EN

Lavrov doğru deyir, yoxsa Miller – Qafqazı qarışdıran “əl”…

Moskva Vaşinqton və Brüsseli Cənubi Qafqazda sabitliyi pozmaqda ittiham edir, ABŞ isə əksini söyləyir; lakin Prezident uzaq Qərbin yox, yaxın Rusiyanın vasitəçiliyinə üstünlük verdi

ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono hazırda sülh prosesinə dəstəyi müzakirə etmək üçün regionda səfərdədir. “Turan”ın Vaşinqtondakı müxbirinin verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib. “Bu səfərlər zamanı cənab Bono əsas maraqlı tərəflərlə görüşür”, – deyə mənbə qeyd edib.

“Bono Bakı və İrəvandan sonra Parisdə və Brüsseldə olacaq” deyən Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi əlavə edib ki, bu, ABŞ rəsmisinin son bir ayda regiona ikinci səfəridir. Bono bölgədə səfərdə olarkən Rusiya xarici işlər naziri Sergey Lavrov “Qərbin sülh üçün deyil, öz siyasi ambisiyalarını dəstəkləmək üçün vasitəçilik xidmətlərini Ermənistana və Azərbaycana zorla qəbul etdirmək istədiyinə dair məqalə yazıb. Lavrov Rusiya XİN-in saytında dərc olunan məqaləsində qeyd edir ki, Vaşinqton və Brüssel Qarabağdakı vəziyyətə “müdaxilə edərək Cənubi Qafqazda sabitliyi pozur”. “İndi Brüssel öz geosiyasi ambisiyalarını düşünərək öz ”vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana yükləyir, Vaşinqtonla Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxarır. İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll edəndə dinc həyatın və etimadın möhkəmlənməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, – Lavrov yazıb.

image_660x441_651b1edb7428a.jpg

Lavrovun ittihamlarını “Turan”a şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller belə deyib: “Bu, tamamilə yalandır. Bizim Cənubi Qafqazda yeganə məqsədimiz sülhü və Ermənistan-Azərbaycan münasibətlərində sabitliyi təmin etmək və əlbəttə ki, Dağlıq Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarını nəzərə alınacağına və müdafiə olunacağına zəmanət verməkdir”. Və yenə də “Dağlıq Qarabağ əhalisi” söyləyən amerikalı məmur hələ də bilmir ki, belə bir inzibati quruluş və qövm yoxdur. Var Qarabağ və bir də var Qarabağın sakinləri… Sözsüz, bu ayrı problematikadır, hazırda mühüm olan Vaşinqton və Moskvanın mövqeləridir. Tərəflər açıq şəkildə yarışırlar. Bəs onların sülh danışıqlarında hazırkı mövqeyini necə dəyərləndirmək olar? Lavrov doğru deyir, yoxsa Miller?.. Ümumiyyətlə, Qafqazı “qarışdıran əl” hansıdır?

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev də vasitəçilik məsələsində seçimini açıq şəkildə bəyan edib. “Oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir: “Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi”.

Elxan

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu düşünür ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır və bu haqda fikirlərini bir neçə dəfə bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanın dövlət başçısı kimi tez-tez Gürcüstana səfər edir və qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır, ancaq Tiflisin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır. Halbuki haradan baxsaq, Gürcüstanın vasitəçiliyi həm Azərbaycana, həm də Ermənistana faydalıdır. Gələcək sülh sazişinin imzalanması üçün də Tiflis ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz”.

Ekspertin fikrincə, Kremldə sanki Qarabağla bağlı toplantı keçirilib və qərar verilib ki, Rusiya sülhməramlılarının bölgədən çıxarılması ləngidilsin: “Bu haqda əvvəlcə Rusiyanın xarici işlər nazirinin müavini RBK televiziya kanalına müsahibəsində işarə vurdu, bir gün sonra nazir Sergey Lavrovdan oxşar açıqlama gəldi. “ABŞ və Avropa İttifaqının qeyri-sabitlik toxumları səpdiyi bir vaxtda Qarabağdakı Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın qurulmasına kömək etməyə hazırdır” – deyən Lavrov Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Brüsselin və Vaşinqtonun vasitəçiliyindən narahatlıqlarını gizlətmədiklərini bildirdi. Bu narahatlığın Qarabağdakı Rusiya hərbi kontingenti ilə nə əlaqəsi var? Rusiya hərbi kontingenti Qarabağdan çıxandan sonra ora heç bir ölkənin hərbi qüvvələri daxil olmayacaq, bu, Rusiyadan əvvəl Azərbaycanın maraqlarına cavab vermir. Buna baxmayaraq, Kreml hərbi kontingentini Azərbaycan ərazisində saxlamağa çalışır. Buna yol verə bilmərik”.

Asif

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtina edib: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Rusiyanın XİN rəhbərlərinin sammit çərçivəsində planlaşdırılan üçtərəfli görüşünə qatılmayacaq. Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçır. Bunun nə qədər mümkün olacağını proseslərin inkişafı göstərəcək, lakin mövcud situasiyada Bakı və İrəvanın danışıqlarında platformaların seçimi ilə bağlı problemin yarandığı görünür. Azərbaycan Fransanın rəhbərliyi ələ almaq istədiyi Qərb masasına getmək istəmir: bu masada kommunikasiyanın açılması və sərhədin delimitasiyasına yanaşma Bakının gündəliyinə uyğun deyil. Şarl Mişelin Brüssel formatına qayıtmaq təklifi qəbul edilsə belə, prinsipial məsələlərdə razılaşmanın əldə ediləcəyi gözləntisi azdır”.

Təhlilçinin dediyinə görə, Ermənistanın Rusiya masasına əyləşməsi kommunikasiya və sərhədin delimitasiyası məsələsində iddialarından əl çəkməsi ilə nəticələnə bilər, eyni zamanda bu, İrəvan üzərindən bölgəyə daxil olan Qərbin dəstəyindən də məhrum olmaq riski yaradır: “Bu situasiyanın mənfi tərəfi sülh sazişinin arxa plana keçməsi, esakalasiya riskinin artmasıdır. Hərçənd müsbət tərəfi də diqqətdən yayınmır: tərəflərin bir araya gəlməsində Qərb və Rusiya masası problemlidirsə, o zaman, üçüncü variant ön plana çıxacaq. Gürcüstan Bakı və İrəvanın danışıqları üçün yeni platformaya çevrilə bilər. Əliyevin Tiflis  səfəri və Gürcüstanda görüş təklifini irəli sürməsi də buna hesablanmışdı. Üçüncü tərəflərin – Qərb və Rusiyanın prosesdə iştirak etməməsi Tiflis platformasında Bakı və İrəvanın anlaşa bilməsi imkanlarını da artırır”.“Yeni Müsavat”

Chosen
318
1
ulusal.az

2Sources