EN

SMDT: “Prezident seçkisində fəal iştirak üçün demokratik mühit yoxdur”

Təşkilat Azərbaycanın ATƏT-in tövsiyələrinə əməl etmədiyini deyir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 fevral növbədənkənar Prezident seçkisinin seçkiqabağı təşviqat mərhələsi üzrə müşahidələrə dair Aralıq Hesabatını yayıb.

Mərkəz hesabatın rəsmi xəbərlərə və sənədlərə, açıq mənbələr və qeydiyyatdan keçmiş müşahidəçilərdən toplanan məlumatlara əsaslandığını bildirib.

SMDT hesab edir ki, prezident seçkisinin vaxtından 14 ay öncəyə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının bu prosesə fəal şəkildə cəlb olunmasını çətinləşdirib: "Növbədənkənar Prezident seçkisinin keçirilməsi barədə sərəncamda tutarlı siyasi ehtiyaclar göstərilməyib və cəmiyyətdə açıq ictimai müzakirələr aparılmadan verilib”.

Mərkəz qeyd edir ki, 7 fevral növbədənkənar Prezident seçkisi sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyələrini öyrənmək və icra etmək üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməyib.

"Növbədənkənar seçki ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb. Bununla yanaşı seçki öncəsi siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb”, – deyə SMTD təəssüflə bildirib.

SMDT hesab edib ki, növbədənkənar Prezident seçkisi ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb: "2020-ci il parlament seçkilərindən ötən müddətdə yerli və beynəlxalq seçki müşahidə təşkilatlarının seçki təcrübəsinin təkmilləşdirilməsi yönündə tövsiyyələri icra olunmayıb; Avropa İnsan Hüquqları Məhkəməsinin siyasi motivli həbslər, azad mühakimə hüququ və seçki hüququnun pozulması ilə bağlı qərarları Avropa Şurası Nazirlər Komitəsinin israrlı tələblərinə baxmayaraq, icra olunmayıb; Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosu ekspertlərinin verdiyi tövsiyyələr əsasında Seçki Məcəlləsinin, "QHT-lər haqqında”, "Media haqqında” və "Siyasi partiyalar haqqında” qanunların təkmilləşməsi baş verməyib”.

"2020-ci il parlament seçkilərindən ötən müddət ərzində ölkədə siyasi durğunluq daha da dərinləşib, siyasi partiyaların sayı 2 dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar Prezident seçkisində fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb”, – deyə təşkilat vurğulayıb.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçki də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.
Chosen
231
50
arqument.az

10Sources