EN

Qüdrət Həsənquliyevin seçki platforması açıqlandı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki platforması açıqlanıb.

Demokrat.az Qüdrət Həsənquliyevin seçki platformasını təqdim edir:

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) öz fəaliyyətində Azərbaycanın bütövlüyü, dövlət suverenliyi, fərdi azadlıq, parlament demokratiyası, qanunun aliliyi, vətəndaşların mülkiyyət hüquqlarının qorunması, ədalətli vergilərin tətbiqi, hakimiyyətin ümumxalq səsverməsi yolu ilə ötürülməsi, azad bazar iqtisadiyyatı, cəmiyyətin hüquqi-siyasi islahatlar yolu ilə irəli aparılması kimi demokratik təməl prinsipləri, eləcə də Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsini əsas götürür və təşviq edir. BAXCP ekstrimizmin, separatizmin, terrorizmin, avtoritarizmin, irqçiliyin və ayrı-seçkiliyin bütün formalarını rədd edir, ədalətli və inkluziv cəmiyyət, hüquqi dövlət quruculuğunu və demokratiyanın inkişafını özünün başlıca hədəfləri sayır.

BAXCP prezident seçkilərində uğur qazanacağı təqdirdə aşagıda yer alan istiqamətlərdə islahatların aparılmasını vəd edir:

Dövlət quruculuğu sahəsində:

Qarabağ üzərində dövlət suverenliyinin bərpası münasibətilə geniş amnistiya aktının qəbulu;
Erməni faşizmi üzərində qələbənin əldə olunmasında müstəsna xidmətləri olan İlham Əliyevin adının əbədiləşdirilməsi barədə qanunun qəbulu;
9 ay ərzində dövlət idarəetməsinin parlament respublikası modelini əsas götürən yeni Konstitusiyanın qəbulu;
2025-ci ilin fevralında yeni Konstitusiyaya uyğun olaraq proporsional seçki sistemi əsasında yeni parlament seçkilərinin keçirilməsi
Yeni Konstitusiyada ölkəmizin Şimali Azərbaycan Cümhuriyyəti adlandırılması;
Dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyətin bölünməsi (hakimiyyətin ayrı-ayrı qollarının bir-birinə nəzarət etməsi və balans yaratması) prinsipinə real məzmun verilməsi
Milli Məclisin Ali Məclis adlandırılması;
Çoxpartiyalı sistemin inkişafı üçün parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunmasının konstitusion əsasının yaradılması və hər bir partiyaya və ya partiyalar blokuna Ali Məclisə keçirilən seçkilərdə topladığı səsdən asılı olmayaraq yerlərin 2/3- dən artığına sahib olmanın qadağan edilməsi;
Yeni Konstitusiyaya uyğun olaraq yeni seçki məcəlləsinin qəbulu;
Bürokratik aparatın müstəqil siyasi qüvvə kimi siyasi sistemdə çıxış etməsinə, o cümlədən siyasi vəzifələrə kadrlar seçməsinə son qoyulması
Parlamentdə 5 il müddətinə seçiləcək prezidentə məhdud səlahiyyətli “seremonial şəxs” status verilməsi, icra hakimiyyətinin başında Baş Nazirin dayanması;
Baş Nazirin namizədliyinin parlament seçkilərində qalib gələn siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi və Ali Məclisdə seçilməsi
Dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması və dövlət aparatını çevik və yığcam etmək üçün məmurların sayının 1/3-dək azaldılması;
Millət vəkillərinin 4 il müddətinə seçilməsi, onların sayının 151 nəfərə çatdırılması;
Ali Məclisin Daxili Nizamnaməsində parlament fraksiyalarına idarəetmədə geniş yer verilməsinin nəzərdə tutulması, fraksiya nümayəndələrinin parlament sədrinin müavinləri, eləcə də komitə sədrləri və müavinləri səviyyəsində təmsil olunmaları;
