EN

Mövlud Süleymanlı Şamaxıda dəfn olunub

Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.




Mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün Şamaxının Cümə məscidində Xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq.
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının “Əllərim” adlı ilk şeiri 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabları vardır. M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
Bir müddət əvvəl insult keçirən M.Süleymanlı fevralın 21-də vəfat edib./Report

Chosen
594
1
yenigundem.az

2Sources