EN

ÇOX YAŞA, ELOĞLU - Elman Eldaroğlu yazır

ÇOX YAŞA, ELOĞLU!
Bu gün Yardımlı rayonuna üç istiqamətdən daxil olmaq mümkündür. Ya gərək Cəlilabadın ərazisindən rayonun “Ucarud” bölgəsindəki yuxarı kəndlərdən keçərək və ya Lənkaran yolundan ayrılıb, Lerikin daşlı-kəsəkli yolları ilə, “Pornayım” bölgəsindən, ya da ki, Masallı ərazisindən üzü “Sivdaş”a doğru irəliləməlisən. Nədənsə bu üç yoldan biri, Masallıdan rayona uzanan şose yolu daha rahat yol sayılıb. Yəni Yardımlıya yolu düşənlər, Masallı mənzərələrini seyr etməmiş, masallılarla ünsiyyətdə olmamış rayona getməzdilər. Hətta masallılar öz aralarında yardımlıları “dağlı” da adlandrırdılar. Sovetlər birliyi dağılandan sonra rayonlar arasında postlar qoyulanda da arada həmişə dostluq və mehribanlıq olub. Niyə söhbətimə bir az uzaqdan başladım? Qəhrəmanımın mənə nə qədər doğma olduğunu öncədən anlatmağım üçün. Darıxmayın, kim olduğunu söyləyəcəm. Amma icazə versəydiniz, əvvəlcə Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin onun haqqında söylədiklərindən başlayardım:
“Adını ilk dəfə məşhur "Bulaq" verilişində eşitmişdim. Onda yaşadığı Masallı rayonunda eşitdiyi-bildiyi folklor nümunələrini, el əhvalatlarını yazıb bu verilişə göndərirdi. Daha sonra onun barəsində bir yazıçı kimi rejissor dostum Rövşən Almuradlı mənə danışmışdı. Böyük rejissor hələ 20-25 il əvvəl onun "Azərnur" romanını oxuyub vəcdə gəlmişdi, "kino üçün əla dramaturji material var bu romanda, vəsait tapılsaydı əla film çəkərdim" demişdi. Onun sözü ilə "Azərnur"u ("Qanlı ocaq") tapıb oxumuşdum və insanın özündənkənar baş verən hadisələrin bilavasitə onun mənəvi dünyası ilə ruhi bağlılığını magik realizm üslubunda təsvir etmiş müəllifin ədəbi istedadını çox bəyənmişdim. Maraqlı hadisələrlə oxucunu cəlb edən bu romanda yazıçının bir obanın timsalında bəşəri əxlaq problemini qabartması onun bədii təfəkkürünün dərin qatlarından xəbər verirdi. Sonralar onun postmodernist üslubda yazdığı və ötən əsrin qaynar 90-ci illərində Bakıda, döyüş bölgələrində baş verən olaylardan bəhs edən "Qara sarmaşıq" romanını oxuyanda da eyni zövqü aldım. Əsərdə humanizmi təbliğ edən müəllif, siyasi intriqalardan əziyyət çəkən, haqsızlıqlara üsyan edərək öz haqqı uğrunda mübarizə aparan bir xalqın dolğun bədii obrazını yaratmağa nail olmuşdu.”
Elədir, düz tapdınız, söhbət yazıçı, jurnalist Nurəddin Ədiloğludan gedir. 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. Beş il Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. Ötən əsrin 90-cı illərində "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərində cənub bölgəsi üzrə müxbir işləyib. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2004-cü ildən Bakı şəhərində yaşayır. 2004-2008-ci illər "Mars" ədəbi-bədii jurnalında məsul redaktor, 2005-2008-ci illərdə "Qarabağa aparan yol" qəzetində baş redaktor müavini işləyib və eyni zamanda "Humanitar", "Yeni dirçəliş", "İki sahil" qəzetləri ilə əməkdaşlıq edib. Hazırda "Yurd" jurnalının redaksiya heyətinin üzvüdür. Otuzdan yuxarı kitabın müəllifidir...