Yerli rəy sorğuları keçirmədən insanların normal həyatını pozan şəhərdaxili kütləvi mədəni və idman tədbirlərinin keçirilməsinin qadağan olunması, o cümlədən, Bakı sakinləri arasında Formula -1 yarışları ilə əlaqədar rəy sorğusunun keçirilməsi;
Hesablama Palatası sədrinin və auditorlarının yarıdan çoxunun parlamentdə müxalifəti təmsil edən siyasi partiyaların təqdim etdiyi namizədlər sırasından seçilməsi
Büdcə və büdcəyə nəzarət komitəsinin yaradılması, adıçəkilən qurumun sədrinin və üzvlərinin yarıdan çoxunun Ali Məclisdə müxalifəti təmsil edən siyasi partityalar və siyasi partiyalar bloklarının təmsilçiləri sırasından seçilməsi;
Dövlətin idarəetmə xərclərini azaltmaq, regionların inkişafına nail olmaq, yerli hakimiyyət orqanlarının formalaşdırılmasında xalqın iştirakını təmin etmək üçün ölkədə mövcud olan rayonlar ləğv edilərək onların yerində inzibati ərazi vahidi kimi 15 regionun yaradılması;
Regionun 25, yaxud 31 nəfərdən ibarət məclislərinin, məclisdə isə regionun rəhbərinin seçməsi;
Hər yaşayış məntəqəsinin öz bələdiyyəsinin olması;
Naxçıvan MR -də yerli əhalinin “nazirlər və məmurlar ordu”sundan xilas ediməsi, dövlət idarəetmə xərclərinin əhəmiyyətli səviyyədə azaldılması, Naxçıvanın muxtar dövlət statusunun ləğv edilməsi və muxtar ərazi kimi 15-ci region statusunun verilməsi (Qeyd: Naxçıvanın muxtar respulika statusunun saxlanılmasının tərəfdarları Moskva və Qars müqavilələrinə istinad edirlər (Həmin müqavilələrdə Naxçıvanın muxtar ərazi kimi Azərbaycanın tərkibində olması nəzərdə tutulur, respublika, vilayət, yaxud mahal kimi yox);
Naxçıvanın azad iqtisadi zona elan olunması
Hakimiyyətin hədsiz mərkəzləşməsinə son qoyulması, mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda səlahiyyətlərinin ciddi şəkildə məhdudlaşdırılması və regionlara geniş özünüidarə səlahiyyətlərinin verilməsi
Konstitusiyaya nəzarət məqsədilə Baş Nazir tərəfindən regionlar üzrə valilərin (səlahiyyətli nümayndələrin) təyin olunması;
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dövlət hakimiyyət orqanlarında təmsil olunmayan, 50%-i parlamentdə müxalifəti təmsil edən siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən müstəqil şəxslərdən təşkil edilməsi;
Dövlət hakimiyyət orqanlarında siyasi vəzifə daşıyan, dövlət idarə, müəssiə və təşkilatlarında vəzifə tutan və vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayətin törədilməsində iştirak edən şəxslərin əməllərinin korrupsiya cinayətləri hesab olunması
Vergi ödəyicilərinin ödədiyi illik verginin həcminin ictimaiyyət üçün açıq olması;
Dövlət satınalmalarında şəffaflığın artırılması üçün əlavə hüquqi mexanizmilərin yaradılması;
Prezidentin, Baş Nazirin, deputatların və hakimlərin vəzifədən kənarlaşdırılmasının (vəzifə səlahiyyətlərinə xitam verilməsinin ) yalnız ağır cinayət törətdikdə və bu barədə Ali Məhkəmənin rəyi olduqda mümkün olması və həmin şəxslərin hamısı üçün vəzifədən kənarlaşdırmanın eyni prosedur qaydalarının tətbiq olunması;
