EN

Hamiləlikdə ikili test nə üçün verilməlidir? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva nazirliyin saytına müsahibə verib.Adalet.az müsahibəni təqdim edir.- Aynurə xanım, hamiləliyin sağlam başa vurulması üçün vacib olan məqamlar hansılardır?- Təbii ki, hər bir qadın hamiləlik dövrünü rahat və normal şəkildə başa vurmaq istəyir. Hamiləliyin sağlam başa vurulması üçün nəzərə alınmalı bir neçə məqamlar mövcuddur. İlk növbədə vaxtında həkim qəbuluna getmək mütləqdir. Antenatal qulluğun, yəni doğuşaqədər nəzarətin əsas məqsədi hamiləliyin sağlam sonlandırılması və dölün sağlamlığının qorunmasıdır. Hamiləliyin fizioloji gedişi haqqında məlumatlı olmaq və ona uyğun şəkildə müayinələrdən keçmək üçün qadın mütləq şəkildə həkim-ginekoloqun konsultasiyasına getməlidir.“Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə Kliniki Protokol”a əsasən, müraciət edən qadına həkim tərəfindən həftələrə uyğun olaraq gəliş günləri təyin edilməlidir. Eyni zamanda, analiz və müayinələr icra etdikdən sonra lazım gəldiyi təqdirdə müvafiq müalicə planı təyin olunmalıdır.- Hamiləlikdən öncə və hamiləlik zamanı fol turşusu hansı səbəbdən qəbul edilir?- Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı, hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv sistemlərin normal fəaliyyəti üçün zəruri olan bir maddədir. Bundan əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir borusunun formalaşmasında mühüm rol oynayır.Fol turşusu (Vitamin B9) uşaqda sinir sisteminin normal inkişafı üçün önəmli maddədir. Hamiləlikdən öncə və hamiləliyin ilk 12 həftəsinə qədər fol turşusunun qəbul edilməsi sinir sistemi ilə bağlı problemlərin rastgəlmə tezliyini 50-70%-ə qədər azaldır.Əgər hamilə qadının anamnezində sinir sisteminin qüsurları ilə dünyaya gəlmiş uşaq varsa, pasiyentin artıq çəki problemi mövcuddursa, fol turşusu çatışmazlığı ilə bağlı anemiya varsa istisna hallar kimi həkim mama-ginekoloq tərəfindən fol turşusunun miqdarı və dozası artırıla bilər.- Hamiləlikdə tonus hansı hallarda yaranır?- Demək olar ki, əksər hamilə qadınlar ultrasəs müayinəsi zamanı “uşaqlıq tonusdadır” kimi ifadə ilə qarşılaşır. Əslində belə diaqnoz mövcud deyil. Çünki uşaqlıq özü əzələvi orqandan təşkil olunub və hər bir əzələvi orqanın da funksiyası onun yığılıb-boşalma qabiliyyətinə malik olmasıdır.Təbii ki, hamiləlik zamanı uşaqlıq əzələsi stress, fiziki-emosional gərginlik kimi müəyyən faktorların təsirindən yığılıb-boşala bilər. Bu hal da hamilə qadında ağrı hissi yaradır və ana bətnində dölün yerini daraldır. Ağrını və bərkliyi azaltmaq üçün müəyyən spazmolitik təsirə malik dərmanlar, yəni əzələ boşaldan dərman preparatları təyin edilir.Bununla yanaşı, hamilə qadın çox ağrı hiss etmədiyi zaman yaranan tonusu azaltmaq üçün istənilən gərginlikdən uzaq olmalı, lazımi qədər istirahət etməli və bədənin bütün əzələlərini boşaltmağa çalışmalıdır.- Hamiləlikdə ikili test nə üçün verilməlidir?- Ana namizədi hamiləlik dövründə özündən daha çox körpəsinin sağlamlığını düşünür. Psixoloji cəhətdən dölün inkişafının normaya uyğun getdiyinə əmin olması qadını rahatlaşdırır.Ultrasəs müayinələrdən əlavə, bəzi laborator analizlər var ki, onların nəticəsində hamilə bətnindəki körpənin genetik quruluşunun, xromosomlarının normaya uyğun inkişafını öyrənə bilir. Belə testlərdən biri də məhz ikili testdir. Bu skrininq testidir və bir çox xromosom anomaliyalarının (Daun sindromu, Edvards sindromu və s) diaqnostikasının aparılması məqsədilə verilir.