EN

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi rəqəmsallaşdırılır

Dekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirilib.

APA xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Bank Assosiasiyasının rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, bu sahədə mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin Fərmanının icrası ilə bağlı görülən tədbirlər barədə məlumat verib, ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə Məhkəmə Ekspertizası Mərkəzinin mühüm rolunu qeyd edib.

Mərkəzin rəisi Elçin Qasımov qurumun tarixi, fəaliyyət istiqamətləri, müasir imkanları və beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Məhkəmə ekspertizası sahəsində fəaliyyətin rəqəmsallaşdırılması, ədliyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması məqsədilə hazırlanmış ekspertizaların icra vəziyyətini izləməyə və nəticələri barədə məlumatlar əldə etməyə imkan verən yeni elektron xidmətin təqdimatı keçirilib, onun funksionallığı əyani nümayiş etdirilib.

Bildirilib ki, e-xidmət vasitəsilə işin (materialın) nömrəsi, ekspertizanın növü, sənədin Mərkəzə daxil olma tarixi, onun icra vəziyyəti, əlavə material (sübutların) təqdim edilməsi və ya tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda onun tarixi, mahiyyəti və vəsatətə baxılması nəticəsi, habelə rəyin verilməsi tarixi, rəy verilmədiyi halda isə səbəbi və sənədin icra olunmadan geri qaytarılması tarixi barədə məlumatlar əldə etmək mümkündür.

Tədbir zamanı həmçinin, məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tələbindən irəli gələrək hazırlanmış Məhkəmə Ekspertlərinin Reyestri, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri və Məhkəmə ekspertizasının metodik fondunun mahiyyəti və əhəmiyyəti barədə təqdimat keçirilib. Diqqətə çatdırılıb ki, Nazirlik tərəfindən yaradılan elektron resursların informasiya təminatı Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq ekspertiza idarələrinin məlumatları əsasında formalaşıb.

Tədbir iştirakçıları ekspertiza sahəsində tətbiq olunan rəqəmsal innovasiyaları maraqla qarşılayaraq bu yeniliklərin ekspertiza fəaliyyətində şəffaflığın və operativliyin artırılmasına, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasına xidmət edəcəyini vurğulayıblar.

Chosen
95
10
apa.az

10Sources