EN

Yeni dövrün ideoloji əsasları və təhlükəsizlik çağırışları - “Azərbaycan sivilizasiyası”

 İlyas HüseynovSosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloqPrezident İlham Əliyev Milli Məclisdə inaqurasiya mərasimində çıxışı zamanı proqram xarakterli nitqi ilə qarşıdakı dövrdə mühüm hədəfləri və prioritetləri müəyyənləşdirdi. Cənab Prezident İlham Əliyev ölkəmizin təhlükəsizliyinin qorunması, yeni geosiyasi reallıqlar müstəvisində sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı, ideoloji risklər mövzusuna da toxundu. İdeoloji risklərə qarşı preventiv tədbirlərin görülməsi hər bir dövlət qarşısında milli təhlükəsizliyin ən mühüm istiqamətlərindən hesab olunur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Hazırda dünyada gedən proseslər də göstərir ki, ideoloji risklər heç bir sərhəd tanımır. Digər tərəfdən, ideoloji təxtibatlarının qarşısının alınması ilə bərabər, möhkəm siyasi-hüquqi əsaslara söykənən yeni milli ideologiyanın formalaşması mühüm əhəmiyyət kəsb edir.Yeni milli ideya axtarışında...


Torpaqlarımızın azadlığı, ərazi bütövlüyünün, suverenliyin və Konstitusion quruluşun təmin olunmasından sonra ölkəmizin qarşısında yeni prioritetlər meydana gəldi. Daxili və xarici siyasətdə ideoloji norma və prinsiplərin yenilənməsinə və yeni milli prioritetlərə ehtiyac hiss olunmaqdadır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ölkəmizdə birliyin, həmrəyliyin möhkəmləməsinə, dilindən, etnik-milli mənsbiyyətindən, irqi, dini kimliyindən asılı olmayaraq, hər kəsin dövlət və dövlətçilik naminə birləşməsinə gətirib çıxardı. Zaman göstərdi ki, azərbaycançılıq ideologiyası ən uğurlu inkişaf modeli kimi ölkəmizə qarşı çirkin planlar həyata keçirən qüvvələrin arzusunu ürəyində qoydu. Vətən müharibəsində Ermənistan parlamentində ölkəmizdəki etnik azlıqlara təsir etməklə ölkəmizi daxildən sarsıtmaq və milli davamızdan diqqəti yayındırmağa yönəlmiş çağırışlar və cəhdlər edilsə də uğursuz oldu. Çünki Azərbaycan ötən əsrin 90-cı illərində yaşamır o dövrün hərc-mərcliyindən, xaos və anarxiyadan yaxşı dərs çıxarmış və güclü ideoloji sistem, milli birlik zirehi formalaşdırmışdı. Valdaydan Münhenə doğru keçilən uğurlu yolCənab Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bəyan etməsi və “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı xalqımızın vahid ideya ətrafında birləşməsinə xidmət etdi. Dünyanın tanınmış siyasətçilərinin, beyin mərkəzi rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda diplomatik-siyasi müstəvidə qələbənin qazanılması və Azərbaycan həqiqətlərinin bəyan olunması böyük qələbələr üçün zəmin hazırlayırdı. Ardınca 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə regiondakı problemlərlə bağlı panel müzakirələri zamanı Liderimiz böyük diplomatik ustalıq və siyasi səriştə nümayiş etdirdi. Ermənistanın baş naziri Nikol Paşinyan “Böyük Tiqran”dan, öz müqəddəratını təyinetmədən (Self-determination) və həmin dövrdə olan status-kvodan danışsa da, Prezident İlham Əliyev əsaslandırılmış mövqeyi, tutarlı arqumentləri və tarixi, siyasi, hüquqi prizmada dəqiq və konkret fikirləri ilə dünyanın gözü qarşısında, canlı yayımda qarşı tərəfi növbəti dəfə intellektual müharibədə məğlub etdi. 2024-cü ilin fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü artıq