EN

İnsan ömrü boyu cəmi 3-5 qram yod istifadə edir

ATU-nun Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev son vaxtlar cəmiyyətdə yod preparatları ilə bağlı əsassız narahatlığın aktuallaşdığını nəzərə alaraq, özünün sosial şəbəkə hesabında bu məsələyə toxunub. Onun sözlərinə görə, bəzi həkimlər və nüfuz sahibi olan şəxslər sosial şəbəkələrdə yodun "min bir dərdin dərmanı" olduğunu iddia edir. Hətta hamiləlik zamanı ana sağlamlığı, dölün normal inkişafı, xüsusən ilkin uşaqlıq yaş dövründə zehni və nitq inkişafında yodun ən önəmli və zəruri vasitə olduğu söylənilir.Professor qeyd edib ki, bu qənaətin istinad nöqtələrindən biri ÜST-ün tövsiyə xarakterli statistik təhlilidir: "Məsələn, dünya əhalisinin 30%-dən çoxunun yod çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Gündəlik yoda olan tələbatdan 50 dəfə artıq yod qəbul edən yapon qadınları arasında döş vəzi xərçənginin digər ölkələrə nisbətən 3 dəfə az olması, insanların orta ömür müddətinin isə 82 il olduğu bildirilir və s".Amma elmi məntiqin bu söylənilənləri təsdiq etmədiyini deyən alim, yodun dəniz yosunları və neft buruğu sularından alındığını xatırladıb: "Yəni alınması böyük maddiyyat tələb etməyən, satışı isə böyük gəlirlər qazandıran sahədir. Odur ki, yodun təbliği hər şeydən əvvəl marketinq (bazar) maraqlarına xidmət edir.İnsan orqanizminin yoda təlabatına gəlincə, orta çəki vahidi kimi qəbul olunan 70 kq-lıq insan orqanizmində 60-dan artıq kimyəvi element var. Bədən kütləsinin 99%-dən çoxunu 6 element - oksigen, hidrogen, azot, karbon, каlsium, fosfor təşkil edir. Yod yerdə qalan 54 mikroelementdən (element yox) biridir. O həm də orqanizmin mövcudiyyəti üçün zəruri olan 22 mikroelement sırasına daxildir, 54-lük sıralanmada 20-ci yerdə durur.Orqanizmin gündəlik yoda ehtiyacı 150 mikroqramdan yüksək deyil. Hormonal disfunksiya yalnız bu miqdar 50 mkq-dan az olduğu halda meydana çıxır. Digər tərəfdən, hətta yod qəbuluna mütləq məhdudiyyət qoyulsa belə, qalxanabənzər vəzdə ehtiyat halında depolaşan yod 2 ay daxili tələbatı ödəmək üçün yetərlidir".M.Qəniyev qadınlarda hamiləlik zamanı yoda tələbatın artdığını (200 mikroqram və daha çox) diqqətə çatdıraraq bunun səbəbini də göstərib: "Dölün tələbatı ilə yanaşı, mübadilə proseslərinin intensivləşməsi və hormon balansının modulyasiyasının nəticəsi olaraq, xorionik qonadotropin tərəfindən qalxanabənzər vəz folikul hüceyrələrinin stimulyasiyası fonunda, vəzdə baş verən hipertrofiya yoda tələbatı artırır. Bu hal hamiləliyin ilk trimestrində baş verir. İkinci və üçüncü trimestrində hormonal aktivlikdə müşahidə olunan disbalans bərpa olunduğuna görə, trioid hormonların plazmadakı miqdarı azalır və yoda tələbat hamiləlikdən əvvəlki səviyyəyə düşür.Körpələrdə leksik təfəkkür və nitqin inkişafına gəlincə, bu 3-cü xromosomda yerləşən və şərti adı ROBO2 olan genin irsiyyətə bağlı substruktur fəallığından asılıdır. Bu prosesdə yodun birbaşa iştirakını təsdiq edən elmi məlumat yoxdur".ÜST-ün statistik təhlilinin nəticələrinə də aydınlıq gətirən farmakoloq vurğulayıb ki, bu hal, süni şəkildə yaradılan məhdudiyyətlər hesabına, təminatın tələbatı tam ödəyə bilməməsindən irəli gəlir. Çünki normal qidalanma və yaşam şərtlərində orqanizmin yoda olan gündəlik ehtiyacı tam şəkildə ödənilir. Belə ki, insan orqanizmi yodu su və qida məhsullarından qeyri-üzvü birləşmə - yodidlər halında, dənizə yaxın ərazilərdə isə aeroionlar şəklində dəniz havasından, yəni tənəffüslə alır. Bu baxımdan, Xəzər dənizinə çıxış rahat olarsa, əhali arasında yod çatışmazlığı heç vaxt müşahidə oluna bilməz.Daha sonra professor təmiz yodun çox toksiki maddə olmasını və yüksək miqdarın kəskin zəhərlənmə ilə nəticələnə biləcəyini vurğulayıb. Eyni zamanda yodun təbliği ilə məşğul olanları onun əlavə təsirləri haqqında da danışmağa dəvət edib: “Həqiqət budur ki, insan bütün ömrü boyu cəmi 3-5 qram yod istifadə edir və bu da cəmi 1 çay qaşığı tutumuna bərabərdir. Ona görə də yod haqqında deyilib-yazılanlara ciddi yanaşmağa ehtiyac yoxdur

Chosen
516
baku.news

1Sources