Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda ilk dəfə Mangifera indica L. Ontogenezin bütün mərhələlərində baş verən dəyişkənliklər, bitkilərin introduksiya şəraitində böyümə və inkişaf xüsusiyyətlərinin tədqiqi, həmçinin qapalı şəraitdə çiçəkləmə və meyvəvermə kimi reproduksiya xüsusiyyətlərinə dair tədqiqatlar aparılıb.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təbii şəraitindən gətirilib mədəni şəraitə introduksiya edilən bitkilər fərqli perspektivlik dərəcəsinə malik olurlar.
Altı illik Mangifera indica L. yetkinlik dövrünə qədəm qoyur, çiçək açmağa və meyvə verməyə başlayır. İl ərzində bitki bir neçə aktiv böyümə dövrünə malikdir. Böyümə prosesinin başlanması üçün torpağın temperaturu 17-20°C və havanın temperaturu 22-23°C olduqda, generativ orqanlar sürətlə formalaşır. Qapalı şəraitdə Mangifera indica L. fevral ayının III ongünlüyündən may ayının III ongünlüyünə kimi çiçəkləmə davam edir. Çiçəkləmənin davam etmə müddəti 90-95 gün olmuşdur. Torpağın daim rütubətli olması zəruridir. Birbaşa günəş şüaları düşən ərazilərdə və ya yarımkölgə sahələrdə daha yaxşı böyüyür. Havanın temperaturu və rütubət bitkilərin normal böyüməsini tam təmin edir (28- 30°C və 70-80%). Bu dövrdə olan boy artımı vegetasiya dövründə olan ümumi artımın 60-70%-ni təşkil edir. İyul ayının ortalarından avqust ayının ortalarına qədər havanın temperaturunun yüksək olması (36-38°C) bitkilərin inkişafını ləngidir. Avqust ayının ortalarından başlayaraq II böyümə müşahidə edilir və oktyabrın I və ya II ongünlüyünə qədər davam edir. Havanın temperaturu 12°C aşağı düşdükdə meyvələr əmələ gəlmir.
Mangifera indica L. növünün qapalı şəraitdə Q.Q.Kaper metodikasına əsasən çiçəkləmə və meyvəvermə 3 ballıq şkala ilə qiymətləndirilib. 2 balla-ortа dərəcədə çiçəkləmə və orta sayda meyvələr verən, məhsuldarlıq 30-40% qiymətləndirilib.
Tədqiq olunan Mangifera indica L. növünün həyatilik göstəriciləri üzrə ballar toplanmış, perspektivliyinə görə qimətləndirilmişdir. II qrupa daxil edilmiş Mangifera indica L. növü həyatilik göstəricilərinə görə 71-90 bal arasında qiymətləndirilmişdir. Mangifera indica L. dairəvi, sıx tacı olan, sürətlə böyüyən, nisbi soyuğa davamlı ağacdır.