EN

Daşlaşan, yadlaşan qəlb - BDU tələbəsi yazır...

Universitetdə dördüncü kurslar üçün sonuncu dərs günü idi. Dərslərin keçirilməyəcəyini bilə-bilə üz tutdum universitetə sarı. Hər zamankı kimi "Tədris Teleradio Studiyası"na baş çəkdim. Burada beş-altı nəfər olsa da onları tanımadım. Buna görə də pilləkənlərlə bir mərtəbə aşağı düşdüm. Fakültəyə daxil olub, sol istiqamətdə dəhliz boyu irəlilədim. Bu an gözlərimə inanmayacaq hadisə ilə üzbəüz qaldım. İlk dəfə idi ki onları birlikdə görürdüm. Amma onun yanındakı xanım məni tanımırdı. Çox güman, məndən ona bəhs edilməmişdi. 

Demək olar, dərslərin yekunlaşdığı bir zamanda mənim bura gəlməyimi hansısa qüvvə sövq eləmişdi. Bu an təsadüf və zərurət məsəli beynimdə canlandı. Odur ki, göz önündə canlanan mənzərəni görməyə və gördüklərindən cansızlaşan bəndəsinə Tanrı baş verənlərdən nəticə çıxarmağı lüzum bilmişmiş. 

Gördüklərim məni çox sarsıtdı. Bir anlıq bədənimin buz bağladığını zənn etdim. Bədənim kimi zamanın da donduğunu düşündüm. Ruhuma ağırlıq gətirən, gözlərimə qaranlıq çökdürən səbəb tam fərqli idi. Gözlərim önündə yaddaşımda yadlaşmayan auditoriya  və vaxtilə özünü "doğma" biri kimi sırıyan, qəlbindən daşlaşmağa başlayan heykəl görünürdü. Nədənsə bu an bədənlərində soyuq qan daşıyan daş qəlbli insanlara üsyan edən Sabir düşür. Satira babamızın hansı iztirablar çəkdiyini, "...Hər zülmə dözən canları nеylərdin, ilahi?!." ifadəsindəki ağrılı nidanı, cavabsız sualı düşünürəm. Və için-için qovrulur, ilmə-ilmə sökülürəm. 

"Daş heykəl"in həmin auditoriyaya gələrək, dil açdığını, ünvanıma "haycan" söylədiyini xatırlayıram. Kimin ağlına gələrdi ki, mənimlə söhbət etdiyi həmin auditoriya qarşısında  aylar sonra başqa biri ilə görüşüb, ona gül uzadacaq?! 

Onu gördüyümü hiss etdi. Emosiyasının necə olduğunu bilmədim. Üzünə belə baxmadım. Ancaq üzbəüz dayandığı xanımı müşahidə edirdim. Elə hey düşünürdüm: niyə məhz o? Hansı üstün cəhətlərinə görə, mən yox, o?! 

Suallar beynimdə cavabsız qaldığı sırada arxaya döndü, məni gördü. Düzü, keçirdiyi hissləri bilmək istəyərdim. Görəsən, heç vicdanı sızladımı, göynədimi?

Beynimdə bir-birinə dolaşan fikirlər, sanki gözlərim önünə dumandan örpək çəkmişdi. Ayaqlarım da fikirlərim kimi bir-birinə dolaşır, az qala məni ikinci dəfə yıxmağa çalışırdılar. Bu məqamda yenidən onunla qarşılaşdım. Bu dəfəki mənzərə daha ağrılı, bir o qədər də ürəkbulandıran oldu. Sanki hər şey belə olmalıymış kimi beşinci mərtəbədən sürətlə düşərək, xanımın arxasınca qaçdı. Sən demə hər ikinci günlər iki aşiqin görüş günü imiş. Sən demə hər çərşənbə axşamı aşiqlərin qəlbində sevgi tonqalı daha gur yanarmış... 

Onlardan fərqli olaraq, mən həyatımın sınağını yaşayırdım. Sözün həqiqi mənasında son dərs gününü yaşayırdım, həyatın ən ağrılı dərsini, imtahanını... 

Sonuncu dəfə onu qrup və patok oğlanları ilə birlikdə gördüm. Yanlarından iri və iti addımlarla aralandım ki, daha nə o məni görsün, nə də mən onu.

Artıq dayana bilmirdim. Eyni ortamda olmaq mənə çətin idi. Həmin xanımı və əlindəki gülü yadıma salanda dəhşətə gəlirdim. Bir zaman o güldən mənə də aldığını, daha doğrusu almadığını xatırladım. Tarqovıdan (Nizami küçəsi) keçərkən satıcı bizim gözləmədiyimiz anda gülü israrlı şəkildə bizə tərəf uzatmışdı. O da çıxılmaz vəziyyətdə qalıb, gülü almışdı. İndi bu iki güllər arasında məni incidəcək qədər fərq var idi: istəyərək alma(ma)q fərqi, yaxud da istə(mə)yərək almaq. 

Düşüncələrin caynağında boğulduğum anda kurtkamı, çantamı götürərək, qaça-qaça həyətə düşdüm. Arxamca məni çağıran rəfiqəmə belə cavab verə bilmədim. 

Universitetin həyətində xeyli tanış simalar var idi. Kimsə olanları duymasın deyə, universitet binasının önündə iri gövdəli palıd ağacının altında və vaxtilə bizə doğma olan oturacaqda əyləşdim. Bu dəfə yanımda o deyil, rəfiqəm var idi. Hönkürtü ilə ağladım, utana-utana gördüklərimi, keçirdiyim daxili iztirabları rəfiqəmə danışdım, amma yenə rahatlıq tapmadım. Deyilən bütün sözlər, verilən təsəllilər hamısı təsirsiz idi. Çünki heçnə bu gün gördüklərimi dəyişmirdi. Gözlərimin önündə bir-birləri ilə görüşür, bir-birlərini sevirdilər…

Aysel Nəcəfova, BDU Jurnalistika fakültəsinin tələbəsi

Chosen
301
tehsil.biz

1Sources