yeni geosiyasi reallıqlarda keçirildi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının, yeni təhlükəsizlik arxitekturasının və bu istiqamətdə yeni paradiqmaların, enerji və nəqliyyat-kommunikasiya sahələri ilə yanaşı, geniş spektr üzrə əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı kimi çıxış edir.Davamlı və dayanıqlı inkişafa nail olmaq üçün hansı yeni ideoloji narrativlər müəyyən edilməlidir?Hər bir güclü dövlətin qarşıdakı 30, 50 və hətta 100 ili əhatə edən ideoloji konsepsiyası və onun reallaşması mexanizləri ilə bağlı müəyyən alətləri olur. Vətən savaşında qalib gələn güclü Azərbaycanın qarşıdakı 100 ilə hesablanmış ideoloji, diplomatik-siyasi, iqtisadi və hərbi-təhlükəsizlik baxışları sistemi olmalıdır. ABŞ, Rusiya və qardaş Türkiyənin ideoloji və təhlükəsizlik yanaşmalarına nəzər salaq: ABŞ  nümunəsi və ya “Vesternizasiya”Qeyd edək ki, 12 oktyabr 2022-ci ildə ABŞ-ın xarici siyasətinin və hərbi inkişafının əsas prioritetlərini və məqsədlərini müəyyən edən yeni milli təhlükəsizlik strategiyasını qəbul edilib. Burada Rusiya və Çin yeni müdafiə strategiyasında rəqib kimi göstərilir. Strategiyada deyilir ki, Birləşmiş Ştatlar iki strateji problemlə üzləşib: Soyuq Müharibədən sonrakı super güc rəqabəti və iqlim dəyişikliyindən qlobal sağlamlıq problemlərinə qədər dəyişən transmilli problemlər mövcuddur. Sənəd yeni bir qarışıqlıq dövrdə ABŞ dəyərlərini və maraqlarını açıq şəkildə ifadə edir və onları qorumaq və tanıtmaq üçün bir strategiya təklif edir. Çinin çağırışlarını və Rusiyanın təhdidlərini əvvəlki strategiyalarda olduğu kimi qarışdırmadan həll edir. Milli təhlükəsizlik strategiyası bu çağırışlara ABŞ-ın təkbaşına öhdəsindən gələ bilməyəcəyi artan transmilli təhdidlər kontekstində baxır (National security strategy // October 2022, https://www.whitehouse.gov/wp-content/uploads/2022/10/Biden-Harris-Administrations-National-Security-Strategy-10.2022.pdf). 2022-ci il Milli Təhlükəsizlik Strategiyası üç istiqaməti əhatə edir:
Amerikanın milli gücünün mənbələrinə sərmayə qoymaq.Kollektiv təsiri gücləndirmək üçün xalqların geniş koalisiyasını səfərbər etmək.Texnologiyadan tutmuş kiberməkana, ticarət və iqtisadiyyata qədər XXI əsr iqtisadiyyatının inkişafı qaydalarının formalaşdırılması.Göründüyü kimi, ABŞ strateqləri öz iqtisadi-ticari imkanlarını, kollektiv təsiri gücləndirmək üçün sərmayələrini xalqların geniş koalisiyasını səfərbər etməyə və müasir texnologiyaları da bu işə cəlb etməyə düşünürlər. Hamımıza məlum olduğu kimi, son illər ən çox müzakirə olunan mövzu qloballaşma fenomeni idi. İnternetin və müasir texnologiyaların yaratdığı imkanların tərəfdarları olduğu kimi, ona qarşı çıxan böyük toplumlar da mövcud idi. Əslində bu, çox ciddi və qaçılmaz bir prosesdir. Bizim istəyimizdən asılı olmayaraq, bu proses gedir. Bu prosesi bəzən “Vesternizasiya” (“Qərbləşmə”), “Amerikanlaşma” da adlandırırlar. Əlbəttə, bu bir faktdır ki, Amerika həmin prosesin başında durur. Yerdə qalan dünya onunla hesablaşmalı olur. Mobil telefonlar, sosial şəbəkələr də daxil olmaqla, datalarla qlobal idarəçilik prosesi həyata keçirilir. Burada nə etmək lazımdır? Bu yanaşmanı qəbul etməyən güc mərkəzləri məhz buna görə birləşir, koaliyasa qurur, yeni dünya nizamı yaratmağa çalışır və çoxqütblü dünyaya keçid prosesi