EN

"Əlilliyi olan insanların problemləri ilə məşğul olan ictimai təşkilatlarla əməkdaşlıq, tərəfdaşlıq əlaqələri inkişaf etsin deyə ictimai təşkilatları birləşdiririk"- QHT sədrindən MÜSAHİBƏ

“Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin sədri, əlillik məsələləri üzrə ekspert Aydın Xəlilov QHT.az-a müsahibə verib. QHT sədrinin təşkilatın fəaliyyəti, missiyası, məqsədi, nəaliyyəti ilə bağlı müsahibəsini diqqətinizə çatdırırıq.
- Salam Aydın müəllim. Sizdən müsahibə almaq istərdik. Ənənəvi sualımız mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?
 
- Salam Pərvanə xanım. Deməli, “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi 29 dekabr 2004-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Dövlət qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edərək, əlilliyi olan insanlara xidmət göstərməklə biz aşağıdakılara töhfə veririk:

əlillliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan fiziki və psixoloji maneələrin aradan qaldırılması;
əlilliyi olan şəxslərə və onların ailələrinə cəmiyyətdə tam şəkildə iştirak etmək üçün zəruri olan bacarıq və biliklərə yiyələnməkdə köməklik göstərmək;
əlillliyi olan şəxslərin ictimai təşkilatlarının səmərəliliyinin artırılması.

 
- Təşkilatınızın missiyası, məqsədləri, nəaliyyətləri nələrdir?
 
- Təşkilatın əsas məqsədi əlilliyi olan insanların iqtisadı inkişaf proseslərini dəstəkləmək və sosial problemlərinin həllinə kömək etməkdir. Onlar üçün bərabər imkanların təmin etməkdir.
Missiyamız:

Əlilliyi olan insanların ictimai həyatın bütün sahələrə tamamilə daxil olmasına nail olmaq və onların həyat səviyyəsinin yaxşılaşdırılması.
Cəmiyyətdə əlilliyi olan insanlara qarşı mövcud stereotiplərin və mənfi münasibətin dəyişdirilməsi;
Əlillərin ictimai təşkilatların işinin effektivliyini yüksəltmək;
İctimai həyatda tam hüquqlu iştirakı üçün və inklyüziv təhsilə və işədüzəldilməsinə müyəssər olamaq üçün lazım olan bilik və bacarıqları əldə edilməsində əlilliyi olan insanlara və onların ailələrə kömək etmək;
Əlilliyi olan insanlar üzləşən fiziki və psixoloji maneələri aradan qaldırmaq məqsədilə mütəxəssisləri, dövlət məmurları, valideynləri və cəmiyyətin digər üzvləri əlillik haqqında təlim keçirtmək.

“Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi bu gün Azərbaycanda əlilliyi olan insanların hüquqlarını müdafiə edən, onların məşğulluğu, sosiallaşması və həyat keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan aparıcı təşkilatlardan biridir. Təşkilatımızın nailiyyəti onun unikal olmasıdır. Təşkilatımızın unikallığı ondan ibarətdir ki, “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin əməkdaşları istənilən növ əlilliyi olan insanların maraqlarını təbliğ etmək və hüquqlarını qorumaq üçün çalışırlar. Biz böyük və kiçik layihələri əlaqələndirir, idarə edir və həyata keçiririk, mətbuat və qrant verənlərlə işləyirik, milli və beynəlxalq konfranslarda çıxış edirik. Eyni zamanda, “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin əməkdaşlarının əksəriyyəti əlilliyi olan şəxslərdir və əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin üzləşdiyi problemlərlə öz təcrübələrindən tanışdırlar. Biz heç vaxt uğurlarımızı gizlətmirik, təcrübəmizi digər təşkilatlarla bölüşürük ki, onlar bizim layihələrimizin nəticələrindən istifadə etsinlər və öz regionlarında oxşar proqramlar hazırlasınlar.
 
- Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?
 
- Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə bir sıra tədbirlər və layihələr nəzərdə tutulub. Artıq bəzi donorlarla müəyyən razılaşmalar var, bəzi detallar qalıb və müqavilələr imzalanmalıdır. Bu müqavilələr imzalanandan sonra mətbuatda daha ətraflı məlumatı mütləq dərc edəcəyik.
 
- Təşkilatınız hansı sahələrdə təşkilatçılıq göstərir?
 
- İnklüziv təhsil, əlilliyi olan insanların işədüzəldiləməsi, əlilliyi olan insanların idmana müyəssərliyin təşkili, əlilliyi olan insanların yaradıcılıq və incəsənətə müyəssərliyin təşkili, əlilliyin dərki mövzusunda maarifləndirmə, insan haqlarları haqqında təlimlər, məişət zorakılığı, hüquqi yardım, məlumat və təcrübə mübadiləsi, motivasiya və psixoloji məsləhətləşmə, sosial bacarıqlar, müstəqil həyat tərzi fəlsəfəsi, sağlam həyat tərzi, əlilliyi olan uşaqların psoxo- sosial reabilitasiya və abilitasiya xidmətləri, universal dizayn, dayanaqlı İnkişaf Məqsədləri və s. Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti ilə bağlı müasir reallıqlara əsaslanan strateji istiqamətlər və məqsədlər təşkilatımızın əsas missiyasına nail olmağa çalışır. Öz növbəsində, onlar müəyyən təşkilati prinsiplər üzərində qurulur. Biz əlilliyi olan insanlara sosial yanaşmanı, yəni hər bir insana həyatda öz yolunu seçmək üçün bərabər imkanların verilməsini müdafiə edirik. Bərabər imkanlar hər bir insana həyatın bütün sahələrinə: təhsilə, məşğulluğa, incəsənətə, idmana, cəmiyyətdə müstəqil fəal həyata çıxışı təmin edən şərtlərdir. Biz cəmiyyətin əlilliyi olan şəxslərə münasibətini dəyişir, xüsusiyyətlərindən asılı olmayaraq hər bir insanın şəxsiyyət kimi dəyərli olduğunu göstəririk. Əlilliyi olan şəxs böyük potensiala malikdir və öz nümunəsi ilə cəmiyyətin münasibətinə təsir göstərə bilir. Biz inanırıq ki, tərəfdaşlıqda təklikdən daha çox şeyə nail olmaq olar. Ona görə də biz ictimai təşkilatları birləşdiririk ki, Azərbaycanda əlilliyi olan insanların problemləri ilə məşğul olan ictimai təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq əlaqələri inkişaf etsin.
 
- Sonda təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atıldığını oxucularımıza məlumat verə bilərsiniz?
 
- Biz Azərbaycanda innovativ proqramlar və layihələr həyata keçiririk. Yalnız innovativ həllər vasitəsilə müxtəlif problemlərin həllinə yeni yanaşmalar tapa bilərik. Tərəfdaşlarımızla birlikdə biz yeni proqramları sınaqdan keçirir və ən yaxşı təcrübələri daha da geniş şəkildə yayırıq. Biz təcrübəmizi digər təşkilatlarla bölüşürük ki, onlar bizim layihələrimizin nəticələrindən istifadə etsinlər və öz regionlarında oxşar proqramlar hazırlasınlar. “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi əlilliyi olan böyüklərin işə düzəlməsinə, əlilliyi olan uşaq və yeniyetmələrin isə təhsil almağa yer tapmasına kömək edir, inklüziv təhsili dəstəkləyir və inkişaf etdirir, maarifləndirici treninqlər, seminarlar, festivallar keçirir, s əlilliyi olan yeniyetmələrin liderlik keyfiyyətlərinin inkişafı üçün layihələr həyata keçirir.
 
 
Pərvanə Fərhadqızı

Chosen
516
1
qht.az

2Sources