İkili tarama testi aparılmamışdan öncə hamiləyə USM icra edilir. Hamiləliyin 11-14-cü həftəsində aparılan ultrasəs müayinəsi vasitəsilə dölün ənsə qalınlığı, eyni zamanda boyun uzunluğu ölçülür və qeyd olunur.Əsas məsələ analizin USM olunan gün baş tutmalı olduğudur. Qadın USM nəticələri ilə birlikdə qan vermək üçün laboratoriyaya getməlidir. Qanda beta-HCG və РАРР-А adlandırılan zülal ölçülür. Ultrasəs müayinəsindən, qan testindən alınan nəticələr və hamilə qadın haqqında əldə edilən bəzi məlumatlar birlikdə qiymətləndirilir.- Təbii doğuş və qeysəriyyə ilə başa çatdırılan hamiləliklər arasında nə kimi fərqlər mövcuddur?- Uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal yolla başa çatdırılması qeysəriyyə kəsiyi adlanır. Əgər hamilənin anamnezində qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması mövcuddursa, doğuş yollarının anomaliyaları, dölün köndələn vəziyyəti, ağır ekstragenital xəstəliklər və s. kimi hallar, yaxud ağır preeklampsiya, eklampsiya kimi təcili hallar varsa, bu artıq qeysəriyyə kəsiyi üçün göstəriş hesab edilir. Bu zaman həkim tərəfindən ananın və körpənin sağlamlığının qorunması üçün hamiləliyin cərrahi yolla başa çatdırılması təyin olunur.Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir. Səhiyyə Nazirliyinin istifadəyə verdiyi “Burla Xatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldə etmək imkanı verir. “Burla Xatun” mobil tətbiqi vasitəsi ilə hamiləliyin gedişatını və körpənin inkişafını həftələr üzrə izləmək, doğuş tarixini hesablamaq, digər sağlamlıq göstəricilərini idarə etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları saxlamaq mümkündür.Mobil tətbiqini telefonunuzda İOS (https://apps.apple.com/ca/app/burla-xatun/id1540641777) və Android (https://play.google.com/store/apps/details?id=com.burlaxatun.app&hl=az) sistemləri vasitəsi ilə yükləmək olar.Ümumiyyətlə, hamilə qadın 9 ay boyunca psixoloji cəhətdən normal doğuşa özünü hazır hiss etməlidir. Bu prosesdə həkim mama-ginekoloqun rolu böyükdür. Hər bir həkim pasiyenti təbii doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu hamilələrə aşılamalıdır.Həkim mama-ginekoloqun əsas vəzifəsi ilk öncə ananın və körpənin sağlamlığının qorunmasını təmin etməkdir. Bütün hamilə qadınlara vaxtı-vaxtında konsultasiyalara getməsini, eyni zamanda öz həkiminin təyin etdiyi müayinə və müalicə planına düzgün əməl olunmasını tövsiyə edirəm.Bilmək vacibdir ki, sağlam ana gələcək körpənin sağlamlığının zəmanətidir. Sağlam həyat tərzinə aiddir sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən imtina (məsələn, siqaret çəkmə, spirtli içkilər, narkotik maddələr və s.).Hamiləlik dövründə qadın ana olmağa hazırlaşdığı zaman onun iş və ailə həyatının dinamikası, fizioloji və psixoloji ehtiyacları dəyişir. Hamiləliyin 40 həftəsi ərzində sağlam mühit və həyat tərzi dəyişikliklərə məruz qalan qadının optimal sağlamlığını təmin etmək üçün çox vacibdir.Yüksək keyfiyyətli antenatal qulluq (hamiləlik boyu peşəkar tibbi yardım) ana və yeni doğulmuş körpənin sağlamlığının monitorinqi üçün vacibdir.Hamiləlik dövründə və doğuşdan sonra sağlam olan qadınların sonrakı həyatlarında da sağlam qalma ehtimalı daha yüksəkdir.

Chosen
473
adalet.az

1Sources