EN

Gəncədə faciə qurbanları anılıb

Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimi şəhərin Şəhidlər xiyabanında təşkil olunub. 

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  general-mayor Vasif Kazımov, digər rəsmi şəxslər şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş  hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra Niyazi Bayramov və Vasif Kazımov "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilrib. Daha sonra din xadimi şəhidlərin ruhuna dualar oxuyub.

Mərasimdən sonra Niyazi Bayamov rəsmilərlə birgə Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovun, o cümlədən Vətən uğrunda canlarını fəda edən digər şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb.

Əlavə olaraq onu da qeyd edək ki, Gəncədəki Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub. Bununla yanaşı, şəhərin Ş.İ.Xətai prospektində yerləşən “20 Yanvar” abidəsi də ziyarət olunub.





Chosen
240
2
qafqazinfo.az

10Sources