EN

Bütün regionun inkişafını təmin edən yeni düstur - ŞƏRH

Peşəkarlığın, o cümlədən siyasi peşəkarlığın əsas göstəriciləri atılan addımların qətiyyətliliyi, qəbul olunan qərarların davamlılığı, habelə onların ardıcıllığıdır. Təəssüflə deyə bilərik ki, radikal müxalifətçilik bütün dövrlərdə peşəkarlıq məfhumundan çox uzaq dayanıb. Çünki onların fəaliyyəti istisnasız olaraq yalnız qərəzli tənqiddən ibarətdir. Radikal təfəkkür zahirən görünən aqressivliklə yanaşı, hər zaman məsuliyyət hissindən məhrum olub. Bizi artıq təəccübləndirmir ki, ötən illər ərzində radikallar konkret problemlərin həlli və ya konkret sahələrin inkişafı ilə bağlı ünvanlı təkliflər paketini bir dəfə də olsun ictimaiyyətin açıq müzakirəsinə təqdim etməyib. Müasir ictimai münasibətlərdə heç nə etmədən və məsuliyyət daşımadan tənqid etmək kimi hallar artıq adiləşib.Azərbaycandakı radikal müxalifətin faciəsi isə ikiqatdır. Bu bəla-siyasətçilərin peşəkar kadr resursu yoxdur ki, hər hansı intellektual məhsul hazırlasın və cəmiyyətə təqdim etsin. Elə buna görə də onların özfəaliyyət yaradıcılığı yalnız amorf demaqogiya ilə məhdudlaşır. Bəzən analoji mənzərə məişət və iş yerlərində də müşayiət olunur. İş fəaliyyəti və karyerasını yalnız həmkarlarının tənqidi üzərində qurmuş şəxslər çalışdıqları yerdə heç bir zaman sabit və sağlam iş mühitinin bərqərar olunmasını istəməzlər.Bu fikirlər politoloq Asif Adilin “Bütün regionun inkişafını təmin edən yeni düstur" sərlövhəli məqaləsində yer alıb. “İki sahil” məqaləni təqdim edir.Eyni sosial-psixoloji qanunauyğunluq beynəlxalq münasibətlər müstəvisində də tətbiq olunur. Birmənalı olaraq deyə bilərik ki, dünyada gərginlik durmadan artır və bunun əsas səbəbkarlarından biri məhz beynəlxalq təşkilatlardır. Artıq hamını bezdirmiş və diplomatik ritorikanın mənasız banallığına çevrilmiş “ikili standartlar siyasəti” söz birləşməsi beynəlxalq təşkilatların fəaliyyətini xarakterizə edən əsas ifadəyə çevrilib. Sözügedən ifadə siyasətçilər tərəfindən bütün şərhlərdə “fonoqram” kimi istifadə olunur. İfadənin arxasında yaşanan faciələr isə “pərdə”nin arxasındaca qalmaqda davam edir.Bu arada beynəlxalq təşkilatların ikili yanaşmasına otuz il səbir etmiş Azərbaycanın Qələbəsi və Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində regionda mahiyyət etibarilə titanik dəyişikliklər baş verir. İstisna olunmur ki, radikalların bütün qərəzli və emosional demaqogiyasının məqsədi məhz elə baş verən tarixi hadisələrin - uğurların mahiyyətinin ucuzlaşdırılmasıdır.Etiraf etməliyik ki, ucuz demaqogiyanın sosial şəbəkələrdə müəyyən mənada “populyarlığı”, habelə publisist analitikanın qıtlığı səbəbindən ölkənin siyasi ritorikası, yumşaq desək, durğunluq dövrünü yaşayır. Bəsit musiqilər cəmiyyətdə kütləvi zövqsüzlüyün formalaşmasına səbəb olduğu kimi, peşəkarlıq və obyektivlikdən uzaq olan qərəzli demaqogiya da əhalinin ictimai şüurunda yanlış stereotiplərin formalaşmasının əsas səbəblərindəndir. Bu, kifayət qədər təhlükəli tendensiyadır. İnsanları klassik musiqidən zövq almağa məcbur etmək mümkünsüz olduğu kimi, zamanla emosional demaqogiyanı da obyektiv, peşəkar və rasional siyasətdən ayırd etmək çətin olur.