müharibələrlə, qaçqın problemi ilə, dağıntılarla, fəlakətlərlə, ağrı-acılarla müşahidə olunur...Rusiya nümunəsi və ya yenilənmiş “Russkiy mir”Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyası 31 mart 2023-cü ildə Rusiya Federasiyasının Prezidenti V.V. Putin tərəfindən təsdiq edilmişdir. Yeni Konsepsiya strateji planlaşdırma sənədidir və Rusiya Federasiyasının xarici siyasət sahəsində milli maraqlarına, Rusiya Federasiyasının xarici siyasətinin əsas prinsiplərinə, strateji hədəflərinə, əsas vəzifələri və prioritet istiqamətlərinə dair baxışlar sistemini əks etdirir. Konsepsiyada qeyd olunur ki, Qərbin qeyri-dost hərəkətlərinə cavab olaraq Rusiya özünün mövcud olmaq və azad inkişaf hüququnu bütün mümkün vasitələrlə müdafiə etmək niyyətindədir. Rusiya Federasiyası öz yaradıcı enerjisini xarici siyasətinin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından aydın perspektivləri olan coğrafi vektorlarına cəmləyəcəkdir. Rusiya özünü Qərbin düşməni hesab etmir, ondan təcrid etmir, ona qarşı düşmənçilik niyyəti yoxdur və ümid edir ki, gələcəkdə Qərb ictimaiyyətinə mənsub dövlətlər öz qarşıdurma siyasətinin və hegemon ambisiyalarının mənasızlığını dərk edəcəklər, çoxqütblü dünyanın mürəkkəb reallıqlarını nəzərə alacaqlar və suveren bərabərlik və bir-birinin maraqlarına hörmət prinsiplərini rəhbər tutaraq Rusiya ilə praqmatik qarşılıqlı fəaliyyətə qayıdacaqlar (Концепция внешней политики Российской Федерации (утверждена Президентом Российской Федерации В.В.Путиным 31 марта 2023 г.) // Министерство иностранных дел Российской Федерации URL: https://www.mid.ru/ru/detail-material-page/1860586/). Bu sənəd 2014-cü ildən bəri qarşıdurma şəraitində deyil, ABŞ və kollektiv Qərblə birbaşa, dolayısı ilə də olsa, qarşıdurma şəraitində dərc edilib. Qeyd edək ki, qarşıdurma sərt və uzunmüddətli olacaq və dünya düzənində dəyişikliklərə səbəb olacaq. Rusiyanın dövlət-sivilizasiyası kimi konsepsiyası tezisi prinsipial əhəmiyyət kəsb edir. Bu, sizin öz dünyagörüşünüz və dəyər sisteminiz, seçdiyiniz məqsədə aparan öz yolunuz, öz diliniz və anlayışlar üçün iddiadır. Rus sivilizasiyası mürəkkəb və sintetikdir, əslində sivilizasiyaların sivilizasiyasıdır. Eyni zamanda, yaxşı başa düşmək lazımdır ki, rus sivilizasiyasında dövlət mərkəzi rol oynayır: bu, dövlət sivilizasiyasıdır. Dövlət - daha doğrusu, güc - Rusiyanın bütün xalqlarını və geniş məkanlarını “saxlayır”, inkişaf üçün şərait yaradır, sivilizasiyalararası rəqabət şəraitində sivilizasiyanın dəyərlərini təbliğ edir. Yeni konsepsiyaya görə rus dövlət-sivilizasiyasını gücləndirmək bütün cəmiyyətin, bütün bölgələrin, bütün millətlərin və dinlərin nümayəndələrinin vəzifəsidir. Burada vətəndaşların azad və şüurlu fəaliyyətinə böyük tələbat var. Cəmiyyətin zəif tərəfi ondan ibarətdir ki, onun üzvləri hərəkətə keçmək üçün çox vaxt yuxarıdan əmr gözləyirlər. Təşəbbüskarlıq, hörmətli dialoq və məsuliyyət formalaşmaqda olan dünya nizamının mühüm sütunlarından biri olan ümumi dövlət-sivilizasiyamızın inkişafı üçün zəruri keyfiyyətlərdir .Yeni konsepsiyada qeyd olunur ki, yeni çağırışlar dövründə və Qərbin dünya hegemoniyasına can atdığı zamanda Rusiya bütünlükdə Qafqazda öz dayaqlarını möhkəmləndirməli və dəyərlər zəncirini formalaşdırmalıdır. “Rus dünyası” konsepsiyası