Tanınmış Azərbaycan şairi, AYB-nin “Ulduz” ədəbi dərgisinin baş redaktoru Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı işıq üzü görüb.
“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
Yaxşı pəhrizi var iztirabların,
nə özüm kökəldim, nə kitablarım...
– deyən Qulu Ağsəsin yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir. Şairin yeni kitabında onun müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirlər yer alıb. Buna qədər oxucu rəğbətini qazanan, çağdaş poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer”, “Nabran novellası”, “Т.о.ч.к.и.” (rus dilində), “Вiтряна пошта” (Ukrayna dilində), “Dawn” (ingilis dilində), “Yorğun ağacam” (Təbriz) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da maraqla oxunur.
Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan–təbiət”, “insan–insan”, insan–Tanrı”, “insan–sevgi”, “insan–həyat”, insan–torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalaraq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış ola bilərlər.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
Ə.DOSTƏLİ XQ