EN

108 milyon dollarlıq əsər 100 ildən sonra tapıldı

Avstriyalı rəssam Qustav Klimtin 100 ildir itkin düşmüş tablosu Vyanada tapılıb.

Valyuta.az xəbər verir ki, bir müddət Avstriyada yəhudi Lizer ailəsinə aid olduğu bilinən Fraulin Lizerin portreti sonuncu dəfə 1925-ci ildə görülüb. 100 il sonra üzə çıxan rəsmin harada itdiyi məlum olmasa da, Klimtin məşhur əsərinin 1960-cı illərdən bəri indiki sahibinin yanında olduğu anlaşılırdı. Əsərin ortaya çıxmasını sensasiya kimi xarakterizə edən “İm Kinsky” hərrac evindən dünən verilən açıqlamada, “Bu nadir və bədii dəyərə malik rəsm onilliklər ərzində Avropa bazarında görünmür” - ifadələrinə yer verilib.

Açıqlamada, aprelin 24-də hərraca çıxarılacaq tablonun təxmini dəyərinin 54 milyon dollardan çox olduğu iddia edilib. Hərracdan əvvəl əsər Böyük Britaniya , İsveçrə, Almaniya və Honq Konq kimi yerlərdə sərgilənəcək. Rəsmin satışından əldə olunan gəlir əsərin hazırkı sahibi ilə Lizer ailəsinin varisləri arasında bölüşdürüləcək. Nasistlər tərəfindən müsadirə edilən sənət əsərləri "Vaşinqton prinsipləri" adlanan beynəlxalq müqaviləyə görə, qanuni sahiblərinə qaytarılır. 

Bu kontekstdə İkinci Dünya Müharibəsi illərində Vyananın zəngin sənayeçiləri arasında yer alan Adolf və Yustus Lizerin varislərinin də masadan pay alacağı gözlənilir. Əvvəllər 1917-ci ildə çəkilmiş rəsmdəki şəxsin Adolf Lizerin qızı olduğu düşünülürdü, lakin sonradan aparılan araşdırmalar bu şəxsin Yustusun qızı və ya həyat yoldaşı ola biləcəyi ehtimalını ortaya çıxardı.

Klimt rəsmi çəkdikdən bir il sonra ölüb və əsərini öz emalatxanasında imzasız qoyub. Əsərin fonundakı zəif qələm izlərini araşdıran ekspertlər Klimtin onun üzərində daha çox işləməyi planlaşdırdığını düşünür.  Klimtin əsərləri keçmişdə də yüksək qiymətə alıcı tapıb.

Nəhayət, avstriyalı rəssamın "Lady with a Fan” adlı əsəri ötən ilin iyununda 108 milyon dollara satılıb.

Elmir

Chosen
461
7
valyuta.az

10Sources