EN

Politoloq: Parisin baş verənlərdən narahat olduğu bəllidir

Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur  Məlum olduğu kimi, Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “persona non qrata” elan etdi. Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayondan həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etmələri tələb edilib. Bundan başqa, xanım səfirə müvafiq nota təqdim edilib. Ekspertlərə görə, Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar fonunda bu qərar diqqət çəkir. Ötən gün yüksək peşəkarlıqla təşkil edilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlandı. Əməliyyatlar çərçivəsində onlardan bəzilərinin saxlanıldığı, bəzilərinin istintaq altında olduğu məlum oldu. Görünür, saxlanılanlar Fransa xəfiyyəsi olduqlarını etiraf ediblər.   Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, onların birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi istisna deyil: "Maraqlıdır ki, Fransa rəsmi olaraq nə Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarla, nə saxlanılan xəfiyyələrlə, nə də Fransa səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edilməsi ilə bağlı reaksiya verib. Buna baxmayaraq, rəsmi Parisin baş verənlərdən narahat olduğu bəllidir. Bunun real göstəricisi isə Fransa Prezidenti Emmanuel Makronun DGSE rəisi Bernar Emyeni vəzifəsindən azad etməsidir. İndiki məqamda Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır. Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları DGSE-nin mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu bizim üçün mühüm nailiyyət, Fransa və DGSE üçün ciddi bir fiaskodur".  Analitik vurğulayıb ki, prinsip etibarilə Fransa bundan öncə də rəsmi Bakıya bir neçə aspektdə məğlub olub: "Məsələn, Parisin Ermənistan-Azərbaycan sülh prosesində vasitəçilik missiyası rəsmi Bakı tərəfindən qəbul edilmədi. Bundan başqa, Fransanın Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul etmə cəhdləri də Bakının uzaqgörən siyasəti və usta siyasi həmlələri ilə nəticəsiz qaldı. Bütün bunların fonunda Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur".

Chosen
281
31
sherg.az

10Sources