Hələ XI əsrdə Yusif Xas Xacib Balasaqunlu türk dövlətçilik fikrinin geniş əks olunduğu “Qutadğu bilik” əsərində yazırdı: “Bəylər biliklə xalqa baş oldular. Ağılla elin işini yoluna qoydular”. Bu sadə, amma ümumbəşəri fikirlərin qələmdən çıxmasından min il əvvəl də, sonrada bir ehkam dəyişməz olaraq qalır: xalqa baş ola bilmək üçün gərək, başda duranın biliyi, ağlı ola.Əbəs yerə deməyiblər ki, savadsızın ən pisi, ən qorxulusu-əlində hakimiyyət olanıdır!Bəşəriyyətin ən böyük ixtiralarından olan yazının yaranması ilə ənənəvioxu prosesinin əsası qoyulub, kitabçapı ilə isə oxu prosesi daha da təkmilləşərək, günümüzə qədər bir sıra dəyişikliklərə məruz qalıb.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi az qala dünyanın yarısını fəth etmiş İskəndərin obrazını yaradarkən, ona alim və peyğəmbər ipostası da vermişdi. Çünki Nizaminin poemasında hədsiz dərəcədə güclü, misilsiz rəşadət və döyüş bacarığına malik İskəndər, oxumağı, biliyi, savadı qələbənin əsas rəhni kimi görürdü.
Görkəmli alimlər, filosoflar, ədiblər, ictimai-siyasi xadimlər, dövlət başçıları həm öz dövrlərində, həm də həyatla vidalaşdıqdan sonra diqqət mərkəzində olub və onların mütaliə vərdişləri daim maraq doğurub,tədqiq edilib. Mütaliə bu dahi şəxsiyyətlərin dünyagörüşündə, intellektual inkişafında, elmi, ictimai, siyasi fəaliyyətində əhəmiyyətli yerə malik olub.Kitab oxumağı sevən liderlər sırasında dünya miqyaslı nəhəng siyasətçi, Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevin adı ön cərgədə çəkilməlidir. Azərbaycan tarixinin yetişdirdiyi qüdrətli şəxsiyyətlərdən biri kimi, ümummilli lider Heydər Əliyev (1993-2003) ölkəyə rəhbərlik etdiyi illərdə kitab nəşrinin və kitabxanaların inkişafına, kitab fondlarının yerli və xarici nəşrlərlə zənginləşdirilməsinə böyük töhfələr verib.Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə və dünya ictimaiyyətinə tanıdılmasına böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyev kitaba böyük sevgi bəsləyib, hər zaman gənclərə ləyaqətli, intellektual və bilikli vətəndaş kimi ölkənin rifahına xidmət edə bilmək üçün daim öz üzərində çalışmağı, yeni məlumatlar əldə etməyi, kitab oxumağı tövsiyə edib.1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olmuş dahi lider Heydər Əliyevin kitabxananın fonduna bağışladığı kitablar Milli kitabxananın fondunda qorunan qiymətli kolleksiya kimi sərgi zalında sərgilənir və eyni zamanda, il ərzində müxtəlif idarə və təşkilatlarda səyyar kitab kolleksiyası kimi nümayiş etdirilir. Həmin kitabların məzmununa nəzər saldıqda burada Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə dair, Türkiyə və Cənubi Azərbaycan ədəbiyyatına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrə, kənd təsərrüfatına, İslam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixinə dair Azərbaycan, rus və dünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur.Ulu Öndərin çıxış, nitq və müsahibələrində səsləndirdiyi fikirlər, natiqlik məharəti, müxtəlif situasiyalarda verdiyi doğru qərarlar, siyasi uzaqgörənlik, erudisiya, intellekt və liderlik keyfiyyətlərinin formalaşmasında onun oxuduğu kitablar öz təsirini göstərib.Heydər Əliyev müxtəlif çıxış, nitq və məruzələrində hər zaman Azərbaycanın və türk dünyasının görkəmli ədiblərini, yazıçı və şairlərini, alim və ictimai fikir sahiblərinin, maarifpərvər ziyalıların ölkəmiz, xalqımız, türk dünyası və ümumilikdə bəşər mədəniyyəti üçün bəxş etdiyi töhfələrdən danışaraq İbn Sina, N.Tusi, Firdovsi, Nizami, Nəvai, Y.