hazırki trendlər üçün arxaik sayıla bilər və yeni sivilizasiya haqqında nəzəriyyələr yaradılması və burada Rusiyanın yeri və rolu daha güclü nəzərə çarpmalıdır. Türkiyə nümunəsi və Mavi Vətən Milli təhlükəsizlik anlayışı zamanla təhdidlərə, siyasi və hərbi proseslərə, texnologiyaya, risklərə və bu risklərin qavranılmasına görə dəyişmişdir. Dünyadakı bu dəyişikliklə Türkiyənin milli təhlükəsizlik anlayışındakı inkişaf və dəyişikliklərə uyğunlaşması, risk və təhdidlərə cavab verməsi üçün yeni anlayışlar qəbul edilib (Sami Özdemir, Türkiye’nin Değişen Ulusal Güvenlik Anlayışı: Cumhuriyeti’nin Kuruluşundan, Soğuk Savaş’ın Bitimine ULUTURKAD, 2023, Cilt 8, Sayı 1). Soyuq müharibənin başa çatması Türkiyəyə tam sülh gətirmədi, əksinə, Balkanlarda, Qafqazda, Yaxın Şərqdə və Şərqi Aralıq dənizində qeyri-sabitlik və münaqişələr Türkiyənin ənənəvi təhlükəsizlik problemlərini daha da artırdı. Türkiyənin ən mühüm daxili problemlərinin separatçı PKK və fundamentalist hərəkatlar olduğu, milli təhlükəsizliyə xarici təhdidlərin isə Yunanıstan və Suriyadan qaynaqlandığı düşünülür. 1990-cı illərdə Türkiyənin təhlükəsizliklə bağlı qərar qəbul edən şəxsləri daxili təhdidləri gündəmlərində ön plana çıxarsalar da, daxili və xarici aktorlar arasında artan əlaqələr Türkiyənin mülki və hərbi qurumlarını hərəkətə keçirdi. Bu səbəbdən Türkiyə çəkindirici gücünü artıraraq, yeni müttəfiqlik əlaqələri inkişaf etdirərək onları zərərsizləşdirməyə çalışdı.Soyuq müharibədən sonra imkanları və strateji əhatə dairəsi inkişaf edən Türkiyə təhlükəsizlik sahəsində də yeni genişlənmələr etdi. Bu dövrdə etnik mənsubiyyətin və mərkəzdənqaçma qüvvələrinin dünya siyasətinə təsirinin artması Türkiyədə suverenlik və xaricdə maraqların müdafiəsi məsələlərini gündəmə gətirdi. 2000-ci illərdə Türkiyənin qlobal, regional və ikitərəfli daxil olmaqla müxtəlif səviyyələrdə yaradılan təhlükəsizlik siyasəti, qlobal bir aktor və regional güc olmaq istəyi çərçivəsində formalaşdı. Bu kontekstdə beynəlxalq təşkilatlara üzvlük, fəal diplomatiya və ikitərəfli münasibətlərdə irəliləyiş yeni təhlükəsizlik siyasətinin mühüm elementlərinə çevrildi. Müəyyən müddət ərzində bu istiqamətdə yumşaq güc elementləri ön plana çıxsa da, ortamüddətli perspektivdə təhlükəsizlik sahəsində narahatlığın böyük ölçüdə coğrafi mövqedən qaynaqlandığı və ənənəvi çərçivədən kənara çıxa bilməyəcəyi başa düşüldü və buna uyğun siyasət yeridildi. Xüsusilə qonşularla münasibətlərdə ənənəvi təhlükəsizlik siyasətlərini və yumşaq güc elementlərini birlikdə qiymətləndirən bir siyasət hazırlamağa diqqət ayrıldı. Bu dövrdə ölkənin təhlükəsizlik təsəvvürlərinin dəyişməsində ictimai rəyin rolu və təsiri də artmışdır. Daxili və xarici təzyiqlərə görə Türkiyənin təhlükəsizlik diskurusu genişlənərək ictimaiyyəti və medianı da əhatə etdi. Bu məqamda təhlükəsizliklə bağlı rəsmi anlayış genişlənərək təkcə hərbi siyasətlə bağlı məsələləri deyil, həm də daha geniş iqtisadi və siyasi məsələləri əhatə etməyə başladı. Bu şəraitdə ölkənin birliyini və müdafiəsini təmin etməklə yanaşı, birgə müdafiə və böhranların idarə edilməsi əməliyyatlarında iştirak, kütləvi qırğın silahlarının yayılması, həyati resursların axınının kəsilməsi, böyük insan qruplarının nəzarətsiz hərəkətləri, kiber risklər, müharibə, tərksilah və