EN

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağının iştirakçıları Bəyanat qəbul ediblər - YENİLƏNİB

Bakı, 27 dekabr, AZƏRTAC

Həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət edən Ulu Öndər Heydər Əliyev veteranlara hər zaman qayğıkeş münasibət göstərib. Ümummilli Liderin xalqımız qarşısında tarixi xidmətləri var. Onun qoyub getdiyi siyasi kurs ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin dekabrın 27-də keçirilən ümumi yığıncağında səsləndirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bütün kateqoriyadan olan veteranların iştirak etdiyi yığıncağı təşkilatın müavini, polkovnik Cəlil Xəlilov açaraq qeyd edib ki, Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət köklü şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdı. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqilliyin ilk illərində yazırdı: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək, bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının müqəddəs borcudur”.

Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu olub. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilib, onlara münasibət yüksək səviyyəyə qaldırılıb. 1994-cü il iyunun 24-dən etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulub.

Veteranlara dövlət qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini, onlara olan bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik və ideoloji kursunun şərəfli davamçısı, Prezidenti, Qalib Ordunun Ali Baş Komandanı İlham Əliyev isə veteranlara üz tutaraq deyib: “Onlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır... Hər bir vəzifəli şəxs, Sizə böyük diqqət və qayğı göstərməlidir. Mən bütün məmurlara tapşırmışam ki, Sizin problemlərinizlə məşğul olsunlar ki, Siz rahat yaşaya biləsiniz. Sizin buna haqqınız çatır... Çünki Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz... Biz Sizinlə fəxr edirik. Gənc nəsil də Sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Sizin kimi insanların rolu çox böyükdür”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarova, ölkədə veteranlara göstərilən qayğı və diqqəti qürur hissi və minnətdarlıqla xatırladaraq, Prezident, Ali Baş Komandan, İlham Əliyevi və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanı veteranlarımızın hamisi adlandıraraq, onlara öz dərin minnətdarlığını bildirib. O, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbəsinin tarixi önəmindən söz açıb.

Sumqayıt Şəhər Veteran Təşkilatının sədri - əmək veteranı Sovet Şükürov, Əməkdar müəllim Sara xanım Xanlarova, Milli Qəhrəman polkovnik-leytenant Anar Mirzəyev, istefada olan general-mayor Vladimir Timoşenko, professor İbrahim Quliyev, istefada olan polkovnik Yusif Məmmədov tədbirdə çıxış edərək Ulu Öndərin tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətini artırmaq üçün gördüyü misilsiz işlərə diqqət çəkiblər.

Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək Bəyanatı qəbul edib. Nərimanov Rayon Veteran Təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanov Bəyanatın mətnini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Yığıncaq Şəmistan Əlizamanlının ifası ilə sona çatıb.

Chosen
47
3
azertag.az

10Sources