EN

Bakı Apellyasiya Məhkəməsində ilin yekunlarına həsr olunmuş iclası keçirilib

2024-cü il fevralın 2-də Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2023-cü ildəki fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair geniş tərkibdə iclası keçirilib.
İclası giriş sözü ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov 2023-cü ildə məhkəmə tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasını təmin etmək üçün metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakı ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlər keçirilib. 
Həmçinin 2023-cü ildə iş planına uyğun olaraq qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin  məlumatlarının dinləmələri keçirilib, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları, habelə Ali Məhkəmənin kollegiya sədrlərinin  Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının fəaliyyətinə dair rəyləri dinlənilib.
Bildirilib ki, 2023-cü il ərzində bütün icraatlar üzrə Bakı Apellyasiya Məhkəməsinə 23186 iş daxil olub, 17864 işə mаhiyyəti üzrə bаxılaraq yekun qərar qəbul edilib, 1972 iş üzrə mаhiyyətinə aid olmayan digər qərаrlar qəbul edilib. O cümlədən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə qərarlarından verilmiş apellyasiya müraciətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən baxılmış 2079 cinayət işindən 1300 iş üzrə məhkəmə qərarı qüvvəsində saxlanılıb, 197 iş üzrə məhkəmə qərarı ləğv olunub, 582 iş üzrə isə məhkəmə qərarı dəyişdirilib.
Ötən dövr ərzində Mülki kollegiya tərəfindən baxılmış 5953 işdən 3752 iş üzrə məhkəmə aktı qüvvəsində saxlanılıb, 1866 iş üzrə məhkəmə aktı ləğv olunub, 335 iş üzrə məhkəmə aktı dəyişdirilib.
Bakı İnzibati Məhkəməsinin qərarlarından verilmiş apellyasiya şikayətlərinə əsasən İnzibati kollegiya tərəfindən baxılmış 3254 işdən 2521 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb,  697 iş üzrə məhkəmə aktı ləğv olunub, 36 iş üzrə məhkəmə aktı dəyişdirilib. 
Kommersiya kollegiyası tərəfindən baxılmış 897 işdən 598 iş üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 254 iş üzrə məhkəmə aktı ləğv olunub, 45 iş üzrə məhkəmə aktı dəyişdirilib.
İclasda, həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusi vurğulanıb.

Chosen
189
xalqqazeti.az

1Sources