EN

Xocalı Soyqırımı Memorialı barədə Prezidentə məlumat verilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Аnar Ələkbərov Prezident İlham Əliyevə Xocalı Soyqırımı Memorialı barədə məlumat verib.

525.az xəbər verir ki, Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq.

Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.

Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyası, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq.

Memorialda həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq.

Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.

Maarifləndirici materiallar, rəqəmsal məzmun vasitəsilə soyqırımı kimi faciələrin səbəbləri, nəticələri, qarşısının alınmasının zərurəti, cəmiyyətin insan haqlarına hörmət etməsinin vacibliyi diqqətə çatdırılacaq.






















Bizi İnstagramda izləyin

Chosen
680
4
525.az

5Sources