EN

“Bayer”in ehtiyat oyunçular skamyasından avrokubokların ən yaxşı qapıçısı olmağa doğru - LUNYOVUN TƏRƏQQİSİ

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun etibarlı oyunu vətənində də diqqət mərkəzindədi.

“Championat.com” saytının əməkdaşı Dmitri Ziminin bu mövzuda yazısını təqdim edirik. Bəribaşdan vurğulayaq ki, yazıda bəzi mübahisəli məqamlar da var. Məsələn, “Qarabağ”ın müdafiə xəttinin gücsüzlüyü ilə bağlı...

Yaydan Andrey Lunyovun başına gələnləri xatırlayırsızmı? 31 yaşlı kiper müqavilə müddəti bitəndən sonra “Bayer-04”ü tərk etdi, Sankt-Peterburqa uçdu və qısa istirahətdən sonra qəfil “Zenit”in bazasında göründü. Təbii ki, baxışdan keçmək və ya müqavilə bağlamaq üçün yox. Lunyov “göy-ağ-mavilər”in 2-ci komandasının yaxşı tanıdığı məşqçisi ilə məşğul oldu, ikitərəfli oyunlara çıxdı, formasını qorudu. İyun, iyul, avqust – zaman keçir, amma qapıçının gələcəyi ilə bağlı şayiələrdən başqa heç nə eşidilmirdi.

“Rubin”, ardından PAOK, sonra “Konyaspor” haqda danışdılar. Ancaq danışıqlar və ya tezliklə müqavilənin imzalanacağı haqda heç bir informasiya yox idi. Hansısa məqamda belə görünürdü ki, Andrey heç kimə lazım deyil. 31 yaşında. Almaniyanın böyük klubundakı iki mövsümdən sonra. Hansısa absurd reallığa çevrilirdi.

Ancaq avqustun ortalarında qapıçının taleyi müəyyənləşdi. Və “Qarabağ” onu özünə götürdü. Maraqlıdı ki, Azərbaycan klubu qışda da buna çalışırdı, hətta Almaniya klubuna rəsmi sorğu da göndərmişdi. Ancaq onda alınmadı. Almaniya dönəminin sonunda qapıçının sağlıq durumunda problem var idi. Məsələ bununla bitmədi. Yayı gözlədilər və keçid reallaşdı. Andrey son 10 ilin ən titullu Azərbaycan klubuna yollandı. İlk oyunlarda ehtiyatda qalaraq şansını gözlədi. Sentyabrın 21-dən bəri isə yalnız iki çempionat oyununu buraxıb.

Ümumilikdə 15 oyun keçirib, 14 qol buraxıb, 7 oyunda qapısını toxunulmaz saxlayıb.

“Qarabağ”ın payızdakı ən böyük uğuru Avropa Liqasında pley-offa çıxmaqdı. Klubun ölkə çempionatında liderlik edəcəyinə kimsənin şübhəsi yox idi – iddialı rəqiblər azdı. Ancaq “Bayer”, “Molde” və “Həkken”in olduğu qrupda 2-ci yeri tutmaq, Avropa Liqasında yaza qalmaq – belə şey heç vaxt olmamışdı. “Qarabağ” əvvəllər maksimum Konrans Liqasının pley-offunun 1-ci mərhələsində oynamış, bundan irəli getməmişdi. Əsasən qrupa vəsiqə qazanırlar və burda da mübarizəni dayandırırlar. İndi isə Avropa Liqasının pley-offundadılar. Növbəti rəqib “Braqa”dı. Yəni “Qarabağ”ın turnirin 1/8 finalında görünmək şansı heç də az deyil.

