EN

Rəisi və Paşinyan nədən danışıb?

Bu yaxınlarda İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Üstəlik, bu telefon danışığının tonallığı bir qədər fərqli olub.

Qeyd olunub ki, Rəisi Paşinyana Qafqazın regiondan kənar ölkələrin rəqabət sahəsinə çevrilməsinə yol verməməyin vacib olduğu barədə xəbərdarlıq edib və Qafqazla əlaqədar məsələlərin region ölkələri tərəfindən xarici müdaxilədən kənarda həll edilməli olduğunu vurğulayıb.

İran prezidenti Qafqazı sülhün zəruri olduğu mühüm region adlandıraraq, ölkəsinin bu regionla bağlı xarici siyasətinin müəyyən olduğunu bildirib.

Bundan başqa, o, İranın bütün ölkələrin milli maraqları, suverenlik prinsipi və ərazi bütövlüyünə hörmət etməklə Qafqaz regionunda kommunikasiya və infrastruktur kanallarının açılması üzrə istənilən fəaliyyət və platformaları dəstəklədiyini, onları sülhün möhkəmləndirilməsi, qonşularının maraqlarının təmin olunması yolunda səmərəli addım kimi qiymətləndirdiyini qeyd edib.

Paşinyan isə öz növbəsində İran və Ermənistanın yüksək vəzifəli şəxsləri arasında təmasların davamını və artmasını hər iki ölkənin ikitərəfli əlaqələrin hərtərəfli inkişafı istiqamətində iradəsi olaraq səciyyələndirib.

Dialoqda vurğu Cənubi Qafqazda Qərbin Ermənistanda təsirini gücləndirən geosiyasi dəyişikliklərin fonunda İranla Ermənistan arasında mümkün gərginlikdən xəbər verir. Görünür, İran onun mövqeyinin nəzərə alınacağına və Ermənistanın Qərb ictimaiyyətinə deyil, daha çox regional tərəfdaşlara - bu halda İrana və Rusiyaya - yönələcəyinə ümid edir.

Ermənistanın Türkiyə və Azərbaycanla mənfi münasibətlərini, o cümlədən, Rusiya ilə yaranan problemləri nəzərə alsaq, Ermənistan Qərbin dəstəyini əldə etməyə çalışır ki, bu da İranın maraqlarına cavab vermir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
311
48
milli.az

10Sources