Ölkəmizin təşəbbüsləri və birbaşa iştirakı sayəsində regionda dinamik dəyişikliklər baş verməkdədir. Dəyişiklərin mahiyyəti sözün əsl mənasında tarixi əhəmiyyətə malikdir. Hadisələrin dinamikası, məzmunu və strateji əhəmiyyəti aparılan informasiya siyasətində kəmiyyətdən keyfiyyətə keçməsini tələb edir. Müasir dövrün xüsusiyyətləri təbliğat işində informasiyanın sadəcə tirajlanması ilə məhdudlaşmamasını tələb edir. İnformasiyaların həm də mütləq olaraq cəmiyyət tərəfindən rahatlıqla və doğru şəkildə “həzm” olunacaq səviyyədə təqdim olunmasına diqqət yetirilməlidir.Qeyd olunan konteksti inkişaf etdirərək cəmi bir epizoda diqqət yetirək. Prezident İlham Əliyev cari il oktyabrın 8-də Gürcüstana işgüzar səfəri zamanı Tbilisidə mətbuata bəyanatında toxunduğu məsələlər və səsləndirdiyi mesajlar bilavasitə ölkəmiz tərəfindən reallaşdırılan böyük siyasətin sözün əsl mənasında təcəssümüdür. Dövlət başçısının həyata keçirdiyi bu siyasət ölkəmizin hər bir vətəndaşının qürur mənbəyi və fəxr hisslərinin səbəbi olmalıdır. Qalib ölkə olan Azərbaycan dövləti və xalqı regiona sülh gətirmiş və bütün bölgənin dayanıqlı inkişafını təmin edəcək yeni təşəbbüslərlə çıxış edir. Bu gün Prezident İlham Əliyevin siyasəti məhz bu cür yanaşma ilə bu kontekstdə xarakterizə edilə bilər. Belə ki, Prezident İlham Əliyevin bəyanatında yer alan “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb” fikri regionun bütün dövlətlərinə yönəlmiş açıq sülh və barış mesajıdır. Razılaşın ki, qalib olmuş tərəfin sülh və barış mesajının çəkisi və dəyəri tamamilə fərqlidir. Göstərilən kontent mütləq gənc nəslin vətənpərvərlik və özünəinam ruhunda formalaşdırma prosesinin ayrılmaz ideoloji parçası olmalıdır.Prezident İlham Əliyevin həmin çıxışındakı daha bir əlamətdar fikrə diqqət yetirək: “İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”. Beləliklə, Prezident İlham Əliyev dolayısı ilə ona işarə edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olanlar regionun inkişafını istəməyən ölkələrdir. Burada hər hansı üçüncü ölkənin Azərbaycana və ya Ermənistana olan fərdi münasibətindən söhbət gedə bilməz. Sülhə maneə yaradanlar regionun ümumiyyətlə inkişafını istəməyənlərdir.Prezident İlham Əliyev əslində bütün regionun dayanıqlı inkişafını təmin edə biləcək vacib məqamlara işarə etməklə, eyni zamanda, yeni geosiyasi düsturu beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmiş olur: “Regionda yerləşən ölkələrin balanslaşdırılmış inkişafı bütün regionun dayanıqlı inkişafının təminatıdır”. Bu, olduqca ədalətli, məsuliyyətli və əsl demokratik yanaşmanın təzahürüdür. Azərbaycan Prezidentinin bu cür yanaşması və sülh haqqındakı təsəvvürləri bütün qərəzli tənqidləri heçə endirir.

Chosen
390
48
ikisahil.az

10Sources