Artıq iyirmi ildir ki, Bakıda məskunlaşıb, amma necə deyərlər, bir ayağı Masllıdadır. Doğma yurdu- Xırmandalını gəzib dolaşmaqdan mənəvi güc alır.
Deyir ki,- “Doğma kəndimizə tez-tez gedirəm. Hər dəfə ürəyim ya həyəcandan, ya da sevincdən quş kimi çırpınır. Dogma adamlarla, məktəb yoldaşlarımla, yaxın - uzaq qohumlarla görüşürəm. Əvvəlcə, adətim üzrə kənd qəbiristanlığına gedib valideynlərimin məzarlarını ziyarət edirəm. Kəndin içinə doğru irəlilədikcə uşaq vaxtı getdiyim yolları, çığırları xatırlayıram. Amma o vaxtkı xəndəkləri indi hündür dəmir və daş hasarlar əvəz edir. Yol-yolaqda darısqallıq yaradan bu hündür yaraşıqlı daş hasarlar və dəmir çəpərlər ÇİN SƏDDİ kimi uzanıb gedir. Qonşu-qonşunu belə görmür. Qonşu qonşunu görmürsə, yoldan ötən adamı neçə görə bilər? Elə bil hündür darvazalar, daş hasarlar, dəmir çəpərlər insani münasibətlərin üstünə də kölgə salıb. Yaxın qonşusunun maşın yolunu, hətta piyada yolunu kəsən adamlar nə ağsaqqal sayır, nə qarasaqqal...”
İnsanlar arasında yaranan bu soyuqluq onu çox narahat edir. Ah çəkərək gileylənib:
“Mənə ağır gələn budur ki, bəzən böyüklər nifrət bəslədiyi adamlar barədə gənc övladlarının, məktəbli nəvə-nəticələrinin yanında söhbət salırlar. Beləliklə də öz qəlbiərndəki kin-küdürəti “estafet” kimi onların yaddaşlarına köçürürlər. Söz-sözü çəkir, fikir-fikrə calanır. Ləziz xörəklər düzülmüş süfrə başında çənələr şaqqıldayır, ağızlar köpüklənir. Köhnə palanların içi tökülür. Gərək Əhmədi-Biqəm olasan ki, heç nəyi vecinə almayasan. Mən heç kəsin tərəfini saxlamadan BARIŞ yaratmaq missiyasını həm özümün, həm də bir-birinə qan qohumu olan adamların mənəvi rahatlığı üçün vacib sayıram. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Belə məqamda SUSMAQ qızıla yox, qəlbimin RƏFİNƏ yığılan DAŞA dönür. Daş ağır olsa da, getdikcə qəribə bir aləmə - çəkisizlik şəraitinə düşürəm. Və bu çəkisizliyin içində özüm özümə elə ya daş, ya quş olmağı arzulayıram. Kövrək duyğuların qanadında uşaqlıq çağlarımı xatırlayıram. O zaman hamı, nənəm demişkən, bir-birinə can deyib, can eşitdiyi dövrdə yaşayırdı. Heç kim, heç kimin toyuğuna kiş deməzdi. Küsənləri də ağsaqqallar, ağbirçəklər toyda, bayramda barışdırardılar. O rəhmətliklər milçəkdən FİL düzəltməyiblər, “Yağ dağıldı, palaz batdı” deyə hər sözün başına İP salmayıblar. Nə isə, əfsus ki, bizim cəmiyyətimizdə şirin arzular, xoş diləkər tarixin nə gedişatını, nə də məzmununu dəyişməyə qadir deyil...”- söyləyir.
Milli mənəvi dəyərlərə bağlı adamdır. Köhnə kişilərə xas olan xüsusiyyətləri çoxdur. Yalan danışmağı xoşlamır. Sözü vaxtında, yerində üzə deməyi bacarır. Mehribanlığı da öz yerində, heç vaxt kiminsə qəlbinə toxunmağa səy göstərmir. Çalışır ki, bütün məqamlarda səbrini, təmkinini, sadəliyini qoruyub saxlaya bilsin. Doğrudur, söhbətim boyu onun yaradıcılığı haqqında demək olar ki, heç bir söz demədim, axı bu barədə qələm dostları çox deyib, çox yazıblar. Məqsədim onu fevralın 1-də tamam olan yeni yaşı münasibətilə təbrik etmək, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulamaqdır...
Çox yaşa, eloğlu!
Elman Eldaroğlu,
jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Chosen
542
xalqcebhesi.az

1Sources