Andreyin turnirin qrup mərhələsini uzun müddət xatırlayacağı dəqiqdi. UEFA-nın hazırladığı statistikadan belə görünür ki, Andrey seyv sayına görə ilk “üçlük”dədi. O, 6 oyunda 23 seyv edib, iki oyunu “quru” keçirib. Lunyov seyv sayına görə yalnız “Aris”in braziliyalısı Vana Alveslə (30) “Rakuv”dan Vladan Kovaçeviçdən (27) geri qalır. Aydındı ki, bu fakt Andreyin gücündən daha çox “Qarabağ”ın müdafiəsinin inamsızlığını göstərir. Ancaq rusiyalının xidmətini də kiçiltmək olmaz. O, bütün statistik göstəricilərdə həqiqətən də ən yaxşılardan biri idi. Xüsusən də Lunyevin 6 qol buraxdığı “Bayer”lə oyunları yaddaşlardan silsək. Bundan başqa, o, yalnız üç qol buraxdı.

“Sofascore” portalı qrup mərhələsinə görə rusiyalıya “Qarabağ”ın oyunçuları arasında ən yüksək qiymətlərdən birini – 7,32 verdi. Ən uğurlu oyun kimi isə Lunyovun qapısında iki top gördüyü “Molde” ilə səfər oyunu göstərildi. Amma həmin oyunda 8 seyv etdi və komandasına vacib heç-heçə yolunda yardımçı oldu, məhz bu hesab “Qarabağ”ın Norveç klubu ilə fərqi qorumasına və 2-ci pillədə qalmasına imkan verdi.

Aydındı ki, Andrey cərimə zərbələrindən çox qol (6) buraxır. Əvəzində uzaq məsafələrdən zərbələr zamanı çox etibarlıdı, belə halların 90 faizində komandasını xilas edir. Kiperin tərəqqisi Rusiya yığmasında da diqqəti çəkib – o, Kuba ilə oyuna çağrılsa da, zədə üzündən qatıla bilməyib. Qapıçılar üzrə məşqçi Vitali Kafanov yaxınlarda “Metaratings”ə açıqlamasında Lunyovun “Qarabağ”ın uğurlarında xidmətinin böyük olduğunu deyib: “Bu uzunmüddətli zaman kəsiyində yüksək oyun səviyyəsinə görə onu təbrik etdim.

Leverkuzendən ayrılandan sonra Lunyova ustalığını, top-klubda iki il ərzində yiyələndiyi bacarığı göstərə biləcəyi komanda lazım idi. Bu, ilk növbədə avrokuboklarda oynayan klub olmalıydı. “Qarabağ” məhz həmin anda Andreyə lazım olan komanda idi. “Qarabağ” qarşıda duran vəzifələrin həlli üçün qapıçı tapdı. Bilirəm ki, həmin anda qapıçı üçün karyerasını davam etdirmək baxımından yaxşı variant seçən agent Anton Smirnov bu sövdələşmədə böyük rol oynadı. “Qarabağ” milli çempionatın və Avropa Liqasının praktiki bütün matçlarında həlledici xalları Andreyin köməyi ilə qazanıb. Onun klubu çempionatda bütün izləyicilərindən uzaqlaşıb, Avropa Liqasında isə növbəti mərhələyə adlayıb”.
Lunyov özü UEFA-nın statistikasına çox təvazökar yanaşıb və qeyd edib ki, ən vacib olan komandanın uğurlarıdı. İndi “Qarabağ” çempionatda aylıq yeni il fasiləsinə çıxıb. Yanvarın sonunda mübarizə bərpa olunacaq, fevralın ortalarında isə komanda “Braqa” ilə qarşılaşacaq. Rəqib Portuqaliya çempionatında 4-cü pillədə qərarlaşıb və favorit olacaq, ancaq belə oyunda iştirak Andrey üçün artıq uğurdu. Axı yayda çoxları onu hesabdan silməyə tələsirdi. Xüsusən də “Bayer”in ehtiyat oyunçular skamyasında keçirdiyi iki ildən və Peterburqda anlaşılmaz statusla çıxdığı uzun məşqlərdən sonra. Lunyov isə avrokubok səviyyəsinə döndü, hətta əsas heyətə! Və artıq daha statuslu klubların diqqətini cəlb edəcək. Ancaq “Qarabağ” da çətin ki onu buraxmaq istəyə.

ORXAN

Chosen
202
34
football-plus.az

10Sources