Məhkəmə sistemində islahatların davam etdirilməsi, vətəndaşları və sahibkarları məmur özbaşınalığından qoruya bilən, mülkiyyət toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyətinin formalaşdırılması;
Andlı iclasçılar institutunun tətbiqi, hakimlərin ömürlük seçilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi, hakimlərin sayının 2 il ərazində Avropa standartlarına çatdırılması (Qeyd: Avropada hər 100 min nəfərə 20 hakim düşürsə bizdə bu rəqəm 6-dır);
Konstitusiya Məhkəməsinin ləğv olunması, qanunların izahının veriilməsi hüququnun qanunu qəbul edən orqana - Ali Məclisə, qanunların izahı ulə əlaqədar Ali Məclisə müraciət hüququnun qanunvericilik təşəbbüsü subyektlərinə verilməsi;
Vəkillərin sayının 2 il ərzində Avropa standartlarına çatdırılması (Qeyd: Avropada 100 min nəfərə 147 vəkil düşürsə, bizdə bu rəqəm 23-dür);
Sahibkarlara qarşılıqlı razılıq əsasında xarici arbitrajlara müraciət etmək hüququnun verilməsi;
İstisnasız olaraq birinci instansiya məhkəmələrində ən azı 5 il işləmiş hakimlərin Apellyasiya Məhkəmələrinin hakimi seçilə bilməsi, eyni qaydada ən azı 5 il Apellyasiya Məhkəməsinin hakimi işləmiş şəxsin Ali Məhkəmənin müvafiq kollegiyasına seçilmək hüququnun nəzərdə tutulması;
Azərbaycan Respublikasının vahid Dövlət İstintaq Komitəsinin yaradılması, Baş Prokuror və Ədliyyə naziri vəzifələrinin birləşdirilməsi, prokurorluğun ədliyyə nazirliyinin tərkibinə daxil edilməsi;
Böyük ictimai rezonans doğurmuş və cəmiyyət tərəfindən obyektiv araşdırılmasına şübhələr olan cinayət işlərinin istintaqının yenilənməsi və andlı iclasçıların iştirakı ilə məhkəmədə yenidən baxılması;
Yuxarıda qeyd olunan vəzifələri həyata keçirmək üçün yeni parlament seçkilərinə qədər milli birlik hökumətinin formalaşdırılması.
Ordu quruculuğu sahəsində:
Silahlı Qüvvələrə Parlament nəzarətinin təşkili, silah-sursatın alışı və satışında Ali Məclisin müvafiq komitəsinin razılığının əsas götürülməsi;
Peşəkar orduya və ordu quruculuğunda Türkiyə sisteminə keçidin 2 il ərzində həyata keçirilməsi, müdafiə nazirinin mülki şəxs olması;
18 yaşına çatmış oğlanların icbari qaydada və 18 yaşına çatmış qızların könüllülük əsasında 6 ay xidmət çəkməsi, oğlanların Silahlı Qüvvələrin hesabına pul ödəmələri qarşılığında bu vəzifələrini yerinə yetirməkdən azad olunması;
Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika, silah və sursatla təmin olunması istiqamətində işlərin davam etdirilməsi, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi;
Silahlı Qüvvələrin hərbçilərin əmək haqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;
Peşəkar hərbçilər üçün hərbi xidmət müddətinin 20 il nəzərdə tutulması , həmin müddətin başa çatması ilə ehtiyata gedən hərbçilərin dövlət hesabına mənzillə təmin olunması;
Xidmətdə olan hərbçilərin həyatının 170 min manat məbləğndə sığorta olunması;
Şəhid ailələrinə, xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş hərbçilərə və müharibə veteranlarına ödənilən pensiya və müavinətlərin həcminin ilkin mərhələdə ən azı iki dəfə artırılması;
İstedadlı gənclərin hərbi məktəblərə daxil olmasının stimullaşdırması.
