EN

Depozitlərlə bağlı güzəştlərin hesablanmasına başlanıb

2024-cü il yanvarın 1-dən əmanətlərə iki halda vergi güzəşti tətbiq olunur. 

“Qafqazinfo” xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Eyni zamanda, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azad edilib.

Lakin bir neçə vətəndaş sayta müraciət edərək onlara məxsus depozitlərdən əldə olunan faizdən vergi çıxıldığını iddia edib. Onların bildirdiyinə görə, məsələ ilə əlaqədar depozit qoyduqları banka müraciət etdikdə Mərkəzi Bank tərəfindən bununla bağlı hər hansı məktubun daxil olmadığı deyilib.  

Şikayətlə bağlı Mərkəzi Banka müraciət olunub. Sorğuya belə cavab alınıb:

“Banklar haqqında” Qanuna əsasən, banklar cari fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həyata keçirməlidirlər. Məlumunuz olduğu kimi, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minib. Buna müvafiq olaraq banklar həmin tarixdən etibarən fiziki şəxslərin əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunmasını məcəlləyə uyğun həyata keçirməlidirlər”.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad olub və qeyd edilən bu müddət 2023-cü il 1 fevral tarixində bitib. Həmin tarixdən etibarən əmanətlər üzrə faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması həyata keçirilir.

Qanuna əsasən, fiziki şəxslərin əmanətləri üzrə faiz gəlirlərinin onlara məxsus olan kapital gəlirləri olması nəzərə alınmaqla, faiz gəlirlərinin milli və ya xarici valyutada olmasından asılı olmayaraq, banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu. Bu ildən isə sözügedən gəlirlərə yuxarıda qeyd etdiyimiz güzəştlər tətbiq olunur. 

Chosen
179
3
oxu.az

10Sources