terrorizmə dəstək, təxribat və cinayət kimi asimmetrik təhdidlərlə mübarizə və sosial-iqtisadi fərqliliklərin aradan qaldırılması kimi məsələlər 21-ci əsrin əvvəllərində Türkiyənin təhlükəsizlik siyasətinin konseptuallaşdırmasına gətirib çıxardı (Mustafa Aydın, Fulya Ereker, “Türkiye’de Güvenlik: Algı, Politika, Yapı”, Uluslararası İlişkiler, Cilt 11, Sayı 43 (Güz 2014), s. 127-156.).15 İyul çevriliş cəhdindən sonra prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində milli təhlükəsizlik mövzusunda yeni bir doktrina qəbul edən Türkiyə təhdidləri mənbəyində, ölkəyə daxil olmadan məhv etməyi hədəfə alaraq sərhəddən kənarda hərbi əməliyyatlar həyata keçirdi, müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair müqavilələr bağlayaraq, bazalar qurdu, yalnız bir yumşaq güc olmaqdan daha da irəliyə gedərək addım-addım öz bölgəsində hərbi gücə çevrildi. Türkiyə müdafiə sənayesinə qoyulan sərmayə ilə hərbi ehtiyaclarını ödəməklə yanaşı, əhəmiyyətli bir ixracatçı mövqeyinə nail oldu.Xüsusilə 15 İyul çevriliş cəhdindən sonra Türkiyənin milli təhlükəsizliyi və siyasət anlayışında ciddi dəyişikliklər oldu. Bu nöqtədə çevriliş cəhdi hadisəsinə gedən prosesdə Türkiyənin həm PKK, həm də DEAŞ terror təşkilatlarının hədəfinə çevrilməsi Suriya balansı ilə birlikdə şərh olunmuş və Türkiyə özünə yönəldilmiş təhdidləri öz mənbəyində məhv edilməsi üçün yeni təhlükəsizlik doktrinası qəbul edildi. Bu çərçivədə “Fərat qalxanı” əməliyyatına start verərək, Suriyanın daxilinə Azəzdən Cerablusa, cənub istiqamətində isə Bab şəhərini əhatə edəcək tərzdə geniş bir sahə DEAŞ və PKK-dan təmizlənərək təhlükəsiz bölgə yaradıldı.Türkiyə PKK terror təşkilatının Suriyada DEAŞ-la mübarizə görüntüsü arxasında ABŞ-ın öhdəçiliyilə bir terror dövləti qurma səylərini gördü və bunun qarşısını almaq üçün birbaşa addımlar atmağa başladı. “Fərat qalxanı” əməliyyatından sonra “Zeytun budağı” əməliyyatı ilə Afrin, “Sülh çeşməsi” əməliyyatilə isə Tel Abyad və Rasulayn kimi bölgələr Suriyada terrordan təmizləndi. Bu əməliyyatlara Türkiyə Silahlı Qüvvələrilə yanaşı Türkiyənin təlim keçdiyi suriyalı müxalifət qrupları da qatılmışdır. Türkiyə yenə İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirərək bölgədəki humanitar böhranın qarşısını almağa cəhd göstərmişdir. Türkiyə İraqın şimalında da sərhəddən kənarda əməliyyatlarını davam etdirir. Qətiyyətlilik əməliyyatı ilə bölgədəki PKK terror təşkilatının ünsürləri zərərsizləşdirilir. Bundan əlavə, Türkiyə kəşfiyyat idarəsinin vasitəsilə PKK-nın yüksək səviyyəli idarəçi kadrlarını İraq-Suriya ərazisi sahəsində zərərsizləşdirir. Türkiyə bütün bu hərbi əməliyyatlarda öz quru və hava nəqliyyat vasitələrində, xüsusən də öz müdafiə sənayesi tərəfindən istehsal edilən pilotsuz uçuş aparatlarından çox təsirli şəkildə istifadə etdi. Türkiyənin inkişaf edən hərbi mövcudluğu baxımından əhəmiyyətli dönüşü dostları sevindirir, düşmənləri məyus edir.Türkiyə İraq və Suriyada əməliyyatları davam etdirərkən, digər tərəfdən də Liviyadakı Milli Həmrəylik Hökuməti ilə hərbi müqavilələr bağlayaraq bu ölkədə əhəmiyyətli bir hərbi güc mövqeyi qazandı, Qətərdə hərbi bazalar qurdu, Somalidə əsl dövlət inşası işləri həyata keçirdi. Türkiyə yeni bir hərbi doktrina ilə artıq yumşaq bir gücə sahib olmaqdan çox yayındırıcı