Qarabağın bərpası, Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətində görüləcək işlər:
Ermənistanın ədalətli, beynəlxalq hüquqa əsaslanan sülhə məcbur edilməsi və bu ölkədən təzminat tələb olunması;
Ermənistan tərəfindən Zəngəzur üzərindən Naxçıvana və Türkiyəyə maneəsiz gediş-gəliş təmin olunmayana qədər Ermənistanla kommunikasiya xətlərinin açılmaması;
Ermənistanla sülh sazişi imzalanandan sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistana öz evlərinə qayıtmasına imkan yaradılacağı halda Qarabağda yaşamış ermənilərin qayıtmasına şərait yaradılması;
Gələcəkdə milli zəmində qarşıdurmaların baş verməməsi üçün ermənilərin Ermənistanda, azərbaycanlıların Azərbaycanda yaşaması istiqamətində Ermənistan və beynəlxalq tərəfdaşlarla danışıqların aparılması;
Ermənistanla dövlətlərarası sülh sazişi imzalandan sonra xalqların barışığı istiqamətində ciddi işlərin görülməsi;
İşğaldan azad olunmuş ərazilərə girişin məhdudlaşdırılmasının dərhal ləğv olunması;
Xankəndindən olan 16 min məcburi köçkünün və Qərbi Azərbaycandan olan, ağır şəraitdə yaşayan qaçqınların, onlar Ermənistana, vaxtilə zorla qovulduqları ata-baba yurdlarına qayıdanadək, qısa zaman kəsiyində
Xankəndində və ermənilərin köçüb getdiyi digər yaşayış məntəqələrində yerləşdirilməsi;
Kənd yerlərində yaşamış məcburi köçkünlərə özlərinə istədikləri formada, təsdiq olunmuş layihə əsasında evlər tikmək,həyatyanı təsərrüfat yaratmaq imkanının yaradılması,vəsaiti olmayanlara dövlət tərəfindən maliyyə yardımının göstərilməsi;
İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi kənd sakinlərinə pay torpaqlarının verilməsi;
Qarabağa investisiya yatıran sahibkarlara güzəştli kreditlər verilməsi, bu məqsədlə Dövlət Neft Fondunun vəsaitlərinin əhəmiyyətli hissəsinin yerli banklarda yerləşdirilməsi;
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın digər bölgələrindən olan insanlara ev almaq və tikmək hüququnun tanınması.
Vətəndaş cəmiyyəti quruculuğu sahəsində:
Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı vəziyyətə düşməməsi,xarici təzyiqlərə müqavimətinin artırılması, sosial-iqtisadi sahədə islahatların aparılması, iqtisadiyyatda azad bazar və ədalətli rəqabət mühitinin formalaşdırılması üçün ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı inam və etimadın əldə edilməsi;
İş dalınca xarici ölkələrə getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmiş soydaşlarımız Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmədiyi halda onların Azərbaycan Respublikasının vətəndaşlığı hüququnun saxlanılması, yaxud yenidən bu hüququ almaq istəyənlərə Azərbaycan Respublikası vətəndaşı pasportunun verilməsi;
Cənublu soydaşlarımızın ölkəmizə rahat gəlib-getməsi üçün İranla viza rejiminin aradan qaldırılması, sərhəd keçid məntəqələrnin sayının artırılması və keçidin sadələşdirilməsi;
Siyasi rəqabətin gücləndirilməsi məqsədilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsilə bağlı ədalətli bölgü mexanizmin işlənilib hazırlanması və tətbiqi;
Dövlətin informasiya təhlüksizliyinin təmin edilməsi üçün kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının və müstəqilliklərinin gücləndirilməsi;
Azərbaycan Dövlət Televiziyasının (AzTV) bazasında 24 saat ingilis və rus dillərində xəbər yayımlayan yeni teleradio şirkətlərinin yaradılması;
Vətəndaş cəmiyyəti quruculuğu prosesinin inkişaf etdirilməsi məqsədilə qeyri hökumət təşkilatlarının fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi.
Elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində:
Hər bir vətəndaşımıza öz intellektual potensialını və bacarığını reallaşdırmaq üçün münbit və bərabər şərait yaradılması;
Tam orta təhsilin icbari olması, repititorluğa son qoyulması üçün orta məktəbin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali və orta ixtisas məktəblərinə qəbulun həyata keçirilməsi;
Ölkədə ali təhsilli şəxslər iqtisadi fəal əhalinin 16.6%-ni təşkil edir ki, bu nəinki Avropada, hətta MDB-də sonuncu göstəricidir. Dünyada bu göstərici 30-40% arasında dəyişir. Yeni universitetlərin yaradılmasının stimullaşdırılması ilə 5 il ərzində vəziyyətin əhəmiyyətli səviyyədə dəyişdirilməsi;
Ali təhsil müəssiələrinin özəlləşdirilməsi;
Hər il ölkəmizdə təhsil alacaq Cənubi Azərbaycandan olan 1000 (min ) tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi;
Elmlər Akademiyasının ləğv edilməsi və onun bazasında özəl ali məktəblərin yaradılması;
Elmi işlərin müdafiəsi zamanı bürokratik əngəllərin aradan qaldırılması;
Gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsi;
Yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə hər il ən azı 500 tələbənin dövlət hesabına dünyanın aparıcı universitetlərinə göndərilməsi;
Dünyanın ilk sıralamada yer alan 200 nüfuzlu universitetini bitirən gənclərin imtahansız və müsabiqəsiz dövlət qulluğuna və büdcədən maliyyələşən idarə, müəssiə və təşkilatlara işə qəbulu;
Ali məktəblərinin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi, bu məqsədlə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsi;
Azərbaycan dilinin və ədəbiyyatının, tariximizin, musiqimizin, təsviri incəsənətimizin, eləcə də mədəniyyətimizin digər sahələrinin inkişafı və təbliği üçün müvafiq proqramların qəbulu və həyata keçirilməsi;
Xarici dillərin, xüsusilə də beynəlxalq dil olan ingilis dilinin öyrənilməsi üçün xüsusi dövlət proqramının qəbul edilməsi;
Məktəblərdə Türkiyə türkcəsinin tədrisi;
“Hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet” proqramının həyata keçirilməsi;
Təhsildə uzunmüddətli fasilələrə yol verməmək üçün orta təhsil müəssisələrində 2 tətilin nəzərdə tutulması, yay tətilinin 45 gün-iyulun 15-dən sentyabrın 1-dək, qış tətilinin isə 10 gün- dekabrın 30-dan yanvarın 10-dək müəyyənləşdirilməsi, buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi;
Orta məktəblərdə həftədə 5 günlük tədrisə keçilməsi. Məktəb tikintisini sürətləndirməklə, özəl məktəblərin tikintisini stimullaşdırmaqla 2 və 3 növbəli tədrisə son qoyulması;
Məktəb və idman kompleksləri inşa edən fiziki və hüquqi şəxslərə güzəştli qiymətlərlə dövlətin torpaq fondundan tikinti sahələrinin ayrılması və aşaği faizlə uzunmüddətli kreditlərin verilməsi;
Bədən tərbiyəsinə və idmana dövlət qayğısının daha da artırılması;
Hakimiyyət orqanlarında, dövlət idarə,müəssiə və təşkilatlarında vəzifə tutan şəxslərin idman federasiyalarına rəhbər seçilməsinin qadağan olunması
Büdcədən maliyyələşən işçilərinin əmək haqqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılması;
Əksər tibb müəssisərinin yalnız təyinati üzrə istifadə edilməsi şərtilə özəlləşdirilməsi;
Bütün növ xəstəlklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi;
Dövlət tibb müəssisələrinin ən müasir avadanliqlarla təmin olunması;
Quru sərhədlərinin dərhal açılması, sərhədyanı bölgələrdə yaşayan əhalinin qonşu ölkələrə rahat və ucuz səyahət etmək, müalicə olunmaq, alış-veriş etmək hüququnun bərpa olunması.
Din və vicdan azadlığı sahəsində:
Din və vicdan azadlığının tam təmin olunması,dini icmaların özlərinə lider seçmək hüququnun tanınması,onların qanunla qadağan olunmayan fəaliyyətinə dövlətin müdaxiləsinə yol verilməməsi.
Dinin siyasiləşdirilməsinin qarşısının alınması, dini fanatizmə və ekstrimizmə qarşı mübürizənin və dini maarifçiliyin gücləndirilməsi, cəmiyyətdə sosial ədalətin təmin edilməsi
Bütün dövlət idarə, müəssisə və təşkilatlarında dini fəaliyyətin qadağan olunması;
Ailə, milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində kompleks qərarların qəbulu.
