Daim ermənilərə tərəf olan Fransa 44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi kimi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən, qələbəmizi kölgədə qoymağa çalışan ölkələrdən biridir. Hər zaman Ermənistana dəstəyini ifadə edən, Rusiya ilə bağlı planı yolunda bu ölkədən istifadə edən Fransa həm onu silahlandırmaqla, həm də Cənubi Qafqazda digər pozuculuq cəhdləri ilə ölkəmizə qarşı qərəzli mövqeyini dəfələrlə nümayiş etdirib.
Bugün Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Bildirilib ki, səfirliyin iki əməkdaşı "persona-non-grata" elan olunub, onların 2 gün ərzində ölkəni tərk etməsi tələb edilib. Buna səbəb kimi həmin şəxslərin diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyəti göstərilib.
Demək olar ki, hər bir ölkədəki səfirliklərdə diplomatik pərdə altında xüsusi xidmət orqanlarının kəşfiyyatçıları və əks-kəşfiyyatçıları olur. Onlar öz ölkələrinin xeyrinə əldə etdikləri kəşfiyyat məlumatlarını mərkəzə ötürürlər. Əks-kəşfiyyatçılar isə səfirliyin əməkdaşları arasında başqa ölkələrə işləmək istəyənləri və ya işləyənləri müəyyən edir. Fransanın agenturasını ifşa etmək böyük nailiyyəti Azərbaycan xüsusi xidmət orqanlarının yüksək peşəkarlığından xəbər verir.
Göründüyü kimi Fransanın Qafqaz siyasəti iflasa uğrayıb. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində Fransa agentura şəbəkəsinin ifşası Fransanın ardıcıl uğursuzluqlarının davamıdır. Eləcə də, Fransanın son illər dəfələrlə Azərbaycana qarşı BMT TŞ-da qətnamə qəbuluna cəhdlərinin baş tutmaması xarici siyasətdə fiaskodur.
Fransa kəşfiyyatı son illər tarixinin ən pis dövrünü yaşayır. Onların Azərbaycan xüsusi xidmət orqanları qarşısında aciz qalması bunu deməyə əsas verir. Fransa xüsusi xidmət orqanları nə AUKUS işini, Ukrayna müharibəsini, nə də Malidəki çevrilişi və digər hadisələri əvvəlcədən proqnozlaşdıra bilməyib. Bununla yanaşı, Afrika və Cənubi Qafqazda ciddi uğursuzluğa düçar olublar. Hətta Makronun özü Fransa xüsusi xidmət orqanlarının "heç nədən xəbərinin olmadığı" ittihamını irəli sürmüşdü. Makron Administrasiyasının yalnış siyasətinin bir nümunəsi də özünü Fransa casus şəbəkəsinin ifşasında göstərir. Azərbaycana qarşı siyasət də bu yanlışların, düşünülməmiş addımların ən bariz nümunəsidir.
İslam
Milli.Az