bir hərbi güc mövqeyindədir və daxili müdafiə sənayesi ilə silah sistemlərini istehsal və ixrac edə biləcək bir güc halına gəlmişdir (Can Acun, Türkiye'nin güvenlik doktrini // Siyasi, iqtisadi və ictimai araşdırma vəqfi SETA, 18.02.2024 https://www.trt.net.tr/azerbaycan/proqram/2020/05/29/turkiy-nin-t-hluk-sizlik-doktrinasi-1425701).Türkiyənin xarici siyasəti hər zaman dinamikliyi və qətiyyətliliyi ilə fərqlənib. Qardaş ölkə, təbii ki, zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib. Bununla bərabər, humanizm və bəşəri əxlaq prinsipləri heç vaxt arxa plana keçməyib. Son aylar Türkiyənin xarici siyasət kursunda müəyyən dəyişikliklər baş verir. Belə ki, rəsmi Ankara indi yaxın və uzaq dövlətlərlə kəskin rəqabətdən daha çox hərtərəfli əməkdaşlığa üstünlük verməyə çalışır.Türkiyə böyük dövlətçilik ənənələrinə malik dövlətdir. Regionda və dünyada baş verən proseslər, onların mümkün təsirləri diqqətlə araşdırılır və xarici siyasətin prioritetləri müəyyən edilir. Türkiyə hazırda qlobal siyasətə təsir göstərən bilən əsas aktorlardan birinə çevrilib (Murat Şengöz, Türkiye Cumhuriyeti’nin Ulusal Güvenlik Paradigması Üzerine Bir Değerlendirme, 30.06.2020 URL: https://dergipark.org.tr/en/download/article-file/1165047).Qardaş Türkiyənin regional və qlobal təhlükəsizlik strategiyasında “Mavi Vətən” anlayışını irəli sürməsi milli təhlükəsliklə bağlı təhdidlərin ölkənin xaricinə çıxarmaqla onun mübarizəsinə söykənir. Bir zamanlar ölkə daxilində terrorla mücadilə edən qardaş Türkiyə bu gün ölkə hüdudlarından xaricdə terroru məhv edir və birdəfəlik kökünü kəsir. Lozanna müqaviləsindən sonra Türkiyənin Mavi Vətən sularında hüquqlarının təmin edilməsində Türkiyə xarici siyasətinin beş uğurlu təşəbbüsü mühüm əhəmiyyət kəsb edir.
Bunlardan birincisi 1936-cı ildə qəbul olunmuş Montrödür. Montrö Türkiyənin suverenliyi altında Qara dənizə giriş-çıxışlara nəzarət edən müqavilə kimi tarixə düşdü. 1936-cı il Montrö müqaviləsi 1809-cu ildən sonra Türkiyənin suverenliyini gücləndirən ən əhatəli və uğurlu müqavilədir.İkincisi, Mustafa Kamal Atatürkün sağlığında 1937-ci ildə başlayan və 1939-cu ildə sona çatan Hatayın vətənə ilhaqıdır. Beləliklə, Türkiyə İsgəndərun körfəzini öz nəzarətinə alaraq Şərqi Aralıq dənizindəki varlığını gücləndirdi.Üçüncüsü, 1974-cü ildə Kiprdə türklərin köməyinə gələn türk əsgərləri İskəndərun körfəzindəki suverenlik sahəsindən yararlanaraq böyük qələbə qazandılar. Kipr Sülh Əməliyyatının nəticələrindən biri də Türkiyənin dəniz və hava suverenliyini qorumasının nə qədər əhəmiyyətli olmasıdır.Dördüncüsü, Türkiyə 1992-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılmasına öncülük etmişdir. Montrö müqaviləsi Qara dənizə giriş-çıxışlara nəzarəti Türkiyənin suverenliyinə buraxdığı halda, QDİƏT Türkiyənin Qara dənizdəki mavi vətəninin sərhədlərinin müəyyən edilməsi üçün əsas oldu. Beləliklə, Qara dəniz sahili ölkələri arasında eksklüziv iqtisadi zonalar (EİZ) müəyyən edildi və Türkiyə neft və təbii qaz kəşfiyyatı apararaq uğurlu nəticələr əldə etdi.Beşincisi, Şərqi Aralıq dənizi ilə bağlı Liviya ilə Türkiyə arasında 2019-cu ildə imzalanmış EİZ müqaviləsidir. Belə ki, Ankara Şərqi Aralıq dənizində Türkiyəni təcrid etməyə çalışan qüvvələrə rasional və real reaksiya verib və Cənubi Kipr Rum Administrasiyası