İqtisadiyyat və sosial siyasət sahəsində:
Ciddi iqtisadi islahatların həyata keçirilməsi, bu məqsədlə xaricdən yüksək ixtisaslı məsləhətçilərin dəvət olunması;
Dövlətin nəzarət etdiyi iqtisadiyyatdan azad bazar iqtisadiyyatı modelinə keçidin təmin edilməsi;
Dövlətin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yol verilməməsi, iqtisadiyyatda yalnız tənzimləyici rol oynaması;
Sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılması, sahibkarlıq fəaliyyətinə əsassız, kənar müdaxilələrin tamamilə aradan qaldırılması, sahibkarların hüquqlarının qorunması;
Xidmət sahələrinin, Azərsu, Azəristilik, Azərişıq və Azərqaz səhmdar cəmiyyətlərinin bu sahədə böyük təcrübəyə malik özəl şirkətlərə uzunmüddətli idarəetməyə verilməsi,yaxud özəlləşdirilməsi
Dövlət müəssiələrinin özəlləşdirilməsi və ya uzunmüddətli idarəçiliyə verilməsi, inhisarçılığa son qoyulması
2027-ci ildən başlayaraq hər il Bakı şəhərində 10 yeni metro stansiyasının istifadəyə verilməsi, Bakı kəndlərinə, hava limanına və Sumqayıt şəhərinə tramvay xətlərinin çəkilməsi, bu məqsədlə xarici investorlarla danışıqlara başlanılması;
Bakı-Tbilisi-Ankara -İstanbul sürət qatarının tikintisi üçün Türkiyə ilə (maglev) dəmiryol xəttinin çəkilməsinə dair danışıqlara başlanılması;
Bütün qediyyatsız evlərin bir il ərzində sənədləşdirilməsi.Təhlükəli ərazilərdə yerləşən evlər üçün dövlət tərəfindən kompensasiya ödənilməsi;
Kənd təsərrüfatının inkişafına dövlət yardımının genişləndirilməsi, bu istiqamətdə şəffaflığın təmin edilməsi;
Mülkiyyətin toxunulmazlığının təmin olunması;
İqtisadiyyatın və dövlət büdcəsinin gəlirlərinin neft amilindən asılılığının azaldılması üçün məqsədyönlü proqramların qəbul edilməsi;
Tədricən sərbəst (üzən) məzənnəyə keçilməsi, xarici bankların Azərbaycana dəvət olunması;
Azərbaycanın bütün rayon və kəndlərinə təbii qaz verilməsinin təmin edilməsi;
Dövlət Neft Fondunun (NF) fəaliyyətində şəffaflığın, və fondun vəsaitlərindən səmərəli istifadənin təmin olunması;
NF-nin Müşahidə Şurasının tərkibinin yarısının parlamentdə təmsil olunan müxalifət partiyalarının təqdim etdiyi şəxslərdən təşkil olunması;
Ölkənin daxili siyasətinə xarici təsirlərin qarşısının alınması üçün, həmçinin inhisarçılığa yol verməmək məqsədilə Dövlət Neft Şirkətinin və AZAL-ın ən azı 3 hissəyə bölünərək özəlləşdirilməsi;
Sahibkarlarla məmurların təmasını minumuma endirmək üçün elektron əlaqə sisteminin inkişaf etdirilməsi;
Xarici investisiyaların qeyri-neft sektoruna cəlb olunması;
Gəlirlərin leqallaşdırılması barədə qanunun qəbul olunması;
Kölgə iqtisadiyyatına son qoymaq məqsədilə hər bir vətəndaşa qanunun qüvvəyə minməsindən keçən 6 ay ərzində öz gəlirlərinin və əmlaklarının mənşəyini göstərmədən onların məbləği barədə müvafiq dövlət qurumlarına məlumat vermək hüququnun tanınması;
Əmlakı və gəlirləri barədə hesabat verməyən vətəndaşların qanunla məsuliyyətə cəlb olunması;
Kənd rayonlarında istehsal və emal müəssisələrinə yatırılan investisiya geri götürülənədək həmin müəssiələrin vergilərdən tam azad edilməsi, növbəti 5 ildə isə 50%-dək vergi güzəştlərinin tətbiq olunması;
Turizmin inkişafına dair proqramların həyata keçirilməsi;
Ölkənin ərzaq təhlükəsizliyi üçün yerli istehsalın stimullaşdırılması, xaricdən idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi
Daxili bazarın və milli istehsalçıların mənafelərinin qorunması
Korrupsiya və rüşvətxorluğa qarşı ciddi və sistemli mübarizənin aparılması
