2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, MSK Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb. Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.
Nəşrdə Prezident seçkilərinin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib.
Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunub.
“Polis əməkdaşları üçün yaddaş kitabçası” Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.