və Yunanıstan ilə EİZ müqaviləsi imzalayan Misir və İsrail kimi ölkələr üçün daha sərfəli məkan açdı.Hazırkı reallıqlarda Talassokratiyaya (qədim, orta əsrlər və ya müasir dövrdə bütün iqtisadi, siyasi və mədəni həyatı torpaq ehtiyatlarının çatışmazlığı və ya xüsusi coğrafi yerləşmə səbəbindən bu və ya digər şəkildə dəniz, dənizçiliklə bağlı fəaliyyətə yönəlmiş dövlətin alt növüdür, naviqasiya və dəniz məkanlarına və/və ya sahilyanı rayonlara nəzarəti əks etdirir) böyük önəm verən qardaş Türkiyə hava, suda və quruda çevik və operativ məqsədlərə çatmaqla yanaşı, həm də uzunmüddətli strategiyalar formalaşdırır (Türkiye'nin yeni güvenlik doktrini: Savunma denizlerde başlar! // 05.10.2022 URL: https://m.haber7.com/guncel/haber/3265475-turkiyenin-yeni-guvenlik-doktrini-savunma-denizlerde-baslar). 2023-cü il prezident seçkilərindən sonra Türkiyə Cümhuriyyəti ikinci əsrə qədəm qoydu. Türkiyənin geosiyasi və təhlükəsizlik mühiti yüksək rəqabətli və məhdudlaşdırıcı olacaq və ikinci əsrdə Türkiyənin strateji istiqaməti ilə bağlı rəqabət aparan geosiyasi layihələr baş verəcək. 2023-cü il təkcə daxili siyasət baxımından deyil, həm də Türkiyənin regional və qlobal strateji oriyentasiyası baxımından ölkənin ikinci əsrinin başlanğıcı oldu. Bu nöqtədə seçkilər Türkiyənin geosiyasətini formalaşdıracaq ən dominant qüvvəyə çevrildi (Murat Yeşiltaş, Bilgehan Öztürk. Türkiye'nin Jeopolitik Görünümü: 2023'ün Ötesini Düşünmek, URL: https://kriterdergi.com/dis-politika/turkiyenin-jeopolitik-gorunumu-2023un-otesini-dusunmek). Türkiyə yeni əsrlə bağlı ideoloji, siyasi, təhlükəsizlik baxışlarını yenilədi. Haqqında bəhs etdiyimiz yenilənmələr, dəyişikliklər, konseptual yanaşmalar sistemi Azərbaycan üçün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyev 20 il ərzində Azərbaycana rəhbərlik etdikdən sonra torpaqlarımızın bütünlüyünü təmin edərək yeni eraya qədəm qoydu. Qələbə və Zəfər dövrünün terminalogiyası, baxışları, yanaşmaları və konsepsiyası da dəyişməlidir. Prezident İlham Əliyev yeni dövrdə türk dünyasına, türk ailəsinə, Türk Dövlətləri Təşkilatına və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. 2024-cü ilin fevralın 14-də Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı nitqində beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağımızı, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyəyimizi vurğuladı. “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” (İlham Əliyevin andiçmə mərasimi keçirilib // “President.az”, 14.02.2024 URL: https://president.az/az/articles/view/63979).Bu xüsusda qeyd edək ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə edərək iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin hər iki ölkə üçün böyük əhəmiyyətini bir daha vurğuladı. Azərbaycan və Türkiyə bir millət iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Prezident İlham Əliev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdən hesab olunur.Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi əlaqələrimizin möhkəmlənməsinə, regionumuzda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında müstəsna rolu vardır.Gənclərə xitab...Milli Məclisdə inaqurasiya zamanı Prezident İlham Əliyev gənclər siyasətinə dair çox mühüm vəzifələr müəyyənləşdirdi. “Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”. Təqdim etdiyimiz model: “Azərbaycan sivilizasiyası”Hər dövrün öz hökmü, diktəsi var. Azərbaycanın böyük mütəfəkkirlərinin XIX əsrin sonu - XX əsrin əvvələrində dediyi kimi, necə etmək lazımdır ki, Azərbaycan öz milli mənliyini, dinini, dilini, mədəniyyətini saxlasın, eyni zamanda, qloballaşma prosesindən kənarda qalmasın? Bu yolu da Heydər Əliyev doğru göstərmişdir. Onun çıxışlarında dəfələrlə bu məsələyə münasibət bildirilib və tarixin sınağından çıxıb.Hazırda bəşəriyyət inqilabi dəyişikliklər dövrünü yaşayır. Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra akademik çevrələrdə və ziyalılar arasında əsas müzakirə mövzusu milli ideologiya ilə bağlıdır. Qarabağ mövzusunun birdəflik bağlanması milli və uzunmüddətli strateji prioritetlərin müəyyən edilməsi üçün zəmin hazırlayıb. Qeyd edək ki, 2021-ci ilin 2 fevral tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olumuşdur (Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər // “President.az”, 02.02.2021 URL: https://president.az/az/articles/view/50474).Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.Qarşıdakı 7 il ərzində Milli Prioritetlərin reallaşması öz aktuallığını qoruyacaq. 1453-cü ildə Osmanlı hökmdarı II Mehmedin komandanlığında İstanbulun fəthini qardaş Türkiyə əsrlərdir yaşadır və qəhrəmanlıq salnaməsi kimi gənc nəslə aşılayır. Əldə etdiyimiz tarixi Zəfərin təbliği, onun əsrlər boyu yaşaması və daha da inkişaf etməsi üçün ideoloji inkişaf modelinin uğurlu şəkildə adlandırılmasına ehtiyac hiss olunur. Hər bir dövlətin siyasi-hüquqi, iqtisadi, hərbi, ideoloji, təhlükəsizlik əsaslarını özündə birləşdirən uğurlu konsepsiyaya ehtiyacı mövcuddur. Lakin burada tarixi keçmiş, regional reallıqlar, geosiyasi şərait, təbii ehtiyatlar, əhali və ərazinin imkanları da mühüm rol oynayır. Xoşbəxtlikdən imperiyalar quran dövlətçilik ənənələrimiz, güclü və dayanıqlı iqtisadiyyatımız, düşmənə qalib gələn güclü ordumuz, vətənpərvər gənclərimiz, mineral resurslarımız, gözəl təbiəti olan coğrafiyamız var. Güclü siyasi iradəyə malik, prisipial, qətiyyətli və təcrübəli Prezident İlham Əliyev bütün imkanları və resursları vaxtında və düzgün səfərbər etmək üzrə üstün qabiliyyətə və keyfiyyətlərə malikdir. Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” tezisini irəli sürərək bildirdi ki, Soyuq müharibədən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcək. S.Hantinqtonun sivilizasiya ilə bağlı düşüncələrini o qədər tənqid etdilər ki, bu gün sivilizasiya sözü işlədəndə auditoriyada müharibə, fəlakətlər ilə assosiasiya olunur və ancaq mənfi təsəvvürlər formalaşır. Lakin bizim əcdadlarımız böyük coğrafiyada tarix yazıblar, sivilizasiya formalaşdırıblar. Azərbaycan sivilizasiyasına sahib çıxmaq hər hansı dövlətə qarşı ərazi iddiasının irəli sürülməsi kimi anlaşılmamalıdır. Azərbaycan sivilizasiyası modelinin adı şərtidir. Təki digər uğurlu ideologiya və təhlükəsizlik baxışlarını özündə əks etdirən konsepsiya milli ideyalar məcmusunu özündə əks etdirsin, regional və qlobal miqyasda təhlükəsizlik təhdidlərinin aradan qaldırmasını təmin etsin, gənclərimizin mənfi təsirlərdən qorunmasına dəstək olsun, iqtisadi potensialı gücləndirsin, elmi-texniki tərəqqini və sənayeləşməni stimullaşdırsın!

Chosen
647
1
azpolitika.info

2Sources