Onlardan biri 2018-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin imzaladıqları birgə Bəyannamədir, digəri isə 2022-ci ilin fevralında imzalanan Strateji Müttəfiqlik sənədidir. Rusiya XİN bütün bunların əsasında verdiyi bəyanatlarda vurğulayır ki, Azərbaycanla Rusiya arasında 2021-ci ilə qədər müxtəlif məzmunlu 150-dən çox sənəd imzalanmışdır. Tərəflər bütün istiqamətlərdə əməkdaşlığı genişləndirirlər. Azərbaycan Rusiyanın Avrasiya iqtisadi İttifaqına üzv olmayan ölkələr sırasında ən yaxın ticarət tərəfdaşıdır. Və bütün sahələrdə tərəflərin bir-birinin müstəqilliyinə sayğısı mövcuddur.
Hazırda Rusiya-Azərbaycan münasibətləri o dərəcədə inkişaf etmişdir ki, hətta Qərbin qısqanclığı artmışdır. Lakin Rusiya-Türkiyə münasibələri də sürətlə inkişaf edir və Azərbaycanla bağlı məsələlərdə Ankara ilə Moskvanın eyni mövqedə dayandığı aydın görünür. Yəni, Azərbacanın müstəqil siyasəti dəstəklənir, o cümlədən regional miqyasda atdığı addımlar təqdir olunur. Konkret desək, burada Bakıya qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz!
Deməli, A.Draqanov da başqaları kimi yanılır – Azərbaycan artıq real olaraq regional geosiyasi oyunçudur! II Qarabağ savaşından sonra regional geosiyasi miqyasda baş verənlərin postmüharibə mərhələsi kontekstində təhlilinə irəlidə baş vuracağıq. İndi isə bir sıra araşdırmaçıların hansı səbəblərdən Azərbaycanla bağlı həqiqətləri yarımçıq dedikləri üzərində dayanaq.
Məsələn, A.Draqanov niyə yanılmışdır? Çünki qlobal miqyasda regional proseslərin yerini və rolunu obyektiv müəyyənləşdirə bilməmişdir. Məsələ ondan ibarətdir ki, hər regionun özünəməxsusluğu mütləq nəzərə alınmalıdır. Bu baxımdan Cənubi Qafqazı Mərkəzi Asiya, Şərqi Avropa, Uzaq Şərq, Cənubi Asiya, Yaxın Şərq və s. regionlarla eyniləşdirmək olmaz. Qafqazın öz dinamikası vardır. Buna uyğun da geosiyasi reallıqlar və onların dəyişmə istiqamətləri formalaşır.
Digər məqam bəzi araşdırmaçıların Cənubi Qafqazda Azərbaycanın geosiyasi funksiyasını və ya missiyasını tam olaraq dərk edə bilməmələri ilə əlaqəlidir. Lakin hələ keçən əsrin 90-cı illərində Z.Bzejinski və H.Kissincer kimi diplomatiya və siyasət nəhəngləri, güclü analitiklər Azərbaycanı Qərblə Asiya arasında Qafqazda əsas “körpü” kimi qiymətləndirirdilər. Həmin məsələyə H.Makkinderin “Böyük Hartlant” (“Böyük Avrasiya») konsepsiyası işığında yanaşırdılar.
Qısa arayış: “Hartlant” ingiliscə “Heartlant” sözündəndir və mənası “Yerin ürəyi” deməkdir. Bu anlayış ilk dəfə 1904-cü ildə Oksfort Universitetinin professoru, britaniyalı H.C.Makkinder tərəfindən işlədilmişdir. Həmin termin Avrasiyanın dünya geosiyasətinin mərkəzi, ürəyi olduğunu ifadə etməyə və Qərb dövlətlərinin xarici siyasətində Hartlandın aparıcı rol oynamalı olduğuna xidmət edirdi. 1919-cu ildən Hartland “tarixin oxu” terminini əvəzləyərək, konsepsiya səviyyəsinə qaldırılmışdır. O dövrdən indiyə qədər həmin konsepsiya dünya geosiyasi təfəkküründə mühüm yer tutur.
