EN

Ölkədə anemiya kəskin artıb - “Dövlәt sәviyyәsindә tәdbirlәr görülməlidir”

“Azərbaycanda aparılan sorğular və araşdırmalara əsasən, ümumi, reproduktiv yaşlı, hamilə, laktasiya dövründə olan qadınlar və 5 yaşadək uşaqlar arasında anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının keçənilki hesabatında dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlı uşağın anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilib: “Bundan әlavә, ekspertlәr hesab edirlәr ki, anemiyanın әhali arasında 40%-dәn çox yayılması artıq dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir. Müəyyən dövrlərdə tələbatın artması və artan qan itkisinə görə mikronutriyent çatışmazlığı, eləcə də anemiyanın xüsusilə yeniyetmə qızlar, reproduktiv yaşlı, hamilə və laktasiya dövründəki qadınlar, kiçik uşaqlar və körpələr kimi əhali qruplarında görülmə ehtimalı yüksəkdir”.

“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhali arasında 2000-ci ildə ilk dəfə anemiya diaqnozu qoyulmuş şəxslərin sayı 22 min nəfər olsa da, 2022-ci ildə həmin göstərici 46 min nəfər olub. Eləcə də tibb müəssisələrində anemiyaya görə qeydiyyatda olan şəxslərin sayı 2000-ci ildə 28 min nəfər olsa da, 2022-ci ildə həmin say 39 min nəfər olaraq qeydə alınıb. Dəmir çatışmazlığı anemiyanın ən çox bilinən səbəbidir və bu günə qədər anemiya ilə mübarizə üçün görülən tədbirlərin əksəriyyəti dəmir çatışmazlığının qarşısının alınması və müalicəsinə yönəlib”, - deyə AQTA sədri əlavə edib.

Zaur Mirzə

Chosen
630
1
qafqazinfo.az

2Sources