Vergi intizamının gücləndirilməsi;
Kiçik sahibkarlar üçün 5 % gəlir vergisinin nəzərdə tutulması;
Dövlət qulluqçularının əmək haqlarının onların layiqli həyatını təmin edə biləcək səviyyəyə çatdirilması
Pensiyaların minimum həddinin orta aylıq əmək haqqının 80%-nə çatdırılması;
Qadınlar üçün pensiya yaşının 59-a, kişilər üçün 61-ə endirilməsi
Pensiya yaşına çatmış şəxslər vəfat etdikdə onların pensiya fondunda toplanmış vəsaitlərinin varislərinə verilməsi;
Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata keçirilməsi;
İpoteka kreditləşməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin artırılması;
Sosial müdafiəyə ehtiyacı olan müxtəlif təbəqələrə (qaçqın və köçkünlərə, evsiz insanlara,əlillərə, kimsəsiz uşaqlara və s.) dövlət qayğısının artırılması, uşaqlara “uşaqpulu” adlanan müavinətlərin verilməsi;
Əhalinin qaz, su və elektrik enerjisi ilə normal qaydada təmin edilməsi və onların qiymətlərinin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması;
15 yaşınadək uşaqlar üçün geyim əşyalarının və digər ləvazimatların, o cümlədən uşaq qidalarının vergidən və gömrük rüsumundan azad edilməsi, bu tip məhsulları istehsal edən müəsisələrə vergi güzəştlərinin müəyyən olunması.
Ekologiya sahəsində:
Ekologiya və ətraf mühitin qorunmasıyla bağlı xüsusi dövlət proqramı qəbul edilməsi və həyata keçirilməsi
Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün bütün diplomatik vasitələrdən istifadə edilməsi;
Bakı şəhərində standartlara uyğun gəlməyən yaşayış məskənlərinin sakinlərinin elan olunmuş müsabiqədə qalib gələn şirkətlər tərəfindən mənzillərlə təmin olunması, həmin ərazilərdə yaşayiş evlərinin, parkların, istirahət guşələrinin və yaşıllıq zolaqlarının salınması, sadalanan işləri həyata keçirən şirkətlərə güzəştli kreditlərin verilməsi;
Ölkənin müxtəlif bölgələrində məhv edilmiş meşələrin və yaşıllıq zolaqlarının bərpa edilməsi və yenilərinin salınması;
Dövlət Neft Şirkətinə məxsus olan istismarı dayandırımış neft quyularının yerləşdiyi ərazilərin təmizlənməsi və abadlaşdırılması;
Neftayırma zavodunun, ətraf mühiti zəhərləyən digər müəssisələrin Bakı şəhərinin mərkəzindən kənara çıxarılması.
Beynəlxalq əlaqələr və xarici siyasət sahəsində:
Azərbaycanın qonşu və region dövlətləri ilə bərabərhüquqlu münasibətlərinin qorunması və inkişaf etdirilməsi;
Qərbin siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinin təmin edilməsi;
Beynəlxalq (Ümumdünya Ticarət Təşkilatı) və regional iqtisadi təşkilatlara üzv olmaq;
Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları İttifaqı ideyasının genişləndirilməsi, bu ittifaqa keçmiş sovet respublikalarının və İranın daxil olamasının mümkünlüyünün təbliği;
Azərbaycan Respublikasının Rusiya Federasiyası, eləcə də Rusiyanın sərhədyanı subyektləri, o cümlədən türk respublikaları ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi, bu respublikalarda yaşayan xalqlarla dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi
Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi
İranla münasibətlərdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz dilləriində yazıb-oxumaq və mədəniyyətlərini inkişaf etdirmək hüququnun daim gündəmdə saxlanılması;
Azərbaycanın Türkiyə və digər türk dövlətləri, eləcə də türk toplum və qurumları ilə siyasi, hərbi, elmi, mədəni, iqtisadi əlaqələrinin genişləndirilməsi;
Türkiyə ilə ümumi bazara keçidlə bağlı danışıqlara başlanılması;
Chosen
582
50
demokrat.az

10Sources