Deməli, Rusiya ilə Azərbaycanın əməkdaşlığı nəinki iki qonşu dövlət kimi geniş və dərindir, həm də iki müstəqil dövlət olaraq strateji müttəfiqlik xarakteri daşıyır. Bu şərtlər daxilində kiminsə kiməsə təzyiq göstərməsi mümkün deyildir.
Türkiyə ilə Azərbaycanın münasibətlərinə gəldikdə isə bu, tam aydın olan məsələdir. Onun təməlində Ulu öndərin “Bir millət, iki dövlət” kəlamı dayanır, münasibətlər buna uyğun qurulur və inkişaf etdirilir. Həmin səbəbdən araşdırmaçıların Türkiyənin Azərbaycanın hansısa regional fəaliyyətinə məhdudiyyət qoymasından danışmaları mümkün deyildir. Əksinə, Türkiyə daim Azərbaycanın Cənubi Qafqazın bütün sahələrdə söz sahibi olmasına çalışmışdır. Zatən A.Draqanov da məhz buna görə regionda Azərbaycan–Türkiyə birliyindən bəhs etməyə məcburdur.
Eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin konkret hüquqi çərçivədə qurması məsələsi mütləq vurğulanmalıdır. Həmin məqam Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Orada vurğulanır ki, tərəflər bir-birinə dəstək verirlər, daxili işlərinə qarışmırlar və bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Eyni fikirlər Rusiya ilə imzalanmış strateji müttəfiqlik sənədində də mövcuddur.
Avrasiyanın kəsişmə məkanı: Azərbaycan!
Diqqətə çatdırılan məqamların fonunda bizə “Pakistan Economic Net & Daily Ittehad Media Group”nun eksperti M.Faaruxun fikirləri daha inandırıcı görünür. Pakistanlı ekspert deyir ki, Azərbaycan Cənubi Qafqazın “açar geosiyasi oyunçusu və iqtisadi mərkəzidir”. Bu ölkə Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişmə məkanında yerləşir. Azərbaycan, sadəcə coğrafi anlamda iki böyük regionun “kəsişmə məkanı” deyildir. O, real olaraq “Qafqaz regionunda həlledici yeniləşdirən, dəyişən rolunu oynayır”.
Azərbaycanın iqtisadi yolu isə, sözün əsl mənasında, “kinematoqrafik transformasiyanı” xatırladır. Bütövlükdə Azərbaycan regional miqyasda möhtəşəm “transformasiya tarixi və həyat dayanıqlığı” nümunəsidir. Buna görədir ki, bu ölkə “geosiyasətin mürəkkəbliklərini və iqtisadi çağırışları məharətlə idarə edir”.
Nəhayət, elmi-tədqiqat işlərində də regional inteqrasiyada müxtəlif xarakterli faktorların qarşılıqlı əlaqəsinin ümumi mənzərəni yaratdığı vurğulanır. Həmin aspektdə Cənubi Qafqazda geosiyasi, siyasi, geoiqtisadi faktorların sintezi mühüm rol oynayır. A.A.Burov bununla əlaqədar yazır ki, Qafqazda siyasi inteqrasiya ilə iqtisadi inteqrasiya arasında elə sıx əlaqə vardır ki, onları bir-birindən ayırmaq olmaz. Bu özəllik Cənubi Qafqazda “inteqrasiya proseslərinin spesifikasını müəyyən edir”.
Beləliklə, Azərbaycanı regional miqyasda geosiyasi oyunçu kimi qəbul etməyə tam əsas mövcuddur. Bununla yanaşı, rəsmi Bakının regional siyasəti ilə regionlararası siyasəti arasında elə bir məntiqi və geosiyasi əlaqə vardır ki, Azərbaycanı geosiyasi oyunçu kimi daha yüksək zirvəyə qaldırır. Bu da dünyanın yeni təhlükəsizlik arxitekturasının yaradılmasında regional miqyasda açar rolunu oynayır. Həmin aspekti təhlil etmək və onun əsasında geosiyasi proqnoz vermək mümkündür. Biz hansı geosiyasi əlaqələri nəzərdə tuturuq?
(ardı var)
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru