EN

Mərhum generalın əmlaklarına həbs qoyulub – 15 milyonluq mənimsəmə

Xəbər verdiyimiz kimi, müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilir.

KONKRET.az-ın məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsində iş üzrə ilk baxış iclası keçirilib.

Proses prokurorun ittiham aktını elan etməsi ilə başlayıb. İttihamda deyilir ki, mərhum general F.Məmmədov iki nəfər şirkət rəsmisi – Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.

Müttəhim F.Məmmədovun oğlu hüququ varisi kimi tanınıb. O, ittihama münasibət bildirərkən atasının təqsirsiz olduğunu deyib. Hüquqi varis cinayət işinə xitam verilməsini xahiş edib.

Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə də həbs qoyulub.

Hazırda həbsdə olan digər təqsirləndirilənlər də ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.

Prosesin sonunda məhkəmə araşdırmasının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.

Chosen
109
49
konkret.az

10Sources