Əmrə, Məhtimqulu, Abay, M.Kaşğari, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyov, H.Cavid, S.Vurğun, Homer, Şekspir, Puşkin kimi məşhur ədiblərin əsərlərini mütaliə etməyi, yaşatmağı gənc nəslə tövsiyə edib [4].Müxtəlif müsahibələrində ən çox sevdiyi şeirin Səməd Vurğunun “Azərbaycan” şeiri, ən çox sevdiyi şairin Məhəmmədhüseyn Şəhriyar, ən çox sevdiyi pyesin Cəlil Məmmədquluzadənin “Ölülər”pyesi, ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi jurnalın isə “Molla Nəsrəddin” olduğunu bildirib.Ulu Öndər siyasətinin layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəkası, intellekti, liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi ilə dünya tarixinəadını qızıl hərflərlə yazdırmış liderlər sırasındadır. Modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirən Prezident İlham Əliyev həm də çox geniş mütaliə marağı olan oxucudur.Hələ Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi ikən Britaniyanın siyasi tarixşünaslığı ilə maraqlanan İlham Əliyev bununla əlaqədar tez-tez İnstitutun xüsusi fondunda saxlanan xarici nəşrləri, beynəlxalq elmi jurnalları, dövri mətbuatı oxuyurdu. Bu barədə İnstitut kitabxanasının Dövri nəşrlər şöbəsinin müdiri Raisa Polevoy bir müsahibəsində qeyd edir. O bilidirir ki, İlham Əliyev hər gün xüsusi fondda saxlanılan ABŞ və Britaniya nəşrlərini oxumaq üçün kitabxanaya gəlir və vaxtının böyük hissəsini kitabxanada keçirirdi. Onun müsahibəsində liderin təkcə Britaniya ilə bağlı 50-yə yaxın kitab oxuduğu da qeyd edilir.Mütaliə etdiyi, araşdırdığı kitablar, dövri nəşrlər sayəsində İlham Əliyev 1985-ci ildə Böyük Britaniyanın Liberal partiyası (“Антивоенное движение в Великобритании на современном этапе и отношение к нему политических партий”) ilə bağlı dissertasiya işini uğurla müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. Sonra İnstitutda elmi fəaliyyətini davam etdirərək müəllim kimi çalışmağa başlayıb. Dissertasiya işində istifadə olunmuş ədəbiyyat siyahısına nəzər salsaq görərik ki, burada 1931-ci ildə çap edilmiş nəşrlərdən tutmuş, 1985-ci il də daxil olmaqla 239 adda rus və ingilis dilində müxtəlif ölkələrdə nəşr edilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix, daxili və xarici siyasət, iqtisadiyyat, partiyaların fəaliyyəti barədə kitablar, “Вопросы истории”, “Международная жизнь”, “Мировая экономика и международные отношения”, “Daily Mirror”, “Europa-Archiv”, “Government and Opposition”, “Labour Research” və başqa nüfuzlu dövri nəşrlər yer alıb. Bu mənbələr də uztaqgörən liderin geniş və əhatəli mütaliə dairəsindən xəbər verir [13, s. 198-206.].2020-ci ildə 44günlük İkinci Qarabağ müharibəsi dövründə ölkə başçısı 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Bu müsahibələrin mətni ilə tanışlıq, verilən “sifarişli”, bəzi ittiham xarakterli suallara prezident İlham Əliyevin tutarlı və əsaslı cavablarıbeynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilməsinin göstəricisi, hərtərəfli biliyinin vəgeniş mütaliə dairəsinin bariz nümunəsi idi. Bu müsahibələr, silsilə bəyanatlar, müxtəlif beynəlxalq görüşlərdə liderlik mövqeyi Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.Onu da qeyd edək ki, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə ötürülməsində və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, fondların yeni nəşrlərlə zənginləşdirilməsi, virtual kitabxanaların yaradılması, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutub.Sistemli və geniş mütaliə,bu mütaliədən əldə olunanlardanhər zaman xalqın rifahı, tərəqqisi, ədalətli qələbəsi naminə istifadə etməkgörkəmli və uzaqgörən dövlət xadimlərinin ictimai-siyasi görüşlərinin əsasını təşkil edir. Qutadğu bilik – yəni qutluya, yaxşıya, zəfərə aparan bilik də elə o bilikdir ki, bəşər övladı, o cümlədən xalqına baş olanlar onu faydalı əsərlərdən, kitablardan oxuyub əxz edir.Adilə Abdullayeva,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru