Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib. Aparıcı müxalifət partiyası olan Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birlik Demokratik Partiyasının (VMRO-DPMNE) namizədi Qordana Silyanovska-Davkova prezident seçkisinin ikinci turunda seçicilərin 65,04% səsini qazanıb.
Bu barədə ölkənin Dövlət Seçki Komissiyası (DSK) məlumat verib.
Bildirilib ki, seçicilərin 29,25%-i "Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.
Dövlət Seçki Komissiyasının sədri Aleksandr Daştevski səsvermənin dinc və demokratik şəraitdə keçdiyini bildirib.
Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi çıxış edəcəyini bəyan edib.
Sosial-demokrat Pendarovski artıq məğlubiyyətini etiraf edib.
"Nəticələr aydındır, amma mənim vicdanım təmizdir. Nəticələrə əsasən, qalibləri təbrik etmək və onlara növbəti beş ildə uğurlu iş arzulamaq istəyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin birinci turunda Silyanovska-Davkova təxminən 40 faiz, Pendarovski isə 20 faizdən az səs toplamışdı.
Şimali Makedoniyada, eyni zamanda, parlament seçkisi də keçirilib. Parlament seçkisində də müxalifət - VMRO-DPMNE-nin rəhbərlik etdiyi "Sizin Makedoniya” koalisiyası qalib gəlir. Səsvermə bülletenlərinin 78,2 faizinin nəticələrinə görə, VMRO-DPMNE - 42,5 faiz, Makedoniya Sosial Demokrat İttifaqı (SDSM) isə 14,5 faiz səs toplayıb.
Bu gün ölkədə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlara başlanacağı gözlənilir. Nəticədə VMRO-DPMNE lideri Xristian Mitskoski baş nazir ola bilər.
Mənbə: Dw.com